ABŞ Prezidentinin Çinlə gizli yaxınlaşması müttəfiqləri ayağa qaldırdı
ABŞ və Çin qarşılıqlı fayda təmin edən ölkələri öz maraqları naminə istifadə etmək üçün uzun müddətdir müxtəlif addımlar atırdı və nəticədə masada qanuni əməkdaşlıqların yerini aqressiv və müharibə cinayətləri ilə müşayiət olunan proseslər aldı.
ABŞ aqressiv mövqeyi ilə Venesuela və İran neftində söz sahibi olacağını düşünsə də, milyardlarla dollarlıq müharibə xərcləri neft qiymətlərini demək olar ki, ikiqat artırdı. Bu vəziyyət bütün dünyaya təsir edir və müharibəni bitirəcək gücün ABŞ-nin “güclü silahlarında olmadığını” ortaya qoyurdu. ABŞ üçün sabitlik və çıxış yolu daim meydan oxuduğu Çində ola bilərdimi?
Tramp ikinci dəfə prezident olduqdan sonra dünyanın müxtəlif yerlərində geniş müzakirələrə səbəb olan qərarlar və sanksiyalar imzaladı. O, zaman-zaman başqa ölkələrin daxili işlərinə qarışmış, hətta müharibə cinayətləri törədərək onların inkişafına mane olmuşdu. Danışıqlar masasında isə İranla bağlı hücumları, Venesueladan sonra bardağı daşıran son damla olmuşdu. ABŞ prezidentinin aqressiv və bir çox ekspert tərəfindən cəsarətli hesab edilən bu addımları uzunmüddətli perspektivdə ölkəsinə ard-arda itkilər gətirdi.
Nəhayət, müharibənin başlamasından 17 gün sonra gündəmə gələn və ABŞ-də keçirilməsi planlaşdırılan Çin Xalq Respublikasının sədri Si Cinpin ilə ABŞ prezidenti Donald Tramp arasındakı görüş təhlükəsizlik səbəbilə təxirə salındı. Bir neçə aydır gözlənilən bu görüşdə dünya gündəmini dəyişə biləcək çoxsaylı detallarla yanaşı, diqqətdən kənarda qalan mühüm mesajlar da vardı. İqtisadiyyatını bərpa etməyə çalışan ABŞ və iqtisadiyyatına zərbə vuracaq hər cür hücuma qarşı möhkəm dayanan Çinin görüşünün görünməyən tərəfi nə idi? ABŞ-nin Çinə yaxın olan hər kəsə “güllə təqdim etdiyi” bir vaxtda bu dəfə masada “çiçəklərin” olması nə demək idi?
Sherg.az xəbər verir ki, İstanbul Medipol Universitetinin müəllimi Dr. Murat Genç ABŞ-Çin görüşündən sonra münasibətlərin necə formalaşacağını və görüşün görünməyən tərəflərini Milliyet.com.tr-yə şərh edib.
MÜHARİBƏNİ DAYANDIRACAQ GÜC! ABŞ-NİN “SİLAHI” ÇİNƏ TƏSİR ETMİR
Donald Tramp prezidentliyinin ilk günündən etibarən Çini tariflərlə hədələyirdi. Çin isə buna nadir torpaq elementləri ilə cavab verirdi. Dünya ticarətinin ixrac lideri olan Çin, tətbiq olunan rüsumlara baxmayaraq, ən yaxın rəqibi ABŞ-ni böyük fərqlə geridə qoyaraq lider mövqeyini qoruyurdu.
İki ölkə arasındakı rəqabət təkcə bununla bağlı deyildi. İstehsal üçün neft, neft üçün isə bəzi ölkələrin bu böyük güclərlə sıx bağlı olması lazım idi. ABŞ-nin ilk hədəfi Çinə neft təmin edən ölkələrdən biri olan Venesuela, ikinci hədəfi isə dünyanın ən keyfiyyətli neftini çıxaran və Çinlə sıx əlaqələri olan İran idi. ABŞ Çinin təsir gücünə malik olduğu hər bölgəyə aqressiv və nəzarətsiz şəkildə müdaxilə edirdi. İki böyük gücün birbaşa olmasa da, qarşıdurması bu xətt üzrə davam edirdi.
Çinin ixrac həcmi ikinci yerdə olan ABŞ-dən təxminən 1,5 trilyon dollar çox idi və bu görüşdə liderlərdən sonra ən çox diqqət çəkən şəxslər iri biznes nümayəndələri və dünyanın ən varlı adamları olmuşdu. Aralarında Elon Mask, Tim Cook və Jensen Huangın da olduğu 17 nəhəng Amerika şirkətinin nümayəndələri Tramp ilə birlikdə Çinə getmişdi.
