Türkiyədə ajiotaj yaradan qanun layihəsi geri qaytarıldı
“Əgər bu biabırçı qanun qəbul olunsaydı, Türkiyədə mühafizəkar ailələr 13 yaşından sonra qız uşaqlarını məktəbə buraxmayacaqdı”
Türkiyədə böyük səs-küyə səbəb olan qanun layihəsi ölkə parlamentinin gündəliyindən
çıxarılıb.” Cinsi təcavüz etdiyi qızla evlənəcəyi halda təcavüzkarların cəzadan azad
edilməsini”ni nəzərdə tutan müddəa hökumət tərəfindən qəbul olunmadığı üçün geri qaytarılıb.
Qalmaqala səbəb olan bu təkliflə bağlı çıxış edən Baş nazir Binəli Yıldırım hələ ki, məsələ ilə
bağlı irəli sürülən bütün təkliflərin dəyərləndirildiyini deyib: "Bütün təkliflərin nəzərə alınması
və problemin həll yolunun tapılması məqsədi ilə layihə komissiyaya geri qaytarılır”. Bu
məsələdə müxalifəti də birliyə çağıran B.Yıldırım müxalifət partiyalarına çağırış edib, bu
məsələdə ortaq yol tapmağı təklif edib.
Qeyd edək ki, CHP-nin toplantısına qatılmağa gələn qadın vətəndaş cəmiyyəti təşkilatlarının
üzvləri CHP salonuna sığmayıb. Hətta partiya sədri Kılıçdaroğlunun çıxışı zamanı səs problemi
yaşanıb. O, öz kürsüsünü buraxaraq üst sıraya çıxıb və nitqinə oradan davam edib. CHP lideri
Kılıçdaroğlunun nitqindən əvvəl salona yerləşməyə çalışanlar çətin anlar yaşanıb. Yer qalmadığı
üçün CHP-li vəkillər yığıncağı otaqlarına gedərək gözləyiblər. Türkiyə Böyük Millət Məclisində
AKP-nin təklifinə reaksiya verən müxtəlif qadın vətəndaş cəmiyyəti quruluşları Məclis
qarşısında toplanaraq sözügedən qanun layihəsinə etiraz edərək "Bu qanun Məclisdən
keçməyəcək” deyə şüarlar səsləndiriblər.
Qardaş ölkədə ciddi fikir ayrılıqlarına və narazılıqlara səbəb olan qanun layihəsinin geri
qaytarılmasının cəmiyyətdə qadın təşkilatlarının uğuru kimi qəbul edilməsini birmənalı
qarşılamayan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq
müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, qadın cəmiyyətləri ayağa qalxmasa belə,
onsuz da Atatürkün qurduğu parlamentdə belə bir qanun qəbul olunmayacaqdı: "Sözsüz ki,qanun layihəsinin komissiyaya geri qaytarılmasında qadın cəmiyyətlərinin keçirdiyi etiraz
aksiyalarının bir rolu var. Amma parlamentdə təmsil olunan kişi millət vəkillərinin də ailələri,
qızları olduğunu nəzərə almaq lazımdır. Əgər bu biabırçı qanun qəbul olunsaydı, Türkiyədə
mühafizəkar ailələr 13 yaşından sonra qız uşaqlarını məktəbə buraxmayacaqdı. Sözügedən
qanun layihəsini kim hazırlayıb bilmirəm, amma görünən odur ki, bu insanlar həddindən artıq
naşı olublar. Atatürkün qurduğu Türkiyə Cümhuriyyətində belə bir qanun qəbul oluna bilməz.
Atatürk hakimiyyətə gələn gündən qadınların hüquq və azadlıqlarını tanıyıb, qız uşaqlarının
məktəbdə oxuması üçün hər cür şərait yaradıb, qadınları irəli çəkdirdi. Hətta qadın təşkilatları bu
cür aksiyalar keçirməyib, prosesləri kənardan izləsələr belə, parlamanetdə təmsil olunan
insanların narazılığı bu layihənin geri qaytarılmasına zəmin yaradacaqdı”.
"İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri İradə Cavadova isə hesab edir
ki, qanun layihəsinin geri qaytarılması Türkiyədə fəaliyyət göstərən qadın təşkilatlarının
gücünün və sözlərinin nə dərəcədə kəsərli olmasının göstəricisidir. Birlik sədrinin sözlərinə görə,
qanun qəbul olunacağı halda təcavüzə meyilli olan kişilər bundan sui-istifadə edəcəkdilər ki, bu
da Türkiyədə qadınlara qarşı cinsi zorakılığın artması ilə nəticələnəcəkdi: " Çox güman ki, bu
qanun qəbul olunacağı halda hansısa bir qadını əldə etmək istəyən kişi əvvəl ona təcavüz edib,
məsuliyyətdən yayınmaq üçün də evlənəcəkdi. İki aydan sonra da boşanıb, öz həyatına davam
edəcəkdi”. Heç bir qadının öz razılığı ilə ona təcavüz edən birisi ilə evlənməyə razılıq
verməyəcəyini vurğulayan İradə xanım deyib ki, ailəsinin təzyiqi altında qadının buna vadar
edilməsinin özü də zorakılıqdır. Yəni bu qanunun qəbulu cinsi zorakılığın üstünün mənəvi,
bəzən də fiziki zorakılıqla pərdələməsi kimi bir şeydir. Birlik rəhbərinin sözlərinə görə, cinsi
təcavüz etdiyi qızla evlənəcəyi halda cəzadan azad olunma” ilə bağlı qanun layihəsi qəbul
olunsa, kişilərlə yanaşı, bəzi qadınlar da bundan sui-istifadə edə bilərlər. Hesab edirəm ki, o
qanun layihəsini hazırlayan millət vəkilləri əvvəlcədən bu ehtimalları nəzərə almalı idilər”.
Şəymən