“Ermənistanın tikdikləri bizə qalacaq”

“Azərbaycan onlara kompensasiya verməyəcək”


Ermənistan rəhbərliyi Dağlıq Qarabağda hərbi məktəb inşa edir. Gizli şəkildə tikintisi aparılan hərbi məktəb Xankəndi yaxınlığındakı yüksəkliklərdən birində yerləşəcək. Onun ərazisində böyük hərbi memorialın da tikildiyi bildirilir.

Ehtimal olunur ki, hərbi məktəb Ağdərədə inşa olunan və Suvorov-Mədətov adını daşıyan hərbi məktəbin tikintisindən imtina olunduqdan sonra gerçəkləşir. Qeyd edək ki, Ağdərədəki hərbi məktəbin inşasında əsas sponsor olan Levon Ayrapetyan Moskvada maliyyə fırıldaqları ilə bağlı həbs olunduqdan sonra həmin tikinti yarımçıq dayandırılıb.

Növbəti erməni təxribatını dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, separatçı ölkə gözəl anlayır ki, Azərbaycan gec-tez Dağlıq Qarabağı işğaldan azad edib, ərazi bütövlüyünü bərpa edəcək. Həmin tikililər də ya dağıdılacaq, ya da erməni ağılsızlığının məhsulu kimi gələcək nəsillərə təqdim olunacaq: "2001-ci ildə azərbaycanlı və xarici jurnalistlərlə birgə Kasprşikin rəhbərliyi altında Dağlıq Qarabağa səfər etdik. Orda bir hadisə ilə rastlaşdım. Onlar Xankəndində hərbi məktəbə oxşar bir məktəb istifadəyə vermişdilər. Düzünü desək, onda bizim Müdafiə Nazirliyi (MN) həmin məktəb haqda geniş bilgiyə malik deyildi. MN rəhbərliyini məlumatlandırandan sonra, Azərbaycan o məsələ ilə maraqlandı. Açığını deyim ki, orada heç istənilən qədər kontingent də yoxdur. Ermənilər hər zaman çalışır ki, öz işini geniş informasiya təbliğatı ilə şişirtsin. Əslinə qalsa, orda böyük bir iş yoxdur. Xırda bir tikilini az qala geniş bir obyekt kimi qələmə verməyə çalışırlar. Ermənilər həmişə informasiya müharibəsində öz imkanlarını şişirtməyə cəhd edirlər. Bu məsələyə ciddi maraq göstərməyin əleyhinəyəm. Nə tikirlər tiksinlər, Azərbaycanın ərazi bütövlüyünü təmin edəndən sonra hamısı bizə qalacaq. Ordan ermənilərə bir qəpik də olsun kompensasiya ödənilməyəcək. Onlar fikirləşirlər ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra bizdən nəsə tələb edə bilərlər. Amma yanılırlar. Azərbaycan onlara kompensasiya verməyəcək. Düşünmürəm ki, separatçılar ərazilərimizdə böyük işlər görsün. Buna Ermənistanın heç maddi imkanı da yetməz”.

Ayyət Əhməd