Çinə faydası olan hər kəsə aqressiv və nəzarətsiz yanaşan Tramp üçün bu dəfə sular durulmuş kimi görünürdü. ABŞ bu dəfə Çinə əvvəlki qədər sərt olmayan münasibətlə yaxınlaşırdı. Bəs niyə? Çin ABŞ-ni çətin vəziyyətə salan İran müharibəsini və Hörmüz boğazındakı böhranı dayandıra biləcək güc ola bilərmi?
Dr. Murat Genç bunu belə izah edib:
“2017-ci ildəki səfərlə müqayisədə ABŞ qarşısında indi daha cəsarətli, daha dayanıqlı, daha zəngin və texnoloji baxımdan üstün bir Çin var. Trampın keçmişdə tətbiq etdiyi sərt gömrük siyasəti istədiyi nəticəni verməmiş, əksinə Çin nadir torpaq elementləri kimi kritik minerallarla cavab verərək ABŞ-ni çətin vəziyyətə salmış və tərəfləri atəşkəsə məcbur etmişdi. Trampın bütün dəvətlərinə baxmayaraq Çin liderinin ABŞ-yə getməməsi, əvəzində Trampın Çinə səfər etməsi də Çin tərəfində uğur kimi qiymətləndirildi. Bu psixoloji üstünlük ABŞ-nin bütün təzyiqlərinə baxmayaraq Çin üzərində təsir yarada bilmədiyini göstərir.
Üstəlik, neft böhranı səbəbilə ABŞ-nin mövqeyi də əhəmiyyətli dərəcədə zəifləyib. Hörmüz boğazının açıq saxlanılması və İranın nüvə silahına sahib olmayacağı ilə bağlı uzlaşmanın ABŞ-Çin razılaşması çərçivəsində əldə olunması, Vaşinqtonun Pekinin dəstəyinə ehtiyac duyduğunu göstərir”.
ARTIQ KEÇMİŞ MÖVQEYİNDƏN ƏSƏR-ƏLAMƏT YOXDUR, ABŞ HƏR ŞEYİ İTİRDİYİ KİMİ QAZANACAQ?
28 fevralda müharibə başlamazdan əvvəl dünya neftinin 20 faizi Hörmüz boğazından keçirdi. Ağ Ev rəsmiləri Çin lideri Si Cinpin boğazdan keçən gəmilərdən əlavə keçid haqqı alınmasına qarşı olduğunu və gələcəkdə Çinın Körfəz neftindən asılılığını azaltmaq üçün ABŞ neftinə maraq göstərə biləcəyini bildirirdi.
ABŞ-yə görə, Çinin maraq göstərdiyi tək məsələ neft deyildi. Vaşinqton həmçinin Çinin ABŞ-dən soya və mal əti alma öhdəliyini təsdiqləməsini, eləcə də 200 ədəd Boeing təyyarəsinin alınması ilə bağlı razılaşmanı gündəmə gətirirdi.
Lakin bəyanatlarında sabit mövqe nümayiş etdirməyən Tramp həftə əvvəl enerji qiymətlərini artıran və qlobal iqtisadiyyatı durğunluğa sürükləmək təhlükəsi yaradan İran müharibəsi ilə bağlı Çinlə danışıqların əhəmiyyətini kiçiltmişdi. Amma yenə də “gözlənildiyi kimi”, Tramp səfər zamanı bəzi “möhtəşəm ticarət razılaşmaları” əldə olunduğunu açıqladı.
Ətraflı məlumat verilməsə də, Trampın Çin mallarına əlavə 100 faiz idxal rüsumu tətbiq etmək niyyətində olmadığı anlaşıldı. Çin də nadir torpaq elementləri ilə bağlı ixrac məhdudiyyətlərini yumşaltmağa hazır olduğuna dair siqnallar verdi.
Əslində bütün bu böhranlı vəziyyəti yaradan ABŞ indi itirdiklərini geri qaytarmaq istəyirdi. Üstəlik, bunu əvvəllər hər şeyi itirməsinə səbəb olan aqressiv ritorikadan uzaq bir siyasətlə edə biləcəyinə inanırdı.
Dr. Murat Genç ABŞ-dəki seçkilərə də təsir edəcəyi düşünülən bu münasibətləri belə qiymətləndirib:
“Birincisi, bu görüş ABŞ tərəfində iki ölkə arasındakı münasibətlərin sabitləşdirilməsi və bəlkə də yenidən tənzimlənməsi üçün mühüm dönüş nöqtəsi kimi görünür. Bu açıqdır. Amma Çin üçün eyni dərəcədə qəti nəticə çıxarmaq mümkün deyil.
