Ekspert: Vüsal Aslanovun fikrini kənd-şəhər müzakirəsinə aparmağa lüzum yoxdur

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun “ATV Aktual”a verdiyi müsahibə hələ də müzakirə mövzusudur. Xatırladaq ki, qurum rəhbəri müsahəbəsində beə bir fikir səsləndirib ki, şəhər ətrafında yeni metro stansiyalarının tikilməsi mərkəzdə nəqliyyat yükünü daha da artıra bilər: “Binəqədi, Bakıxanov qəsəbəsi, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyası tikilsə, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində isə onsuz da artıq yüklənmiş infrastruktur tamamilə iflic vəziyyətinə düşə bilər. Ona görə ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, şəhərin mərkəzinə bir neçə alternativ istiqamət üzrə gəlməyi təmin etməkdir. Ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər”. Metropoliten rəhbərinin bu açıqlaması “mərkəzdən kənarda yaşayanların mərkəzə gəlməsinin qarşısı alınmalıdır” kimi anlaşılır. Mütəxəssislər isə səslənən fikrin lokallaşdırılmasının doğru olmadığını, əslində, metropoliten rəisinin görüləcək işlərin mərhələlər üzrə icrasının vacibliyini önə çəkdiyinə diqqət ayırırlar.  

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında bildirdi ki, Bakı Metropoliteni rəisi Vüsal Aslanovun müsahibəsində səsləndirdiyi fikir ondan ibarətdir ki, şəhərin mərkəzində artıq yüklənmiş infrastruktura yeni kənar uzantıların əlavə olunması sərnişin axınını daha da artıraraq hərəkəti iflic vəziyyətinə sala bilər: 

- Əvvəlcə şəhərdaxili xətlər inkişaf etdirilməli, şəbəkə daha çox şaxələndirilməli, keçid stansiyalarının sayı artırılmalıdır. Yalnız bundan sonrakı mərhələdə yeni uzantılar nəzərdən keçirilə bilər. Bu kimi məsələlər rəqəmsal əkiz texnologiyası üzərində formalaşdırılan məlumat bazası və müxtəlif simulyasiyalar əsasında analiz olunur, ən optimal variant isə nəticələrə uyğun olaraq seçilib reallaşdırılır. Vüsal Aslanovun fikrini kənd-şəhər müzakirəsinə aparmağa lüzum yoxdur. Bu, ilk növbədə nəqliyyat planlaması və sərnişin axınının idarə olunması məsələsidir.