Onlar özlərinə aid olmayan torpaqlar uğrunda canlarından keçmək istəmirlər
"Ermənistanda demoqrafik vəziyyət acınacaqlı durumdadır. Cənubi Qafqaz ölkələri içərisində Ermənistan ən az əhaliyə malik ölkədir”.
Bunu "Şərq”ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. Düşmən ölkədəki gərgin durumu analiz edən politoloq bildirib ki, burada mövcud olan və gündən-günə daha da ağırlaşan problemlər demoqrafik duruma mənfi təsir göstərir:
"Ermənilər 100 il əvvəl işğal yolu ilə əldə etdikləri torpaqları tərk edib başqa ölkələrə gedirlər. Bunun isə əsas səbəbi ölkədə hökm sürən sosial-iqtisadi problemlər, dövlət səviyyəsinə yüksəlmiş korrupsiya və özbaşınalıqlardır. Əhalinin sürətlə ölkədən çıxıb getməsinin digər səbəblərindən biri də 1988-1990-cı illərdə azərbaycanlıların zorla bu ölkədən deportasiya edilməsidir. Ermənistan Milli Statistika Xidmətinin 2018-ci il oktyabrın 1-nə olan məlumatına görə, Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 969,2 min nəfərdir. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 10 min 400 nəfər azdır. BMT-nin "Dünya əhalisinin perspektivləri-2017” illik hesabatında qeyd olunmuşdur ki, 21-ci əsrdə Ermənistanın daimi əhalisinin sayı 1 milyon 300 min azalacaq və 1 milyon 700 min nəfərə çatacaq. Bütün bunlar onu göstərir ki, demoqrafik böhrana təsir edən əsas faktorlar sırasına ölkədəki sosial-iqtisadi problemlər də daxildir.
Hazırda miqrasiya Ermənistanın ən ağrılı problemidir. Ölkəni tərk edənlər arasında gənclərin üstünlük təşkil etməsi isə təsadüfi deyil. Bu problemlərlə yanaşı, onları narahat edən əsas məsələ ölkənin müharibə şəraitində olmasıdır.
Özlərinə aid olmayan torpaqlar uğrunda canlarından keçmək istəmirlər. Bundan əlavə, miqrasiya edən əhalinin çox hissəsi ali təhsilli, iş qabiliyyəti olan insanlardır. Demoqrafik vəziyyətdə təhlükənin əsas göstəricilərindən biri məktəblərdə və universitetlərdə tələbələrin sayının ildən-ilə azalmasıdır. Ölkəni tərk edənlərin təxminən 30 faizi universitet, 49 faizi orta məktəb məzunudur. Sadəcə olaraq 21 faizi təhsilsizdir. Rəsmi məlumatlara görə, 2008-ci ildən bəri, yəni Serj Sarkisyanın hakimiyyəti dövründən bu vaxta qədər 350 mindən cox erməni ölkəni tərk edib.
Ümumən son 20 ildə ölkəni tərk edənlərin sayı 500 min nəfərə yaxındır. Bu, birbaşa hakimiyyət orqanları tərəfindən həyata keçirilən siyasətin nəticəsidir”.
E.Aşırlının firkincə, Ermənistanda cəmiyyətin pessimist əhval-ruhiyyəsinin əsas səbəbi bir neçə ailənin əlində olan monopoliya, korrupsiya, ölkədə mövcud olan qanunsuzluqlar, işsizlik və yoxsulluq hallarıdır: "Hazırda Ermənistanda hər 4 nəfərdən biri xaricdə yaşamağa məcbur olub. Son illər paytaxt İrəvanda bir çox ticarət mərkəzləri bağlanıb. Ölkənin demoqrafik göstəriciləri çox aşağıdır. Ermənistanda hakimiyyət dəyişikliyi olsa da, sosial-iqtisadi göstəricilər hələ də bərbad durumdadır. Fikrimcə, vəziyyətin bu şəkildə davam etməsi onsuz da siyasi, iqtisadi və hərbi cəhətdən iflic vəziyyətində olan Ermənistan üçün ağır nəticələnə bilər. Çünki gələcəkdə ölkədə işləməyə, xidmət etməyə vətəndaş tapılmayacaq”.
İsmayıl