Digər tərəfdən, Trampın Çin səfərinə SpaceX və Apple kimi texnologiya nəhənglərini də aparması iqtisadi müstəqilliyi bərpa etmək və iş dünyasının dəstəyini qazanmaq istədiyini göstərir. Halbuki həmin şirkətlərin çoxu məhz Trampın yanlış siyasəti nəticəsində Çinin nadir elementlərlə bağlı məhdudiyyətlərindən zərər görmüşdü.
Bundan başqa, Trampın İran müharibəsi səbəbilə neft qiymətlərindəki sabitliyi pozması, Çinlə əməkdaşlıq zərurətini və aqressiv siyasətdən uzaqlaşmağı qaçılmaz edir. Tramp burada yaranacaq nikbin atmosferi noyabr seçkilərində öz xeyrinə istifadə etməyə çalışacaq”.
Bununla yanaşı, Ağ Ev hesab edir ki, Çin Meksikaya daxil olan və ABŞ cəmiyyətlərində ciddi dağıdıcı təsir yaradan qeyri-qanuni fentanil istehsalında istifadə edilən kimyəvi maddələrin axınının qarşısını almaq üçün indiyə qədər etdiyindən daha çox addım ata bilər. Trampın “kabusuna” çevrilən narkotik problemi ilə bağlı Çin rəsmilərinin ABŞ-dən daha təsirli nəticə əldə edə biləcəyi düşünülür.
BU GÖRÜŞ KİMLƏRİ NARAHAT EDİR? ÇİN AVROPAYA QAPILARI AÇA BİLƏR?
ABŞ artıq öz maraqları naminə Çinə aqressiv yanaşa bilmirdi və təhdid siyasətinin nəticə vermədiyini görürdü. Buna görə də eyni siyasəti davam etdirmək Vaşinqtona yenidən uduzdura bilərdi. Bu dəfə Tramp müttəfiqlərinin reaksiyasını nəzərə alaraq Çinə daha sakit və “dostyana” yanaşmağa məcbur idi.
Dr. Murat Genç bu barədə belə deyib:
“Bu səfərin Tramp üçün çox mühüm dönüş nöqtəsi olduğu aydındır. Əgər Tramp səfərin sonunda Çini nadir elementləri ABŞ-yə satmağa razı sala və Amerika məhsullarının Çin bazarında yenidən daha görünən olmasını təmin edə bilsə, bunun onun imicinə ciddi töhfə verəcəyini danmaq olmaz.
Digər tərəfdən, Trampın ABŞ mediasında ən çox tənqid edildiyi mövzulardan biri Tayvan məsələsində passiv və ya güzəştə gedən mövqeyi olub. Hər nə qədər iş dünyası və texnologiya milyarderləri Çinlə mümkün yumşalmadan razı qalsalar da, bunun həm daxildə, həm də xüsusilə Yaponiya və Cənubi Koreya başda olmaqla xarici siyasətdə ciddi narazılıq yaradacağı aydındır.
NATO tarixində ittifaqın ABŞ hegemoniyasına mühüm dəstək verdiyi şübhəsizdir. Buna baxmayaraq, Tramp NATO-nu ABŞ-ni istismar edən qurum kimi təqdim etməkdə israrlıdır. MAGA doktrinası da bu düşüncəni gücləndirir.
Əgər ABŞ Çinlə uzunmüddətli strateji ittifaq qurarsa, bu yalnız NATO daxilində deyil, həm də Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya kimi tarixi müttəfiqlər tərəfindən xəyanət və ya ağır zərbə kimi qəbul ediləcək”.
Lakin bu mənzərə yalnız reaksiyalarla məhdudlaşmırdı. Həmin masada ABŞ və Çin olsa da, görüşün təsiri təkcə bu iki ölkə ilə yekunlaşmırdı. Xüsusilə NATO daxilində parçalanma və İran məsələsində ABŞ-yə dəstək verib-verməmək müzakirələri fonunda Almaniya və Fransa üçün vəziyyət daha fərqli görünürdü.
Dr. Murat Genç sözlərini belə tamamlayıb:
“Bu görüş ABŞ reaksiyasından çəkinərək Çinlə yaxın münasibətlər qurmaqdan ehtiyat edən, başda Almaniya və Fransa olmaqla bir çox ölkəyə Çinlə əlaqələri genişləndirmək üçün lazım olan legitimliyi qazandıracaq. Çünki bu ölkələr indiyədək ABŞ təzyiqi səbəbindən Çinlə münasibətlərdə son dərəcə ehtiyatlı davranırdılar.
Lakin ABŞ-nin özü Çinlə əməkdaşlıq və tərəfdaşlıq qurarsa, bu ölkələrin iqtisadi maraqlarına daha cəsarətlə fokuslanmasını asanlaşdıracaq. Üstəlik, dünyanın yenidən çoxqütblü sistemə çevrildiyinin ABŞ tərəfindən də qəbul olunması bu cəsarəti artıracaq”.