Əsas məsələ Qarabağ problemidir - Moskva Cənubi Qafqazda sabitlik istəyirsə, Ermənistana təzyiq etməlidir

"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir”. Bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib. Mətbuat katibi həmçinin qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq.
İ.Kalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıyır: "İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında çox vacibdir".
Politoloq Fikrət Sadıqov Ərdoğanın mətbuat katibini haqlı sayır. Professor "Sherg.az"a bildirib ki, əsas problem Rusiyanın Ermənistana təzyiq etməməsidir”.
"Rusiya aparıcı qüvvə və Minsk qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana təzyiq etməlidir. Rusiya Azərbaycanın strateji partnyoru, digər tərəfdən də Ermənistanın hərbi-siyasi müttəfiqi kimi münaqişənin həllinə çalışdığını deyir. Amma Moskva başa düşməlidir ki, burada uzun illərdir danışıqlar gedir və biz bundan imtina etmirik. Bu məsələnin yeganə həll yolu beynəlxalq hüquq normalarına uyğun addımlar atılması, Rusiya tərəfindən Ermənistana əsaslı və qəti təzyiqlərin edilməsidir”.
F.Sadıqov qeyd edib ki, əgər Rusiya regionda sabitliyin qorunmasında maraqlıdırsa, Ermənistanı sadəcə sülhə çağırmaqla kifayətlənməməlidir:
"Qonşu dövlət anlamalıdır ki, əks halda Ermənistan münaqişənin həlli müddətini uzadacaq və nəticədə problem həllini tapmayacaq. Lakin konkret təzyiq etməklə, beynəlxalq hüquq normalarına uyğun olaraq, münaqişənin həlli istiqamətindəki qətnamələrin yerinə yetirilməsinə şərait yaradılmalıdır”.
Anar