İrəvanın Avrasiya Birliyi ilə bağlı qərar vermək haqqı yoxdur
Zatən rəsmi Bakının birbaşa Rusiyanın nəzarətində olan hansısa quruma üzv olmaq niyyəti yoxdur
Ermənistan rəsmiləri ardıcıl sərsəm açıqlamalar verirlər. Baş nazir Paşinyandan sonra xarici işlər naziri Zöhrab Mnatsakyan da gülünc ifadələr səsləndirib. Rusiyanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi Birliyinin əməkdaşlıq təşkilatı olduğunu bildirən XİN rəhbərinin sözlərinə görə, Azərbaycan Ermənistanı blokladığı və ermənilər əleyhinə tədbirlər gördüyü üçün AİB-yə daxil ola bilməz:
"Rəsmi İrəvan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə girməsinə mane olacaq. Gündəmə gəldiyi halda biz buna qarşı çıxacağıq”. Məsələni şərh edən ekspertlər ilk növbədə vurğulayıblar ki, rəsmi Bakının birbaşa Rusiyanın nəzarətində olan hansısa quruma üzv olmaq niyyəti yoxdur. Ələlxüsus da, işğalçı Ermənistanın yer aldığı bir qurumda Azərbaycanın təmsilçiliyindən söhbət gedə bilməz. Dəfələrlə bəyan edilib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Azərbaycanın Ermənistanla eyni iqtisadi birlikdə əməkdaşlığı mümkün deyil. Ancaq məsələnin digər tərəfi də var. Əgər Azərbaycan nə vaxtsa AİB-yə üzvlük istəyini bildirərsə, Rusiya Ermənistana veto hüququndan istifadə etməyə imkan verməyəcək. Çünki Rusiyaya AİB-də daha çox üzv lazımdır. Azərbaycanla eyni qurumda əməkdaşlıq etmək Moskvaya kasıb Ermənistandan daha çox fayda gətirər.
Politoloq Sədrəddin Soltan "Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmaq üçün canfəşanlıq göstərmir. Amma rəsmi Bakının Birliyə girməsində Rusiya maraqlıdır:
"Ölkəmiz ittifaqda təmsil olunmaq üçün öz şərtlərini irəli sürüb. Burada başlıca məsələ, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Ermənistanın işğalçılıq siyasətinə son qoymasıdır. Erməni nazirin açıqlaması da buna hesablanıb ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcək, Azərbaycan torpaqlarını işğal altında saxlayacaq. Nəticədə Azərbaycan AİB-yə üzv olmaqdan imtina edəcək. İşğalçı dövlətlə eyni regional blokda təmsil olunmaq Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Düşmən ölkə ilə iqtisadi əlaqələrin qurulması torpaqlarımız işğal altında olduğu müddətcə mümkün deyil. Ona görə də Mnatsakyanın iddiaları cəfəngiyatdan başqa bir şey deyil”.
S.Soltan bir məsələni də xatırladıb ki, Nikol Paşinyan və onu dəstəkləyən qüvvələr Ermənistanın AİB-dən çıxması barədə fikirlər səsləndirirdilər:
"Hətta bununla bağlı Ermənistan parlamentinə layihə də təqdim edilmişdi. İndi nə dəyişdi? Aydın görünür ki, erməni rəhbərlərin AİB-lə bağlı dedikləri ciddi açıqlamalar deyil. Birliyin əsas qüvvəsi Rusiyadır. Azərbaycan üzv olmaq istəsə, Ermənistan heç bir şey edə bilməz”.
Siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirli bəyan edib ki, indiyədək Azərbaycan rəhbərliyi bu formata üzvlüklə bağlı mövqe bildirməyib:
"Ermənistanın yeni rəhbərliyi tez-tez Azərbaycana qarşı sərsəm bəyanatlarla çıxış edir. Düşmən ölkənin rəsmiləri bir sıra məsələlərə qeyri-real yanaşırlar. Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzvlüklə bağlı heç vaxt niyyət ortaya qoymayıb. Buna baxmayaraq, Ermənistan istisna olmaqla, Azərbaycanın bu ittifaqda təmsil olunan dövlətlərlə sıx və isti münasibətləri var. Ermənistan xarici işlər nazirinin səsləndirdiyi fikirlər daha çox ermənilərin öz arzusudur. Nazir də bunu ifadə edib”.
İsmayıl