“Əsl Koroğlunun qədim variantı Türkmənistanda qalır”

“Azərbaycan və Türkiyədə məşhur olan Koroğlu dastanı isə yarımçıqdır. Yəni yarıdan başlayan dastandır”
“Həmin Koroğlunun anadan olmasından, ölümünə qədər, bütün həyatı Türkmənistan ədəbiyyatında öz əksini tapıb”


"Vəhdət” Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi 8-ci sinif Azərbaycan tarixi dərsliyində önəmli yanlışlıq olduğunu vurğulayıb. V.Əfəndi bildirib ki, dərslikdə mifik qəhrəman hesab olunan Koroğlunun Səfəvi şahı I Şah Abbasın ordusuna kömək məqsədi ilə Osmanlıya qarşı vuruşduğu yazılıb. Ekspertə görə, bu qədər əsası olmayan, saxta bir tarixi yazmaqda məqsəd yalnız antitürk təbliğatı ola bilər:

"Koroğlunun mifik əfsanəvi türk qəhrəmanı olması və bütün türk xalqlarına mənsubiyyəti azyaşlı uşaqlara da məlumdur. Koroğlunun tarixi şəxsiyyət kimi dərsliklərə salınması gülünc və səviyyəsizlikdir”. V.Əfəndi "Koroğlu” dastanında adı çəkilən Kürdoğlu ilə bağlı ziddiyətli məqamları da gündəmə gətirib: "Kürdoğlu Koroğlunun oğlu kimi göstərilir. Amma bu sadəcə dastanın Azərbaycan-sovet variantında var. Digər türk xalqlarında belə məsələ yoxdur. Koroğlu-Kürdoğlu döyüş səhnəsi də bizim üçün alçaldıcıdır. Necə olur ki, Kürdoğlu atasını iki dəfə yıxır və əfv edir, amma Koroğlu öz oğlunu məğlub edəndən sonra onun başını kəsəcəyini söyləyir. Belə namərdlik türklərə, türklüyə yaraşmaz”. 
Koroğlu ilə bağlı iddiaya münasibət bildirən sabiq təhsil naziri, professor Firudin Cəlilov "Şərq”ə açıqlamasında siyasətçinin görüşlərini müdafiə edib. O, Koroğlunun qədim türk xalqlarına məxsus əfsanəvi qəhrəman olduğunu söyləyib:

 "Bizdəki Koroğlu ilə Anadoludakı Koroğlu fərqli olsalar da, hər ikisi də süni qəhrəmanlardır. Əsl Koroğlunun qədim variantı Türkmənistanda qalmaqdadır. Həmin Koroğlunun anadan olmasından, ölümünə qədər, bütün həyatı Türkmənistan ədəbiyyatında öz əksini tapıb. Azərbaycan və Türkiyədə məşhur olan Koroğlu dastanı isə yarımçıqdır. Yəni yarıdan başlayan dastandır. Guya Rövşən adında bığıburma bir oğlan peyda olub və atasının gözü çıxarıldığı üçün ona Koroğlu deyiblər. Bu hadisə qondarmadır”. Professor deyib ki, Koroğlu adı əslində "Goroğlu”dur: "Dastanın türkmən versiyasında Goroğlu deyilir. Onun anası hamilə olanda ölür və qadını basdırırlar. Gorda, yəni qəbirdə doğulduğu üçün ağsaqqallar yığışıb onun adını Goroğlu qoyurlar. Bu dastan çox qədimdir, hətta "Dədə Qorqud” dastanından da qədimdir. Onu da vurğulayım ki, Koroğlu adlı mifik qəhrəman kimi qədim Avropa ölkələrində də olub. Ancaq orada Herakl, Qerakl, Qoroğlu şəklində yayılıb. Koroğlunu Heraklla müqayisə etmək lazımdır”.

Tarixçi-alim Dilavər Əzimli isə Koroğlunun real tarixi şəxsiyyət olduğunu söyləyib: "Koroğlu adı mifik obrazda qədim şumerlərə qədər gedib çıxır. Bu ad zamanla ötürülə-ötürülə gəlib orta əsrlərə çıxıb. Türklər öz qəhrəmanlarının adını övladlarına verərək daim yaşadıblar. Orta əsrlərdəki Koroğlu isə real həyatda Şərqi Anadoluda yaşayıb. O, tarixi şəxsiyyətdir. Koroğlu haqqında görkəmli tarixçi Faruk Sümerin geniş məqalələri var. F.Sümer Koroğlunun yaşadığı yeri, başındakı dəstəsini öz əsərində dəqiq göstərib. Eyni zamanda onun saz çaldığını da qeyd edib. Bu faktlar Koroğlunun tarixi qəhrəman olduğunu göstərir. Koroğlunun mifik obraz olması haqqında yaranmış dastandan irəli gəlir”. Tarixçi bildirib ki, Koroğlunun dövrü Cəlalilər hərəkatına təsadüf edir: "XVI əsrin sonu, XVII əsrin əvvəllərində mövcud olan Cəlalilər hərəkatının kökü, məqsədi var. Uzun müddət müharibələr aparan Osmanlı imperiyası zaman-zaman əhalinin təminatında problemlər yaşayırdı. Bəzən məmurlar əhalinin var-dövlətini əlindən alırdı. Vəziyyətin ağırlaşdığı bu kimi dövrlərdə müəyyən üsyançı dəstələr ortaya çıxırdı. Cəlalilər də onlardan biri idi və bu hərəkatın əsasını sosial narazılıq təşkil edirdi. Bu üsyançı hərəkat uzun müddət davam etdi və Osmanlıya ciddi zərbələr vurdu. O dəstələrdən birinin də başında Koroğlu dururdu. Bunu tarixi faktlar sübut edir”.

İsmayıl