Evsiz qaldılar...

Sosial mənzillərin satışını həyata keçirən saytın bir anda çökməsi narazılıq yaratdı
Natiq Cəfərli: “Qeyri-şəffaf münasibət olubsa, onu edənlər cəzalanmalıdır ki, cəmiyyətdə sosial mənzil layihəsinə inam artsın


Azərbaycanda güzəştli mənzil konsepsiyası ortaya qoyulduqdan sonra ev almağa gücü çatmayan bir çox insanlarda mənzillə təmin olunacağına dair ümid yarandı. Mənzil İnşaat Dövlət Agentliyinin sosial mənzillərin satışı ilə bağlı keçirdiyi hərracda yaşananlar Azərbaycanda güzəştli mənzil əldə etmək istəyən yüzlərlə vətəndaşın ümidlərini boşa çıxartdı.

Səbəb isə elektron hökumət portalında yaranan problem və vətəndaşların bu sistemə çıxış imkanından məhrum olması olub. Prosesdə min nəfərdən çox vətəndaş zərər çəkib. Həmin vətəndaşlar satış başa çatdıqdan sonra adıçəkilən qurumun qarşısında toplaşaraq etirazlarını səsləndiriblər.
MİDA qarşısında etiraz aksiyası keçirən bir qrup insan sosial mənzillərin verilməsi layihəsində aldadıldıqlarını iddia ediblər. Belə ki, elektron mənzillərin satışa çıxarıldığı e-gov.az saytı son 3 gündə işləməyib.
260 mənzil 1600 nəfərə satılıb. 1325 nəfərə isə mənzil alması barədə sistem tərəfindən xəbərdarlıq edilib. Mayın 8-də bu bildirişə təsdiq cavabı gözləyən insanlara ASAN xidmətdən texniki nasazlıq olduğu lakin, ərizələrin təsdiqlənəcəyi bildirilib. Əslində isə son məqamda 260 evin satıldığı məlum olub. Sistemin xətaları ucbatından elektron müraciət edə bilməyən 7000 nəfər özünü aldanmış hesab edir.
Vətəndaşlar hesab edir ki, bu böyüklükdə maraq cəlb etmiş bir layihənin texniki nasazlıq səbəbi ilə insanların narazılığına səbəb olması yolverilməzdir. Elektron Hökumət portalının təxminən 20 min giriş qarşılığında çökməsi həqiqətən xoşagəlməz faktdır. Bir mənzillə bağlı ən az 10 nəfərə bildiriş gedib. Ən pisi də budur ki, bildiriş alan vətəndaşlar belə mənzil ala bilməyiblər.
Qeyd edək ki, mayın 7-dən etibarən MİDA Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına başlayıb. Satış avqustun 7-nə qədər davam edəcək. Kompleks ərazisində ümumilikdə 29 binanın tikintisi nəzərdə tutulub.
Bəs, necə olur ki, milyonlarla dollara başa gələn dövlət saytı - elektron hökumət portalı, mənzil satışı günü çökür?



İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, ya sosial mənzillərin verilməsilə bağlı işi öhdəsinə götürən Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) məsələyə məsuliyyətsiz yanaşaraq normal bir sayt qura bilməyib. 

Ya da, ola bilsin sonradan ajiotajın yaranmasını nəzərə alaraq bilərəkdən belə ediblər ki, öncədən müəyyən əyri yollarla bəzi insanlara bu mənzilləri sata, yaxud da razılaşdırılmış şəkildə onlara təqdim edə bilsinlər. Yəni bu danışılmış, sövdələşmiş iş də ola bilər. Bunun başqa izahı yoxdur”.
Onun sözlərinə görə, sosial mənzillərə tələbatın böyük olacağı gözlənilən idi. Çünki şərtləri ipoteka kreditləri üzrə qoyulan şərtlərdən daha cəlbedicidir. 

Əhalinin böyük qisminin mənzilə ehtiyacının olduğu və daha yaxşı şərtlərlə evə sahib olmaq istəyini nəzərə alaraq, bu işi həyata keçirənlər, sosial mənzillərin satışa çıxarıldığı e-gov.az saytını yaradanlar anlamalı idilər ki, minlərlə insan sayta axın edəcək. XXI əsrdə normal sayt qurub, onu normal hostinqdə yerləşdirib, çoxlu sayda izləyicinin ora daxil olmasına şərait yaratmaq o qədər də bahalı və çətin proses deyil: "Rəsmi qurumlar yaranmış situasiyanı nə qədər izah etməyə çalışsalar da, insanın düşüncəsində bu fikir qalacaq ki, proses şəffaf həyata keçirilməyib. Prosesi həyata keçirənlər bunu öncədən görməli idilər. Baş verən olay texniki problemlə bağlıdırsa, bunun özü də böyük biabırçılıqdır. Çünki dövlət üçün əhəmiyyətli bir işlə məşğul olan qurumlar saytlara çoxlu sayda insanın daxil olduğunu bilərək, normal, təhlükəsizlik qaydalarına uyğun hostinqlərdə yerləşdirilmiş bir sayt qurmalı idilər. 

Problem texniki məsələlərlə bağlı olaraq yaranıbsa, bunun özü də ciddi araşdırılmalıdır. Addım bilərəkdən belə atılıbsa, onu da ciddi şəkildə araşdırmaq lazımdır. Öncədən həmin mənzillərin kimə verilidiyi, kimə bu istiqamətdə şərait yaradıldığı aydınlaşdırılmalıdır. Belə bir qeyri-şəffaf münasibət olubsa, onu edənlər cəzalanmalıdır ki, cəmiyyətdə sosial mənzil layihəsinə inam artsın. Ancaq son olaydan görürük ki, ilk addımda sosial mənzil layihəsinə inam ciddi şəkildə sarsılıb. Burada bir çoxlarının iddia etdiyi kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin heç bir günahı yoxdur. 

Onlar birbaşa bu işlə məşğul olmurlar. Bu işlə birbaşa məşğul olan Mənzil İnşaat Dövlət Agentliyi saytı normal şəkildə qurmalı və normal hostinqdə yerləşdirməli idi. Hətta orta səviyyəli mütəxəssis belə həmin saytı normal qura və onu təhlükəsiz şəkildə yerləşdirə bilərdi. Ona görə də yaranmış vəziyyətlə bağlı birbaşa prosesə məsul olan şəxslər izahat verməlidirlər. Hər halda, dövlət üçün əhəmiyyətli olan bu layihə təəssüf ki, ilk gündən ciddi şübhələrlə qarşılaşdı və ona inam sarsıldı”.

Şəymən