Ermənistan Yaponiya deyil

Bu ölkədə istənilən təbiət hadisəsinin “Metsamor”a necə təsir edəcəyini söyləmək çətindir


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Yukia Amano İrəvana gedərək Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. 

Bu barədə "Sherg.az"a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məlumat verib. Analitik deyib ki, MAQATE rəhbəri Ermənistanda yalnız bir mövzudan danışa bilərdi. 

O mövzu da "Metsamor” atom elektrik stansiyasıdır: 

"Təsadüfi deyil ki, təşkilatın rəhbəri Paşinyanla görüşdə deyib ki, atom təhlükəsizliyi sahəsində təşkilatın Ermənistanla əməkdaşlığı vacibdir. MAQATE rəhbəri onu da əlavə edib ki, təşkilat Ermənistana kömək etməyə hazırdır. 

Sual olunur: "Metsamor” atom elektrik stansiyasında hər şey qaydasındadırsa, təşkilat rəhbəri niyə Ermənistana köməkdən danışır? Deməli, MAQATE adıçəkilən stansiyanın durumundan narahatdır”.

Ekspert bildirib ki, atom elektrik stansiyasının işlədilməsi hər bir dövlət üçün bahalı işdir: "Ona görə də Ermənistanın bu stansiyanı nə dərəcədə təhlükəsiz işlətməyə qadir olması sual altındadır. Yaponiya kimi dövlət sunami nəticəsində "Fukusimo” atom elektrik stansiyasının bir neçə blokunun dağılmasıyla üzləşdi. 

Ermənistan isə Yaponiya deyil. Ermənistanda istənilən təbiət hadisəsinin "Metsamor”a necə təsir edəcəyini söyləmək çətindir. Ermənistanla qonşu olan dövlətlərin MAQATE-dən "Metsamor”un vəziyyəti barədə hesabat tələb etmək haqqı var. Çünki stansiyada baş verəcək hansısa hadisənin nəticəsi bütün bölgəni əhatə edəcək”.

İsmayıl