Faktları gizlətmək sonda böyük faciələrə gətirir

Qadınlara qarşı zorakılıqla bağlı statistik rəqəmlər həmişə ziddiyyətli olub


Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı statistik rəqəmlərin saxtalaşdırılması faktlarına rast gəlinir. Bunu Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Onun sözlərinə görə, bu hallar zorakılıqla bağlı açılan cinayət işlərinin maddəsinin dəyişdirilməsində özünü büruzə verir:

"Məsələn, bizdə olan məişət zorakılığına məruz qalma halları ilə bağlı rəqəmlər üst-üstə düşmür. İlin ortasında Komitəyə Cinayət Məcəlləsinin 125-ci maddəsilə (intihar həddinə çatdırma) açılmış işlərlə bağlı təqribən 60 fakta dair məlumatlar daxil olur.

İlin sonunda statistikada rəqəm 37 göstərilir. Daxili İşlər Nazirliyinə zəng vurub rəqəmlərdəki fərqin səbəbini soruşanda, deyirlər ki, "araşdırmalarla açılmış cinayət işinin maddəsi dəyişdirilib”.
"Nəinki qadınlarla, ümumiyyətlə, insan amili olan proseslərdə diqqətli olmaq lazımdır. Problemləri gizlətmək yox, açmaq lazımdır. Rayonlara səfər zamanı hüquq-mühafizə orqanlarından erkən nikah, zorlama halları ilə bağlı məlumat istəyəndə tarixdən, Tomrisdən danışırlar.

Deyirəm, mənə bu lazım deyil. Mən tarixi də bilirəm, Tomrisi də tanıyıram. Mənə fakt lazımdır, zorlama, erkən nikahla bağlı fakt verin”, - deyə komitə rəsmisi qeyd edib.

«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova «Şərq»ə açıqlamasında komitə rəsmisinin bəyanatının onu yaxşı mənada heyrətləndirdiyini dedi:

- Çox yaxşı çıxışdı. Səmimi deyirəm. Komitə tərəfindən bu formatda çıxış bir ilkdir. Təbrik edirəm.
Əslində qadınlarla bağlı statistik rəqəmlər həmişə ziddiyyətli olub.

Erkən nikahla bağlı qeyd edilənlər də doğrudur. O cümlədən zorlanma ilə bağlı faktlar da ziddiyyətlidir. Amma səbəblər var. Məsələn, zorlanma ilə bağlı faktların ziddiyyətliyi bəzən müraciətin gecikmiş olmasıyla bağlıdır. Müraciətlər gecikəndə faktın sübut olunması çətinləşir.

Bəzi hallarda bu yalnız polis idarələrinin yox, ümumi rayon rəhbərliklərinin problemin aktuallaşacağına dair narahatlığından doğur. Məsələn, bəzən adi məişət zorakılığı ilə bağlı məlumatlandırmada «bizdə belə problem yoxdur» deyə inad edirlər.

Halbuki sığınacağa daxil olan şəxslər arasında məhz həmin rayondan olan adamların olduğu bizə bəllidir.

Eləcə də insan alveri ilə bağlı oxşar faktlarla üzləşmişik. İnsan alveri təbii ki, məxfi məlumat olduğundan həmin rayonda bu barədə məlumatsız ola bilərlər. Amma məişət zorakılığını gizlətmək, məncə, problemlərin daha da ağırlaşması ilə nəticələnə bilər.

M.Zeynalova hesab edir ki, hadisələri gizlətmək və ya ört-basdır etməklə problemlərin həllinə nail olunacağını düşünmək sadəlövhlükdür. Amma zorakılıqla üzləşmiş qadınlar, konstitusion hüquqları pozulmuş insanlar zamanında lazımi instansiyalara müraciət etsələr, problemləri aradan qaldırmaq və vətəndaşın hüquqlarını təmin etmək də asan olar.

Məlahət Rzayeva