Yumşaq devalvasiya Mərkəzi Bank tərəfindən aparılır. Bu da davam etməlidir
“Bizim daxili iqtisadiyyatımızla bağlı fundamental problemlərimiz var, yəni manata ölkə daxilində baş verən iqtisadi-siyasi proseslər daha çox təsir edir, nəinki FED-in alacağı qərarlar”
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi (FOMC) iki gün davam edən iclasın yekununda uçot dərəcəsini 0,25-0,50 faiz artırıb. Qeyd edək ki, FED Açıq Bazar Əməliyyatları üzrə Komitəsi 2017-ci ildə uçot dərəcəsinin üç dəfə artacağını bəyan edib. "Reuters” agentliyinə istinadən aldığımız xəbərə görə, gələn il sentyabr ayında uçot dərəcəsinin iki dəfə artırılacağı bildirilib. FED rəhbəri Canet Yellenin sözlərinə görə, artıma səbəb iş yerlərinin çoxalması, inflyasiya göstəriciləri və yeni ABŞ administrasiyasının siyasəti səbəb olacaq.Yerli iqtisadçıların iddiasına görə, uçot dərəcəsinin artırılması isə dolların möhkəmlənməsinə səbəb olacaq. Dolların möhkəmlənməsi də öz növbəsində manata təzyiqi artıracaq.
Azərbaycan Mərkəzi Bankından "Trend”in sorğusuna cavab olaraq isə bildirilib ki, ABŞ Federal Ehtiyat Sisteminin son qərarının manatın məzənnəsinə birbaşa təsiri yoxdur. Qeyd olunub ki, ABŞ Federal Ehtiyat Sisteminin qəbul etdiyi son qərardan sonra dünya bazarlarında dolların məzənnəsinin bahalaşması ilə bağlı gözləntilər aktualdır:
"Bu proseslərin ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsirləri istisna olunmur. Lakin buna iqtisadi əsas yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı, büdcə ehtiyacları üçün neft transferlərinin məbləğindən asılıdır”.
Mərkəzi Bankın məlumatına görə, ümumilikdə, FED-in faizlə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir:
"Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir. O cümlədən bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur. Azərbaycan kimi ölkələrə FES-in qərarı orta və uzunmüddətli dövrdə təsir göstərə bilər. Bu təsirləri qabaqlayıcı rejimdə tənzimləmək üçün Azərbaycan hökuməti və Mərkəzi Bankı adekvat makroiqtisadi sabitlik tədbirləri görür və bundan sonra da görəcək”. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov isə FED-in verdiyi qərarın gözlənilən olduğunu və ilin əvvəlindən bu prosesin getdiyini deyib. Onun sözlərinə görə, FED bu qərarı müəyyən məsələyə görə saxlayırdı. İndi isə həm ilin axırı, həm də müəyyən qədər işsizliklə bağlı əlavə problem olmadığı üçün belə bir qərara gəliblər: "Bu çox ciddi qərardır. Verilən qərar yaxşı heç nə vəd etmir. Hesab edirəm ki, dünya iqtisadiyyatına verilən bir mesajdır. Çünki faiz dərəcəsinin 0,5-0,75 faiz qaldırılması dünya maliyyə sisteminə, neftin qiymətinə, milli valyutanın müəyyən qədər ucuzlaşmasına öz təsirini göstərəcək”. Millət vəkilinin proqnozlarına görə, uçot dərəcəsinin artırılması ilə avro ucuzlaşacaq, dollar isə əksinə, bir az da möhkəmlənəcək: "Bu qərarın bizə çox ciddi təsirləri olmasa da, təsirsiz də ötüşməyəcək. Amerika hegemon dövlətdir. Hesab edirəm ki, onun apardığı siyasət, ümumiyyətlə dünya iqtisadiyyatına müəyyən qədər öz təsirini edir. Milli valyutalar müəyyən qədər ucuzlaşacaq. Düzdür, bizim milli valyutamıza o qədər təsiri olmasa da, amma spesifik cəhətdən müəyyən qədər ona psixoloji təsir edəcək. Milli valyutanın onsuz da Azərbaycanda ucuzlaşması gedir. Yəni milli valyutamız yumşaq devalvasiya prinsipi ilə ucuzlaşır. Azərbaycanın maliyyə bazarındakı vəziyyətdən, tələb-təklifdən, ixrac və idxal əməliyyatlarından asılı olaraq manat da gəlib öz yerini tutacaq. Ola bilsin ki, bu 2017-ci ildə baş versin”.
FED-in uçot dərəcəsini artırmasının daha çox neftin qiymətinə təsir edəcəyini vurğulayan V.Əhmədov neft ixrac edən ölkələr üçün bu qərarın daha vacib olduğunu qeyd edib:
"Əlbəttə, dolların bahalaşması neftin qiymətinə müəyyən qədər öz təsirini göstərəcək. Onsuz da hazırda devalvasiya gedir. Yumşaq və sərt devalvasiya var. Mən sərt devalvasiyanın tərəfdarı deyiləm. Yumşaq devalvasiya Mərkəzi Bank tərəfindən aparılır. Bu da davam etməlidir”. İqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimli isə "Şərq”ə açıqlamasında FED-in uçot dərəcəsini artırıb- azaltmasının manata təsiri ilə bağlı əvvəlki fikirlərində qaldığını deyib. İlin əvvəllərindən FED-in uçot dərəcəsini qaldıracağı ilə bağlı öz proqnozlarını verdiyini vurğulayan ekspert deyib ki, faktiki olaraq, tələb olunan iqtisadi göstəricilər FED-in siyasətinə uyğun idi: "Amerikada işsizlik aşağı səviyyəyə düşüb, iqtisadi inkişaf isə kifayət qədər qənaətbəxşdir. Nəticə etibarı ilə dolların məzənnəsinin kəskin möhkəmlənməsi iqtisadi baxımdan Amerikanın maraqlarına uyğun deyil. Amerika isə inflyasiya və digər makroiqtisadi tendensiyaların ola biləcəyini nəzərə alaraq aktivliyi bir az azaltmaq niyyətindədir. Bunun yolu isə FED tərəfindən dolların uçotdərəcəsinin yüksəldilməsi fonunda dövriyyədə olan dolların geri yığılmasından keçir. Yəni söhbət dolların qiymətinin qalxmasından gedir. Əslində biz bu il FED-in uçot dərəcəsini 2 dəfə artıracağını gözləsək də, o bir dəfə artım elədi”. Konkret olaraq, FED-in qərarının Azərbaycan manatına təsirinə gəldikdə isə C.İbrahimli deyib ki, manat Mərkəzi Bank tərəfindən tənzimlənən valyuta olduğu üçün FED tərəfindən alınan qərarın ciddi bir təsiri olacağı ehtimal olunan deyil: "Bəlkə də, növbəti bir-iki il ərzində FED-in bu qərarının manata müəyyən təsirləri olsun. Amma indiki mərhələdə bu gözlənilən deyil. Bizim daxili iqtisadiyyatımızla bağlı fundamental problemlərimiz var, yəni manata ölkə daxilində baş verən iqtisadi-siyasi proseslər daha çox təsir edir, nəinki FED-in alacağı qərarlar və dolların qiymətinin dünya bazarında və digər valyutalar qarşısında dəyişməsi. Necə ki, ilin sonuna qədər FED-in faiz dərəcəsini sabit saxlamasına rəğmən manatda kifayət qədər dəyər iktisi müşahidə olundu. Bundan sonrakı mərhələdə də proseslər eyni tendensiya üzrə hərəkət edəcək”.
Şəymən