Ermənistanda vəziyyət son həddə çatıb

Aydın Mirzəzadə: “Müəyyən müddətdən sonra yenidən hakimiyyət dəyişikliyi ola bilər”
Elman Məmmədov: “Diplomatiya və siyasət sahəsində düşmən ölkəyə qarşı kifayət qədər hüquqi baza yarada bilmişik”



Dağlıq Qarabağda bir həftədir davam edən etiraz aksiyaları separatçı rejimlə yanaşı, İrəvanı da qorxuya salıb. Erməni siyasilər Qarabağda vəziyyətin normallaşdırılması üçün hökumətdən təcili tədbirlərin görülməsini tələb ediblər. Lakin hiss olunur ki, tutduğu vəzifəni icra etmək iqtidarında olmayan Nikol Paşinyan qeyri-müəyyən vəziyyətdə qalıb və necə addım atacağını bilmir. Müdaxilənin gecikməsi Dağlıq Qarabağ əhalisi ilə Bako Saakyanın başçılıq etdiyi hərbi xunta arasında gərginliyi daha da artırıb.

Artıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasındakı uçurum da dərinləşməkdədir. Vəziyyətin kritikləşməsi qondarma rejimlə bərabər yoxsulluq içində qıvranan kasıb Ermənistanı da məhvə sürükləyir. Etiraz aksiyalarının iştirakçıları bildiriblər ki, Xankəndidə və vilayətin bölgələrində ermənilərin qondarma rejimin quldurları tərəfindən döyülməsi adi hala çevrilib. İnsanlar artıq bu vəziyyətdən beziblər:

 "Qarabağa Bako Saakyan və bir neçə general nəzarət edir. Onlar 20 ildir insanları qarət edir, onlarla qul kimi davranır, amansızlıq göstərirlər. Onsuz da ağır məişət şəraitində yaşamaq yoxsul və hüquqsuz erməniləri cana yığıb”. Erməni sosioloq David Karabekyan isə etiraf edib ki, Qarabağ erməniləri xilas yolunun İrəvandan, yoxsa Bakıdan gələcəyi haqda düşünürlər: "Azərbaycan Ordusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Vəziyyət o həddə çatıb”.

Dağlıq Qarabağda gün üzünə çıxan reallıq və erməni xalqının öz rejimlərinin zülmünə məruz qalması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də gündəmə gətirilib. Ötən gün iftar mərasimində çıxış edən dövlət başçısı bildirib ki, onun illərdir dediyi sözü erməni xalqı indi etiraf edir: "Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları Xocalı soyqırımında, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. İndi bu həqiqəti erməni xalqı da deyir. Nəhayət, ermənilər anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür. O rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Ermənistanda iqtisadi və demoqrafik böhran yaşanır, ölkə boşalır. Ölkədə inkişaf üçün heç bir perspektiv yoxdur. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək. İmitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələr”.

Ali Baş Komandan İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır:

"Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Bu həqiqəti bütün dünyaya çatdırmalıyıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, tədbirlər keçirilib. Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Əminəm ki, ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna şübhəm yoxdur”.

Millət vəkili Aydın Mirzəzadə "sherg.az”a açıqlamasında bildirib ki, Paşinyan seçki ilə deyil, təzyiq sayəsində hakimiyyətə gəlib. Çünki cəmiyyət Serj Sarkisyanın apardığı siyasətin acı nəticələrinə dözə bilmirdi: 

"Ermənistanda iqtisadi böhran yaşanır, insanların sosial vəziyyəti ağırdır. Belə məqamda yeni simalarla yeni siyasətin aparılması gündəmə gəldi və nəticədə, vəziyyətdən istifadə edən Nikol Paşinyan hakimiyyəti ələ keçirdi. Lakin Ermənistan baş nazirinin Dağlıq Qarabağ siyasəti Serj Sarkisyanınkından fərqlənmir. Deməli, Ermənistandakı vəziyyət pisləşməkdə davam edəcək. Müəyyən müddətdən sonra yenidən hakimiyyət dəyişikliyi ola bilər. Əlbəttə, düşmən ölkədə kimin hakimiyyətdə olması Azərbaycanı maraqlandırmır. Bizi düşündürən məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Çökmüş iqtisadiyyatla, zəif silahlı qüvvələrlə, beynəlxalq cəmiyyətdən təcrid olunmuş vəziyyətlə Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlaya bilməz. Azərbaycan isə problemi həll etmək əzmindədir. Ermənistan Azərbaycan tərəfindən ciddi addımların atılmasını gözləməlidir”.
Milli Məclisin deputatı Elman Məmmədov da deyib ki, Azərbaycanın münaqişə ilə bağlı yeganə mövqeyi ərazi bütövlüyümüzün təmin olunmasıdır. Azərbaycan Prezidenti bu mövqeyi hər zaman ən yüksək səviyyəli tədbirlərdə insanların diqqətinə çatdırır: "Cənab Prezident ötən gün bir daha bəyan etdi ki, Ermənistanın normal yaşaması, bir dövlət olaraq fəaliyyət göstərməsi üçün yeganə çıxış yolu qonşu dövlətlər, xüsusilə də Azərbaycan və Türkiyə ilə düşmənçilik, işğalçılıq siyasətindən əl çəkməsidir. Ancaq bu halda, Ermənistanda normal həyat tərzi mövcud ola bilər. Dövlət başçısı diqqətə çatdırdı ki, əgər Ermənistanın yeni rəhbərliyi özündən əvvəlkilərin yolunu davam edərsə, o zaman Ermənistan və xalqının vəziyyəti daha da pis vəziyyətə düşəcək”. 

Deputatın sözlərinə görə, Ermənistan məsələlərə reallıq və obyektivliklə baxmalıdır: 

"Düşmən ölkə bu gün regionda bütün sahələr üzrə həyata keçirilən beynəlxalq layihələrdən təcrid olunub. Ermənistan iqtisadiyyatı digər ölkələrin nəzarətinə keçib, siyasəti də ölkədən kənarda müəyyənləşdirilir. Bu da düşmən ölkənin müstəqilliyini sual altında qoyur. Prezident İlham Əliyev ötəngünkü çıxışında bir məqamı qeyd etdi ki, Azərbaycan bu illər ərzində bütün sahələr üzrə inkişaf etməklə yanaşı, diplomatiya və siyasət sahəsində də düşmən ölkəyə qarşı kifayət qədər hüquqi baza yarada bilmişik. Bu hüquqi bazaya bir sıra təşkilatların işğal olunmuş torpaqlarla bağlı qəbul etdikləri sənədlər toplusu daxildir. Azərbaycan ərazisində uzun illərdir yaradılan qeyri-qanuni qondarma, cinayətkar qurum ləğv olunaraq, qonşuluq münasibətləri bərpa olunduqdan sonra düşmən ölkədə inkişafdan danışmaq mümkündür. Dövlət başçısı iftar süfrəsində etdiyi çıxış ilə bir növ Ermənistan rəhbərliyinə səslənərək bildirdi ki, hadisələrə obyektiv yanaşıb, düzgün fikirləşməyi bacarın. Əks halda sizi bundan dəhşətli fəlakətlər gözləyir”.

İsmayıl