Facebook gündəliyi

Rus dilini öyrənək, amma şitini çıxarmayaq
Afaq Məsud hekayəsində rus dilinin Azərbaycan insanı və cəmiyyəti üçün necə bir problem, hətta siyasi təhlükə törədə biləcəyini qeyd edib


Ölkəmizdə rus dilinə tələbat olduqca çoxdur. Adicə işə qəbul zamanı müsahibələrdə vətəndaşlara verilən ilk sual rus dilini bilib-bilmədikləri ilə bağlı olur. Təbii ki, çoxluq bu durumdan narazıdır. Bəziləri orta məktəblərdə rus dilinin keçirilmədiyini səbəb gətirərək, işə qəbul üçün rus dili tələbini yersiz sayırlar. Bəziləri isə ana dilinin əsas olduğunu düşünür, rus dilinin zəruriliyini ciddi hesab etmirlər.

Sözsüz ki, çox dil bilməyin heç bir ziyanı yoxdur. Əksinə, əlavə dil bilən şəxslərin bir addım öndə olduğu hər kəsin məlumudur. Xarici dil biliyi dünyaya çıxış üçün əsas şərtdir. Məhz buna görə də ingilis, ya rus dilinin zəruriliyi özünü çox yerdə göstərir. Hətta valideynlərin çoxu övladlarının rus bölməsində təhsil almasına çalışırlar.

Feysbuk istifadəçilərindən olan tanınmış jurnalist İlqar Əlfioğlu da bu mövzuda maraqlı status yazıb:
"Yazıq millət! 70 il rus dili öyrənmişdin, pis-yaxşı, bilirdin. Sonra gəlib dedilər ki, rus dili düşmənimizin dilidir, məktəblərdə keçilməsin. Dedik, xub, keçmərik... 25 il düz-əməlli keçmədik. İndi də iş axtaranda hara gedirsən, rus dili istəyirlər. Sənə niyə yazıq deyirəm, çünki indi də 25 illik geriliyini aradan qaldırmaq üçün 50 zülm çəkəsən gərək. Nə isə... Neynək, bir 50 il də rus dili öyrənək, amma şitini çıxarmayaq”.

Statusla bağlı fikir bildirən istifadəçilər fərqli düşünürlər:

Leyla Qədirzadə: Rus dilindən əlavə, ingilis dilini də soruşurlar. Bir çox şirkətlərdə yazışmalar da ingilis dilində aparılır.

Baba Allahnəzərov: Bir dil bilsən bir, 5 dil bilsən beş adamsan!.. Mən gənclərimizin rus, fars, ərəb, fransız və ingilis dillərini bilməyini vacib hesab edirəm. Ən azından, bizim bu dilli ölkələrlə elə çox sıx tarixi, mədəni əlaqələrimiz var ki...

Əjdər Əliyev: Çox dil bilmək pis deyil, ana dilini başqa dillərə qurban vermək, onlardan aşağı hesab etmək pisdir.
Cahangir: Məktəblərdə rus və ingilis dilləri mütləq keçirilməlidir. Rus dili keçmiş sovet məkanında ünsiyyət qurmaq üçün bir dil olaraq qalır, ingilis dilini bilmək isə dünyaya çıxışdı.

İlqar Əlfioğlu həmçinin "Niyə sovet dönəmində uşağını rusca oxudan bundan az idi” sualını da feysbuk səhifəsinə yazıb. İstifadəçilərin cavabları müxtəlifdir:

Milord Lord: Çünki o vaxtı azərbaycanlıların böyük hissəsi rayonlarda yaşayırdı.

Məhəmməd Səfər Oğlu Verdizadə: Sovetdə savadlı çox idi. İndi savadsız aşıb daşır. Nəticə budur ki, rus dilində danışmaq savad dərəcəsi və ya göstəricisi kimi başa düşülür.

Mehman Muradlı: Çünki sovet dönәmindә dәrsliklәrә ciddi nәzarәt var idi.

Xanım Qaralova: Çünki ovaxtlar iş üçün qapı döyənlərə ilk olaraq "rus dilini mükəmməl bilirsənmi" sualı olmurdu...

Tanınmış tənqidçi Əsəd Cahangir isə "Şərq”ə açıqlamasında rus dilinin zəruri tələb kimi ortalığa qoyulmasını anlamadığını deyib: 

"İnsan nə qədər çox dil bilsə, bir o qədər də dünya vətəndaşı sayılır. Amma rus dilinə münasibət özəl anlam daşıyır. Çünki biz 1813-cü ildən çar Rusiyasının, 1817-ci ildən etibarən isə bolşevik Rusiyasının əsarəti altında olmuşuq. Buna görə də rus dilinin zəruri tələb kimi iş axtaranların qarşısına qoyulması həmin əsarətin mənəvi formada davam etməsi kimi görünür. Artıq rus dilinə olan münasibət siyasi məzmun daşıyır. Bundan əlavə hər bir dünya insanı müəyyən bir xarici dili bilməlidir. Məsələn, istər çar Rusiyası, istərsə də sovet Rusiyası dövründə bizim üçün rus dili dünya dili rolunu oynayıb”.

Rus dilinin əhəmiyyətini inkar etmədiyini vurğulayan tənqidçi bildirib ki, rus dili vasitəsilə dünya mədəniyyəti ilə tanış olmuşuq, bəzi alimlərimiz, şairlərimiz yetişib:

 "Amma bu, tarixi mərhələ kimi artıq geridə qalıb. Bu gün bizim üçün dünya dili ingilis dilidir və dünya mədəniyyəti ilə əlaqəmiz ingilis dili vasitəsilədir. Necə ki, çar Rusiyasından əvvəlki dövrdə dünya mədəniyyəti ilə tanışlığımız ərəb və fars dilləri vasitəsilə olub. Ona görə də heç bir özəl tarixi zərurət olmadan, yəni, kiminsə yanlış layihəsi, "kapriz"i əsasında bu tarixi mərhələni yenidən geri qaytarmağı, rus dilini vacib bir tələb kimi ortalığa qoymağı anlamıram. Hörmətli yazıçımız Afaq Məsud hekayəsində rus dilinin Azərbaycan insanı və cəmiyyəti üçün necə bir problem, hətta siyasi təhlükə törədə biləcəyini qeyd edib.

Vaxtilə ərəb dilinin, sonra isə rus dilinin oynadığı rol aydın idi. İndi ingilis dilinin rolu aydındır. İndi isə bir beynəlxalq dil, yəni, ingilis dili mövcud ola-ola rus dilinin ortalığa çıxarılması mənə aydın deyil. Düşünürəm ki, bu, sadəcə rus dili ilə bağlılığı olan müəyyən səlahiyyət sahiblərinin şəxsi və subyektiv nöqteyi-nəzəridir. Gəlin etiraf edək ki, dünyaya çıxışımız artıq Rusiya yox, İngiltərə və Türkiyə vasitəsilə olur. Ona görə də rus dilinə zəruri bir ehtiyac yoxdur”.

Yeganə Bayramova