Ermənistan yenə qana çalxalanır

Ola bilər “əks-inqilabçı” qüvvələr müxtəlif səpkili qətllərlə, iğtişaşlarla Nikol Paşinyanı onlarla hesablaşmağa razı salacaqlar




Nikol Paşinyan Ermənistan rəhbərliyinə gəldikdən sonra ölkədə sabitlik bərqərar olunmayıb. Əksinə, son günlər düşmən ölkədə vəziyyət daha da gərginləşib. Çəkişmələr nəticəsində bir həftə ərzində 6 nazir və digər vəzifəli şəxslər istefaya göndərilib, siyasi qüvvələr arasında münasibətlər kəskinləşib. Siyasilərə qarşı sui-qəsdlər, həbslər dalğası genişlənib. Məlumdur ki, parlamentdə təmsil olunan partiyalar növbədənkənar seçkinin tarixi ilə bağlı razılığa gələ bilmirlər. Parlamentin buraxılmasını əngəlləyən qanun layihəsinin qəbul olunması isə növbədənkənar seçkilərin keçirilməsinə mane olur və bu da ölkədə hakimiyyət böhranına yol açır. 

Baş nazir Nikol Paşinyan digər siyasi qüvvələrlə müzakirə apardığını iddia etsə də, Respublikaçılar Partiyasının rəsmiləri baş nazirin siyasi qüvvələrlə heç bir təklifi müzakirə etmədiyini, sadəcə ultimatum verdiyini bildirirlər. Vitse-spiker Eduard Şarmazanov isə bəyan edib ki, Nikol Paşinyan fraksiya nümayəndələri ilə danışıqlar aparsa da, görüşdə konkret razılaşma əldə olunmayıb. Ermənistanın siyası bloklarının nümayəndələri də vurğulayıblar ki, Paşinyan bu ilin dekabrında parlament seçkilərinin keçirilməsindən başqa bütün mövzularda danışıqlara hazırdır. Ancaq seçkilərin məhz özünün nəzərdə tutduğu tarixdə keçirilməsində israrlıdır. Respublika Partiyası, onun koalisiya ortağı olmuş "Daşnaksütyun”, habelə Paşinyanın keçmiş müttəfiqi sayılan "Çiçəklənən Ermənistan” Partiyası Paşinyanın istəyinə qarşı çıxırlar. Onların fikrincə, növbədənkənar seçkinin ortaya atılması baş nazirin öz hakimiyyətini möhkəmləndirməsinə xidmət edir. Ciddi problemlərdən biri isə odur ki, siyasi qüvvələr arasındakı qarşıdurma qanlı üsullarla həyata keçirilir. Rəqiblərini zərərsizləşdirməyə çalışan hökumət qüvvələri ən yaxşı halda həbslərə, ən pis halda isə qətllərə üstünlük verirlər. Ötən gün İrəvanın mərkəzində "Çiçəklənən Ermənistan" Partiyasının üzvü, sabiq deputat Karo Karapetyanın öldürülməsi, ardınca daha bir keçmiş deputatın, Arutyun Qaragözyanın meyitinin aşkarlanması təhlükəli tendensiyadan xəbər verir. Bu arada Qarabağ klanına yaxın iş adamlarının həbsi də davam etdirilir. Ermənistanda həbs olunan növbəti biznesmen Samvel Mayrapetyandır. O, Robert Köçəryanın yaxın adamı və "H2” televiziyasının sahibi kimi tanınır.

Düşmən ölkədə cərəyan edən prosesləri "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, Nikol Paşinyan növbədənkənar seçkilərin dekabrda keçirilməsini təklif edir. Lakin onun keçmiş müttəfiqi "Tsrukyan bloku”, yaxud "Çiçəklənən Ermənistan" Partiyası onu dətsəkləmir: 

"Baş nazir Sarkisyanla koalisiyadan çıxan, Daşnaksütyun Partiyasından olan nazir və qubernatorları tutduqları vəzifədən azad etdi. Bu hal öz-özlüyündə ölkədə siyasi atmosferin çox gərgin olduğunu göstərir. Rusiya ilə münasibətlərdə qeyri-müəyyənlik Ermənistanın həyatının bütün sahələrinə mənfi və ya müsbət təsirlərini göstərməkdədir. Keçmiş deputatın və cinayətkar aləmdə tanınmış adamlarından birinin qətli, telekanallardan birinin başçısı, iş adamı Samvel Mayrapetyanın saxlanılması ölkədəki kriminogen vəziyyətin ağırlaşdığını göstərir. 

Gərginliyin getdikcə artacağı ehtimalı az deyil. Çünki növbədənkənar parlament seçkilərinin dekabrda keçirilməsinin qarşısının alınması Nikol Paşinyanın təmsil etdiyi siyasi qüvvələrin ziyanına işləyir. Hakimiyyət çevrilişini reallaşdıran qüvvələr "inqilabın prinsiplərinə” uyğun olaraq, nəzərdə tutduqları proqramı həyata keçirmək üçün qalan nüfuzlarından maksimum istifadə etmək istəyirlər. Əks halda "əks-inqilabçı” qüvvələr müxtəlif səpkili qətllərlə, iğtişaşlarla Nikol Paşinyanı onlarla hesablaşmağa razı salacaqlar. 

Ola bilər, bütün bu hadisələr Ermənistanda hökumət başına gələn yeni siyasi qüvvələrin hərtərəfli sındırılmasına hesablanıb. Fikrimcə, bundan çıxış yolu kimi Paşinyan 1993-cü ilin oktyabrında Rusiyanın ovaxtkı prezidenti Boris Yeltsinin etdiyi tərzdə parlamenti topa tutaraq deputatları istefaya getməyə vadar edə bilər. Bu, ölkədə xaos yaratmaq istəyənlərə qarşı da bir ismarıc olar”.

İsmayıl