Ermənistanın qurtuluşu işğala son qoymasındadır
Qarabağ azad edilmədiyi halda bu dövlət regiondan tam təcrid olacaq
İran, Türkiyə və Azərbaycan XİN rəhbərlərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi birgə bəyanat Ermənistanda qızğın müzakirələrə səbəb olub. Xatırladaq ki, tərəflər arasında sayca 6-cı görüş keçirilib və hər dəfə oxşar bəyanatlar səsləndirilib. Ancaq erməni ekspertlərin və mətbuatının bu cür kəskin reaksiyası heç vaxt müşahidə olunmayıb. İran üzrə erməni politoloq Aaron Vardanyan regionda vəziyyətin dəyişdiyini əsas gətirərək İrəvanı fəaliyətə keçməyə səsləyib. Erməni ekspertin sözlərinə görə, Paşinyan hökuməti ikitərəfli və üçtərəfli görüş təşəbbüsləri ilə çıxış edərək, daha aqressiv siyasət yürütməlidir:
"Türkiyə hər dəfə bildirir ki, Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll edilməlidir. İran isə artıq dəfələrlə qeyd edib ki, onun üçün hər şeydən əvvəl vacib olan regionda sülhün olmasıdır”. Vardanyanın fikrincə, İranın bəyannamədə ərazi bütövlüyü prinsipini dəstəkləməsi aydın məsələdir: "İranın özünün də daxilində islam respublikasının ərazi bütövlüyünü təhlükə altında qoya biləcək etnik xarakterli problemlər mövcuddur”. Yayın əvvəllərində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Nikol Paşinyanın Tehrana səfərinə hazırlıqlar aparıldığını açıqlamışdı. Lakin 5 ay keçməsinə baxmayaraq, səfər hələ də baş tutmayıb. Bunun əvəzində isə iki ölkənin liderləri BMT Baş Assambleyası çərçivəsində görüşüblər. Bu isə effektli müzakirələrin aparılması üçün heç də uyğun şərait sayılmır. Digər tərəfdən, hazırda İranda hadisələr aktiv şəkildə inkişaf edir. Amerika Birləşmiş Ştatları Cənubi Qafqazdakı siyasətini radikal şəkildə dəyişərək, İrana diplomatik və siyasi təzyiqlərini gücləndirir. Erməni politoloq Sarkis Artsruninin fikrincə, Ermənistanda ciddi problemlər var. Çünki Azərbaycandan fərqli olaraq İrəvan heç bir regional inteqrasiya layihəsində təmsil olunmur. Bu isə İrəvanı bölgədəki proseslərdən təcrid edir:
"Paşinyan Sünik vilayətinə yeni qubernator təyin edərkən bu qərarını narkobizneslə mübarizə ilə əlaqələndirərək məhz İranla sərhədi işarə edib. Baş nazirin bu açıqlaması Tehranda yeni hökumətin siyasəti ilə bağlı müəyyən narahatlıqlar yaradıb”. Nəticə etibarı ilə Ermənistanın beynəlxalq arenada münaqişəyə dair mövqeyi daha da zəifləyir və getdikcə təklənir.
Ermənistanın tamamilə təcrid olunması ilə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, Azərbaycan, Türkiyə və İran iqtisadi zəmində böyük əməkdaşlıq potensialına sahibdir. Ümumiyyətlə, sağlam siyasət yeridən bütün dövlətlər birgə əməkdaşlıqda maraqlı olurlar:
"Hazırda İran müəyyən problemlərlə üz-üzədir, çünki ABŞ-ın sərt sanksiyalarına məruz qalıb. Buna baxmayaraq, Tehran öz daxili imkanları ilə qonşularla müsbət əlaqələr qurmağa çalışır. Mütəmadi olaraq bir araya gələn üç ölkə dünyaya mesaj verirlər ki, dövlətlərin inkişafı, xalqların rifahı yalnız və yalnız etibarlı dialoqdan, birgə əməkdaşlıqdan keçir. Xüsusən, biri-birinə qonşu olan dövlətlərin qarşılıqlı münasibətləri olduqca zəruridir. Məlumdur ki, regionda əməkdaşlıqdan qaçan yeganə ölkə işğalçı Ermənistandır. Əlbəttə, təcavüzkar Ermənistanın qonşu dövlətlərlə əlaqə qurmaması ilk növbədə düşmən ölkənin özünə zərbə vurur. Ermənistan bölgədə mövcud olan heç bir enerji və nəqliyyat layihələrindən yararlana bilmir. Nəticədə daha çox təcrid olunur. İrəvanın yeritdiyi yanlış siyasət ermənilərin başına bəla olur. Bundan qurtulmağın yolu torpaqların azad edilməsidir. Eyni zamanda indiki halda düşmən ölkə həm Azərbaycandan, həm Türkiyədən, həm də Gürcüstandan üzr istəyərək geri çəkilməlidir. Çünki Ermənistan bütün qonşularına qarşı ərazi iddiaları ilə çıxış edir”.
Ekspert bildirib ki, bir sıra məsələlərdə güzəştə getmək Ermənistanı xilas etməyəcək: "İrəvanın yürütdüyü xarici siyasət kökündən dəyişməli və sağlam məcraya yönəlməlidir. Ermənistan məkrli siyasətindən əl çəkdiyinə dair qonşulara qarantiya verməli və regional dialoqa qoşulmalıdır. Yalnız o halda ermənilərin normal həyat yaşamasından söhbət gedə bilər. Ancaq indiki halda vassal Ermənistanın nə istədiyi və nə bacardığı qonşu dövlətlər üçün maraq kəsb etmir. Çünki heç bir ölkə Ermənistana suveren dövlət kimi yanaşmır”.
Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov da bəyan edib ki, Azərbaycanın Türkiyə və İranla üçlü görüşlər keçirməsi, birgə bəyannamə imzalaması və ortaq layihələrə başlaması çox mühüm addımdır. Ən əsası isə Ermənistana diplomatik və siyasi zərbə vurmaqdır:
"Belə görüşlər işğalçı Ermənistana təzyiq formasıdır. Şübhəsiz ki, üçlü və dördlü görüşlərin sayları getdikcə çoxalacaq. Çünki qonşu ölkələr arasındakı sıx təmaslar hər dövlətin marağına cavab verir. Təcavüzkar Ermənistan dövləti onsuz da bütün layihələrdən kənarda qalıb və mühüm proseslərdən təcrid olunub. Düşmən ölkənin iqtisadi-sosial durumu dalana dirənib. Belə məqamda Ermənistana qonşu olan ölkələrin iqtisadi razılaşmaları acınacaqlı vəziyyətdə olan erməniləri daha da bərbad hala salacaq. Hazırda Ermənistan tam blokada şəraitindədir. Məlum məsələdir ki, İran müəyyən mənada İrəvana yardım göstərirdi. Lakin məsələ ondadır ki, kiçik yardımlar regional iqtisadi layihələr fonunda sıfıra bərabərdir. Bir neçə ölkəni birləşdirən enerji və nəqliyyat layihələrinin dəyəri milyardlarla dollarla ölçülür. Eyni zamanda üçlü təmaslarda geosiyasi məsələlər ön plana çıxır ki, bu da həm regionda inkişafa, həm də stabilliyə təkan verir. Əgər Ermənistan hökuməti mövcud reallığı dərk etmirsə və baş verənlərdən nəticə çıxarmırsa, bundan daha betər vəziyyətə düşəcək”.
İsmayıl