Ermənistanın anti-Rusiya mövqeyi Moskvanı kartlarını dəyişdirməyə məcbur edib
Ekspertlər də təsdiqləyir ki, 2019-cu il Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər
"Azərbaycan 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edir”. Bunu ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edən Prezident İlham Əliyev deyib. Dövlət başçısı bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid bəslədiyini dilə gətirib: "Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik. Bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstəririk”. Sergey Lavrov da öz növbəsində Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli və qarşılıqlı məqbul həllində maraqlı olduğunu deyib:
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə İrəvan arasında birbaşa dialoqa kömək göstərməyə hazırıq. Rusiya həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk Qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək”. Xatırladaq ki, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində çıxışı zamanı da Ermənistanda cərəyan edən proseslərə və Dağlıq Qarabağ münaqişəsinin həllinə növbəti dəfə münasibət bildirib. Dövlət başçısı bəyan edib ki, bu il Ermənistanda çox ciddi dəyişikliklər baş verib, iyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çöküb: "Hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik”. Ölkə rəhbəri vurğulayıb ki, kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur: "Bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynayıb. Siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, torpaqlarımız işğal altındadır, bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq”.
Dövlət başçısının toxunduğu məqamları "Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı iki dövlət arasında əməkdaşlığın inkişaf etdiyini vurğuladı. Bəyan etdi ki, 2018-ci ildə Rusiya Prezidenti Vladimir Putinlə mühüm görüşlər keçirilib, səmərəli müzakirələr aparılıb və önəmli müqavilələrə imza atılıb:
"Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə xüsusi diqqət çəkdi və bildirdi ki, 2019-cu ildə problemin həllində yeni impulsların olacağına ümid edir. Hamıya bəllidir ki, münaqişənin həlli Rusiyanın mövqeyindən çox asılıdır. Həmsədr Rusiya problemin çözülməsində mühüm rola malikdir. Şimal qonşumuz Rusiya həm də bizim strateji tərəfdaşımızdır və işğalçı ölkəyə təsir etmə gücünə sahibdir. Reallıq odur ki, son zamanlar Rusiya ilə İrəvan arasında münasibətlər xeyli kəskinləşib. Paşinyan və komandası Kreml əleyhinə fikirlər səsləndirir, Rusiyanı tənqid edirlər. Paralel olaraq Moskvanın da Paşinyan hökumətinə münasibəti tamamilə neqativdir. Putinin Paşinyanı seçki münasibəti ilə təbrik etməməsi də korlanan əlaqələrin nümunəsidir. Əgər Moskva bölgədə sülhün bərqərar olmasında maraqlıdırsa, mütləq mənada Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır. Paşinyanın da qurtuluşu işğal olunmuş torpaqların geri qaytarılmasıdır”.
Siyasi ekspert Anar İmanov da "Şərq”ə bildirib ki, son dönəmlər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün çox əlverişli şərait yaranıb. Politoloq bildirib ki, Rusiya-Ermənistan münasibətləri çoxdan soyuyub və işğalçı dövlət Nikol Paşinyanın səriştəsiz siyasətinin qurbanına çevrilib:
"Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə davam edir, daha da inkişaf edir. Bunun əksinə İrəvan-Moskva münasibətləri zədələnir. Son görüşlərdə Paşinyanın Rusiya Prezidenti Vladimir Putindən şəkillərdə uzaq düşməsi, "seçki”lərdə "qalib” olduğu üçün təbrik etməməsi bir çox nüanslardan xəbər verir. Bu, bir daha təsdiq edir ki, Paşinyanın diletant siyasəti ölkəsini uçuruma aparır”.
Analitik bildirib ki, bu günlərdə Avropa Birliyi və Azərbaycan arasında siyasi dialoqun daha da inkişaf etməsi Ermənistan üçün bir siqnal olmalıdır:
"İnanıram ki, 2019-cu il Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici il olacaq. İşğalçı Ermənistana təzyiq hazırda artırılıb və gələn il daha da çox artırılacaq. Başqa bir məqam Ermənistanın son zamanlarda zəifləməsi ilə bağlıdır. Paşinyanın gəlişindən sonra demoqrafik vəziyyət daha da pisləşib. Ölkədə vəziyyət o qədər qarışıqdır ki, hətta yaxınlarda ABŞ səfirliyi vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib. Bir sözlə, Ermənistandakı rejim məhvə doğru gedir və bu şəraitdə Azərbaycan ərazilərinin işğalda saxlanması çox çəkməz”.
İsmayıl