Əsədin getməsi mütləqdir

İstənilən variantı ortaya qoysalar da, Suriya prezidentinin “ömrünü” uzada bilməzlər
Əsədin gələcəkdə məsuliyyətdən yayınması və taleyinin qarant altına alınmasına görə, Putin Suriya Prezidentini tərəf kimi irəli sürür



Suriya Prezidenti Bəşər Əsəd Rusiyaya səfər edərək Soçidə Rusiya lideri Vladimir Putinlə görüşüb. Putin bildirib ki, Suriyadakı hərbi əməliyyatlar sona çatmağa yaxındır və indi siyasi proseslərə keçmək zamanıdır:

"Terrorizm üzərində tam qələbəyə hələ çox var. Suriya ərazisində terrorçulara qarşı mübarizədə birgə işimizə gəldikdə isə hərbi əməliyyat artıq yekunlaşır. Putin Əsədə görə amerikalı həmkarı Tramp və Yaxın Şərq ölkələrinin bir sıra liderləri ilə telefon danışığı aparacağını söyləyib. Həmçinin, bəyan edib ki, Əsəd Suriyada sülh və nizamlanma istəyən şəxslərlə işləməyə hazırdır. Bəşər Əsəd isə bu müddət ərzində həm döyüş meydanında, həm də siyasi planda böyük uğurlar əldə olunduğunu iddia edib: "Suriyada bir çox rayonlar terrorçulardan azad olunub və həmin ərazilərə daha əvvəl buranı tərk edən suriyalılar qayıdıblar. Biz birlikdə Suriyanın müstəqilliyini qoruya bildik. Etiraf etmək lazımdır ki, birgə əməliyyatlar Suriyada siyasi nizamlanmada irəliləyişə nail olmağa imkan verib”. Xatırladaq ki, ayın noyabrın 22-də Rusiyanın Soçi şəhərində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və İran rəhbəri Həsən Ruhani Suriyadakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu görüşdən bir gün əvvəl Bəşər Əsədin Soçiyə səfəri maraq doğurur.


Məsələni "Şərq”ə dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri, politoloq Sərdar Cəlaloğlu deyib ki, Əsədin prosesə hər hansı şəkildə qoşulması onun gələcək taleyi ilə bağlıdır. Partiya sədrinin sözlərinə görə, Əsəd beynəlxalq hüquqla qadağan edilmiş ağır cinayətlər törədən, insanlığa qarşı neqativ addımlar atan bir şəxsdir:

"Əməlləri nəticə etibarı ilə Əsədi məhkəmə qarşısına çıxaracaq. Məlumdur ki, Əsəd cinayətləri təkbaşına törətməyib, müəyyən qüvvələrin dəstəyi ilə həyata keçirib. Əsədin gələcəkdə məsuliyyətdən yayınması və taleyinin qarant altına alınmasına görə, Putin Suriya Prezidentini tərəf kimi irəli sürür. Şübhəsiz, yaşanan proseslərdən sonra Əsədin Suriya rəhbərliyində qalmaq şansı sıfırdır. Hətta Rusiya və İran bunu istəsə belə, Əsəd Suriyanı idarə edə bilməz. Çünki ölkə əhalisinin 60-70 faizi faktiki olaraq Əsədin genosidinə məruz qalıb. Proseslərə Əsədin ortaq edilməsi problemləri onun iştirakı ilə dinc yolla tənzimləmək mahiyyəti daşıyır. Bunun müqabilində isə Əsədə gələcəklə bağlı qarantiya verilir. Əks halda heç kim iddia edə bilməz ki, artıq Əsəd problemi bitib və onunla yola davam etmək mümkündür”. 

S.Cəlaloğlu bildirib ki, ümumiyyətlə, bu kimi canilər öz cəzasını almadığı müddətcə dünyada belə şəxslər meydana çıxacaq: 
"Əsəd kimi adamlar dünyanın gələcəyini təhlükə altında qoyur. Şimali Koreya liderinin əməlləri və digər diktatorların davranışları göstərir ki, onlar beynəlxalq hüquqa uyğun cəzalanmadıqca, kütləvi zülmlər ənənəyə çevriləcək. Ona görə də Əsədin getməsi mütləqdir. İstənilən variantı ortaya qoysalar da, Suriya Prezidentinin "ömrünü” uzada bilməzlər. Sadəcə olaraq Rusiya və İran stabilləşmə prosesində Əsədin iştirakına icazə verir, Əsəd isə həmin ölkələrə Suriyanın gələcəyində mühüm rol oynamaq şəraiti yaradır. Əsədin yeganə rolu bundan ibarətdir”.

İsmayıl