"Ermənistanda daxili siyasi vəziyyət getdikcə gərginləşəcək" - Şərh

"Ermənistanda siyasi vəziyyət getdikcə gərginləşir”.
Bunu "Sherg.az”a Ermənistanda altı nazirin istefaya göndərilməsindən sonra siyasi vəziyyətin pisləşməsi haqqında danışarkən politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, Ermənistanda siyasi sabitliyi pozan məsələ köhnə və yeni hakimiyyətin bir-birinə qarşı durması və onların toqquşmasından ibarətdir:
"Yeni hakimiyyətin başlanğıcı dövründə tərəflər bir-birilərinə təsir göstərirdi. Amma sonralar bu təzyiqlər böyüməyə başladı. Ermənistanda yeni sistemin oturması ilə yanaşı kadr dəyişikliyi də baş verir. Artıq qarşı tərəf anlayır ki, biz rəqiblərə şans versək, gələcəkdə onlara böyük problem yaradacaq.
Hazırda Ermənistanın baş naziri N.Paşinyan üçün əsas məsələ hakimiyyətdə kadr dəyişikliyini həyata keçirmək və mümkün qədər tez vaxtlarda öz islahatlarına başlamaqdan ibarətdir. 
İndi Ermənistanda yeni hakimiyyət komandasının münasibətinin şahidi oluruq. Burada hər hansısa bir tərəfin müqaviməti qarşıdurmalara səbəb olur. İşğalçı ölkədə bu zidiyyətləri çox müşahidə edəcəyik. Artıq Ermənistanda daxili siyasi gərginlik yeni bir mərhələyə qədəm qoyur”.
Qeyd edək ki, Ermənistanda siyasi vəziyyət gərginləşib. Dünən prezident Armen Sarkisyanın fərmanı ilə 6 nazir istefaya göndərilib. Bunlar "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" partiyalarından olan nazirlərdir. Prezidentin fərmanı ilə istefaya göndərilənlər iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan, kənd təsərrüfatı naziri Artur Xaçatryanr (hər ikisi "Daşnaksütun" partiyası), fövqəladə hallar naziri Qraçya Rostomyan, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryandır (hamısı "Çiçəklənən Ermənistan" partiyasından).
Kənan Eynuroğlu