“Əsrin kontraktı” Azərbaycana nəfəs verdi

İlham Əliyev: “Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”



Azərbaycan müstəqilliyini bərpa etdikdən bu yanadır ki, iqtisadi inkişafda sürətli addım atan ölkələrdən biridir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft kontraktları, "Əsrin kontrakt”ı Azərbaycan iqtisadiyyatında inkişafın demək olar ki təməlini qoydu. Azərbaycan nefti dünya bazarına çıxdı, ölkəyə gəlir gəlməyə başladı. Ulu öndərin siyasətinin layiqli davamçısı, cənab prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın enerji resurslarından səmərəli istifadə edildi.

Bu siyasət hazırda da davam edir. Bir çox beynəlxalq layihələrdə iştirak etmək, bir çox iri layihələrin həmmüəllifi olmaq Azərbaycanı təkcə regionun deyil, eləcə də dünyanın ən aparıcı, qabaqcıl ölkələrindən birinə çevirib. Ölkəmizin iştirakı və təşəbbüsü ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr təkcə Azərbaycan deyil, eləcə də ətraf ölkələr, hətta bizdən çox-çox uzaq olan Avropa üçün həyati əhəmiyyət kəsb edir. Müstəqillik illərindən sonrakı dövrdə Azərbaycanın iştirakı ilə reallaşdırılan bir sıra layihələrin timsalında bunu görmək mümkündür. Bu günlərdə isə Azərbaycan daha bir qlobal əhəmiyyətə malik layihənin həyata keçirilməsinə start verdi. 

Söhbət Cənub Qaz Dəhlizi layihəsindən gedir. Azərbaycanın liderliyi ilə həyata keçirilən sözügedən layihə regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyətə malikdir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində ölkə başçısı İlham Əliyevin söylədikləri də buna sübutdur.
Cənab prezident qeyd etdi ki, 1994-cü ildə birinci Xəzər Neft-Qaz Sərgisi təşkil edilib ki, bu, Azərbaycanın dünyada zəngin resurslara malik ölkə kimi tanıdılmasında böyük rol oynayıb: "1994-cü il sentyabrın 20-də "Əsrin kontraktı” imzalandı. 

"Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 24 il bundan əvvəl imzalanmış "Əsrin kontraktı”nın müddəti keçən il 2050-ci ilə qədər uzadıldı. Yəni, bu, özlüyündə onu göstərir ki, yataqda nə qədər böyük neft ehtiyatları var. "Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün "Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın iri neft strategiyası icra olunmağa başlayıb”.

Cənab prezident vurğuladı ki, 1994-cü ildən sonra ikinci böyük kontrakt "Şahdəniz” qaz yatağı üzrə imzalanıb: "Onu da qeyd etməliyəm ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. 

Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, bu tarixi gündə Cənub Qaz Dəhlizinin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. "Şahdəniz” qaz yatağı Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. 2002-ci ildə biz "Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. 

Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir.

2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan "Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır. O günü də mən çox yaxşı xatırlayıram. Ceyhandakı mərasimi də yaxşı xatırlayıram. Bu gün buraya gələrkən bütün o tarixi anlar, o günlər bir daha mənim yaddaşımda oyandı və bir daha demək istəyirəm ki, doğrudan da bunlar tarixi nailiyyətlərdir”.

Cənab prezidentin dediyi kimi, Azərbaycan təbii resurslarından səmərəli istifadə etməklə həm iqtisadiyyatını şaxələndirir, həm ölkəyə gələn gəlirin çoxalmasına çalışaraq, sosial vəziyyəti, insanların yaşayışını, güzəranını yaxşılaşdırır, həm də qonşu və Avropa dövlətlərinin enerji təminatını həyata keçirir. Bu da Azərbaycanın önəmini artırır.

Yenə də qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsi hər şeydən əvvəl əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyasının davamıdır. İstər Cənub Qaz Dəhlizi, istərsə də digər bu kimi qlobal əhəmiyyətli layihələr gündəmə gəlib reallaşdırılanda təbii ki, ulu öndərin əsasını qoyduğu uğurlu neft strategiyasının nə qədər əhəmiyyətli, lazımlı və Azərbaycan üçün gərərkli olduğunu xatırlayırıq. Zamanında "Əsrin kontraktı” imzalanmasaydı, təbii ki, bu gün nə Cənub Qaz Dəhlizi, nə də indiyə qədər reallaşdırılan digər bu kimi layihələrdən danışmaq, hətta onları təsəvvür belə etmək olmazdı.

