Cəlil Xəlilov: "Təəssüf ki, beynəlxalq aləm ermənilərin Azərbaycana qarşı qeyri-insani hərəkətlərinə, mülki əhalini atəşə tutmasına, terrorlar törətməsinə göz yumur"
"Ermənilər daxili problemlərindən yayınmaq üçün cəbhədə təxribatlara əl atırlar”.
Bunu "Sherg.az”a ermənilərin son günlər cəbhə xəttində törətdikləri təxribatlarının səbəblərini izah edərkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
O bildirib ki, ermənilər törətdikləri cinayətləri gizlətməyi bacarırlar:
"Onlara qarşı təzyiqlər, cəza tədbirləri yox dərəcəsindədir. Ona görə, düşmən belə təxribatları getdikcə artırır. Onlar əvvəlki cinayətlərinə qarşı məsuliyyət daşısaydılar, beynəlxalq təzyiqlərə məruz qalsaydılar, cinayətlərini davam etdirə bilməzdilər. Amma təəssüf ki, beynəlxalq aləm ermənilərin Azərbaycana qarşı qeyri-insani hərəkətlərinə, mülki əhalini atəşə tutmasına, terrorlar törətməsinə göz yumur.
BMT-nin qətnamələri, ATƏT-in, başqa beynəlxalq təşkilatların bəyanatları yerinə yetirilmir. Ona görə, məsələni daha geniş auditoriyada qaldırmaq, müxtəlif beynəlxalq qurumların diqqətində saxlamaq lazımdır.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmalı, düşmənə qarşı sanksiyaların tətbiq edilməsinə nail olmalıdır.
Nəyə görə başqa regionda belə terrorlar baş verdikdə bunu törədən ölkələrə qarşı sanksiyalar edilir, amma Ermənistanın əməllərinə göz yumulur. Azərbaycan XİN bu haqda məsələ qaldırmalı, ermənilərin məsuliyyətə cəlb olunmasına, BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çalışmalıdır”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.
Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin hərbçiləri Ağdam rayonunun Baş Qərvənd kəndinə də od vurub. Bununla kifayətlənməyən düşmənin kəşfiyyat-diversiya qrupu isə növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.
Azərbaycan Müdafiə Nazirliyi düşmənin bütün bu əməllərinə cavab olaraq, kəşfiyyat qrupunu dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edib. Təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.
Aysel Aslan