
Fələstin səfirlərinin Bakı konfransı: “Azərbaycan dünyada siyasi, iqtisadi inkişafa töhfə verən güclü dövlətə çevrilib”
Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib.
Prezident bildirib ki, Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirir, dəstəyini əsirgəmir, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsidir.
Xatırladaq ki, İlham Əliyev 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmiş və çıxış etmişdir
Prezidentimizin bu tədbirdə iştirakı, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyi və islam həmrəyliyinə sadiqliyi Fələstin Dövlətinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
Bununla yanaşı qeyd etmək lazımdır ki, 2011-ci ilin 28-29 iyun tarixlərində Fələstin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Bu Fələstin Prezidentinin Azərbaycana ilk səfəri olmuşdur.
Hələ ötən əsrin sonlarında, 1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. Azərbaycanda Fələstin Dövlətinin səfirliyi fəaliyyət göstərir.
Bu Azərbaycan-Fələstin münasibətlərinin yüksək olduğunun göstəricisi sayılmalıdır.
2013-cü ilin 21 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinə səfər edib.
5 noyabr tarixində Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı keçirilib. Tədbirdə iştirak üçün Fələstin Dövlətinin Xarici İşlər naziri Riad Əl-Maliki, Fələstin Xarici İşlər Nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-Nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər etmişdir.
Məlum olduğu kimi, Fələstin məsələsi uzun müddətdir beynəlxalq gündəlikdə duran ən aktual problemlərdən biridir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə vermək əzminin, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan etimad və hörmətin nümunəsidir.
Azərbaycanın Şərqi Əl-Qüds paytaxt olmaqla, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında BMT-nin müvafiq qərarları və qətnamələri əsasında həllini dəstəklədiyi də məlum faktdır. Əvvəlki illərdə də Azərbaycan Fələstin ilə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi etmişdir. 2013-cü ildə Azərbaycanın ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində "Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım üçün "İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlər Bakıda keçirilib.
2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Bunlar göstərir ki, Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi işinə praktiki əsaslarla töhfə verir və İslam Əməkdaşlıq Təşkilatının fəal üzv dövlətlərindən biridir. Nəzərə çatdırmaq yerinə düşər ki, 2017 ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə İslam həmrəyliyi ili elan edilmişdir. Həmin ildə ölkəmizin İslam Oyunlarına ev sahibliyi edib.
Azərbaycanla Fələstin arasında qarşılıqlı etimad bir çox nümunələrdə özünü göstərir. Xatırlatmaq lazımdır ki, Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olmuş və islam həmrəyliyinə sadiq qalmışdır. Ölkəmiz ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım edib.
29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülüb.
Daha bir faktı xatırladaq - 2018-ci ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının aralıq nazirlər toplantısı keçirilib. Nazirlər toplantısı çərçivəsində Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər komitəsinin iclası da baş tutub. Qoşulmama Hərəkatının gündəliyində Fələstin məsələsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəkdir.
Bütün bunlar onu göstərir ki, hazırda Azərbaycan dünyada siyasi, iqtisadi inkişafa görə regionda və beynəlxalq arenada öz töhfəsini verən güclü dövlətə çevrilib. Azərbaycan bir çox konfranslara, forumlara ev sahibliyi edib. Azərbaycan beynəlxalq arenada tutduğu mövqeyi və roluna görə stratejik əhəmiyyətli ölkə roluna soyunduğu görülür. Bu gün Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransınin keçirilməsi Azərbaycan diplomatiyasının gücünün qələbəsidir. Xüsusilə Azərbaycan Fələstin əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyi hamıya məlumdur. Azərbaycan hər zaman Fələstin Dövlətinin goesiyasi mövqeyini müdafiə edir, həmçinin də Fələstin Dövləti də Dağlıq Qarabağı Azərbaycan ərazi bütövlüyü çərçivəsində tanıyır və dəstəkləyir. Bakı bələ bir konfransa ev sahibliyi etməklə Fələstin probleminin həll olunmasında istəkli və çox maraqlı olduğunu nümayiş etdirir. Son zamanlar Azərbaycan beynəlxalq arenada münasibətlərin və yaranmış gərginliklərin müsbət istiqamətdə həllində rol oynayan önəmli aktyora çevirilib. Xüsusilə, Azərbaycan Rusiya və Türkiyə münasibətilərinin normallasmasinda həmçinin də bugünkü Türkiyə Səudiyyə Ərəbistan arasındakı gərginliyin həll olunmasinda da əhəmiyyətli rol oynayıb və oynayır da. Bütün bu proseslər onu göstərir ki Azərbaycan beynəlxalq siyasət də sülhün tərəfdaşı kimi çıxış edir.

Azərbaycan-Fələstin münasibətlərindən danışarkən, analitik Ehtiram Aşırlı "Sherg.az”a deyib ki, Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransının keçirilməsi Azərbaycan diplomatiyasının gücünün göstəricisidir.
Onun sözlərinə görə, Azərbaycan-Fələstin əlaqələrinin yüksək səviyyədə inkişafı hamıya məlumdur: "Azərbaycan hər zaman Şərqi Qüds paytaxt olmaqla, Fələstin məsələsinin BMT-nin müvafiq qətnamələri və iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Fələstin Dövləti də Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyini dəstəkləyir, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Bakı belə bir konfransa ev sahibliyi etməklə Fələstin probleminin həllində istəkli, çox maraqlı olduğunu nümayiş etdirir. Məlum olduğu kimi, əvvəlki illərdə də Azərbaycan Fələstinlə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edib. Ölkəmiz Fələstin xalqını çətin günlərdə tək buraxmayıb. Belə ki, Azərbaycan BMT-nin ciddi maliyyə çətinlikləri ilə üzləşən Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bu ilin oktyabr ayında 200 min dollar məbləğində yardım edib. Bütün bunlar Azərbaycanın beynəlxalq arenada münasibətlərin inkişafında, eləcə də yaranmış gərginliklərin müsbət istiqamətdə həllində önəmli rol oynayan aparıcı ölkəyə, vasitəçiyə çevrildiyini göstərir. Azərbaycan dünyada siyasi, iqtisadi münasibətlərin inkişafına da mühüm töhfə verir, bir çox konfranslara, forumlara ev sahibliyi edib və edir. Azərbaycan beynəlxalq aləmdə sülhün tərəfdaşı kimi çıxış edir”.
Anar