 Cənub Qaz Dəhlizi layihəsinin digər bir mühüm əhəmiyyəti ondan ibarətdir ki, bununla Azərbaycan bir daha regionun lider dövləti olduğunu təsdiqlədi, eyni zamanda qlobal əməkdaşlığın mərkəzinə çevrildiyini sübuta yetirdi. Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Bundan başqa daha üç Balkan ölkəsi, Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə Cənub Qaz Dəhlizi layihəsinə qoşulacağı nəzərdə tutulur. 

Bu da öz-özlüyündə Cənub Qaz Dəhlizi layihəsinin qlobal əhəmiyyətli bir layihə olduğunu ortaya qoyur. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Cənub Qaz Dəhlizi layihəsinin rəsmi açılış mərasimində layihənin iştirakçısı olan ölkələrlə yanaşı ABŞ, Böyük Britaniya da yüksək səviyyədə təmsil olundu. Bu da öz-özlüyündə bu layihəyə dünyanın super güclərinin yetərli dəstək verdiyinin göstəricisidir. Bu təkcə Vaşinqton və Londonun enerji layihələrində Azərbaycana dəstəyi deyil, eyni zamanda rəsmi Bakı ilə bu ölkələrin yüksək səviyyədə əməkdaşlığı deməkdir.

ABŞ Prezidenti Donald Trampın cənab prezident İlham Əliyevə ünvanladığı məktubunda qeyd etdikləri, Azərbaycanın enerji təminatçısı kimi rolunu yüksək qiymətləndirməsi də sübut edir ki, ölkə başçımızın uğurlu siyasəti, dövlətimizin daha da qüdrətlənməsinə gətirib çıxarıb.
Önəmli məqamlardan biri də odur ki, Cənub Qaz Dəhlizi gələcəkdə genişlənə bilər.
Belə ki, SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib ki, gələcəkdə bu qaz kəməri layihəsi digər ölkələrə də keçə bilər. O hesab edir ki, bu istiqamətdə ayrıseçkiliyə yol verilmədən yeni investorlar cəlb edilməlidir. Bu da onu deməyə əsas verir ki, sözügedən layihə həqiqətən də böyük qlobal əhəmiyyətə malikdir.

Bir çox xarici və yerli ekspertlər də bildirirlər ki, Cənub Qaz Dəhlizi təkcə Azərbaycan üçün deyil, "qoca qitə” Avropa üçün də əhəmiyyət kəsb edir. Çünki Azərbaycan qazı bu kəmər vasitəsi ilə Şərqi Avropa dövlətlərindən tutmuş, mərkəzi və qərbi Avropa enerji təhlükəsizliyini təmin edəcək. Həm də Azərbaycana iqtisadi və siyasi dividend gətirəcək.

Analitik Qabil Hüseynli bildirir ki, bunun iqtisadi əhəmiyyəti aydındır: 

"Ölkəyə valyutanın gəlməsi və əhalinin güzəranının daha da yaxşılaşacağı məlumdur. Enerji təminatı iqtisadiyyatla yanaşı, siyasi məsələdir. Avropanın enerji təminatını həyata keçirmək böyük işdir. Bilirik ki, Avropa ölkələri Amerikanın müttəfiqləridir. ABŞ öz müttəfiqlərinə edilən enerji dəstəyini özünə edilən enerji dəstəyi kimi qiymətləndirir. İndi Avropanın enerji layihələrinin böyük bir qismi Azərbaycanın üzərinə düşür ki, bu da ABŞ tərəfindən yüksək qiymətləndirilir. ABŞ dövlət başçısının Azərbaycan prezidentinə göndərdiyi son 2 təbrik məktubunda da bunlar xüsusi olaraq vurğulanır. Cənub Qaz Dəhlizi gələcək üçün də böyük perspektivlərə malikdir. Yəni Azərbaycan ərazisi bu cür layihələrlə dünyanın enerji dəhlizinə çevrilməkdədir”.
Anar