Fərhad Bədəlbəyli düz deyir...

...Ancaq nə yazıq ki, gerçəyi dəyişdirə bilmirik
“Sponsorlar yalnız şou-biznesin gözəl xanımlarını dəstəkləyir. Bir rəssamı, sənətkarı dəstəkləmək mədəniyyəti bizdə yoxdur”


Tanınmışlara sponsorluq etmək, onlara vəsait xərcləmək dünyanın hər yerində normal qəbul edilir. Məşhurların, tanınmışların layihələrini maliyyələşdirmək üçün sponsorlarla işbirliyi qurulur. Ən böyük yaradıcılıq layihələri böyük şirkətlər, brendlər vasitəsilə maliyyələşir ki, bu da hər iki tərəfin marağına xidmət etmiş olur. Amma bizdə sponsor adına da, bu anlayışa da münasibət birmənalı deyil. Çünki bizdə sponsor sözü deyilən kimi ilk növbədə hansısa tanınmışın sevgilisi yada düşmüş olur.

Zaman-zaman sənət aləmində sponsor mövzusu gündəmə gələrək müzakirə predmetinə çevrilir. Elə bu günlərdə xalq artisti Fərhad Bədəlbəylinin sponsorlarla bağlı açıqlaması yenidən bu mövzunu diqqətə gətirmiş oldu.

Dünya şöhrətli pianoçu sponsorların ancaq məşhur xanımlara dəstək olmasından şikayətlənib: "Nə qədər yüz minlik saat, 200-300 minlik maşınla reklam olmaq olar? Bunlar bir köpüklük deyil. Sponsorlar ancaq ucuzluq edirlər. Onlar ancaq şou-biznesin gözəl xanımlarını dəstəkləyirlər. Bir rəssamı, sənətkarı dəstəkləmək mədəniyyəti bizdə yoxdur”.

Mövzu ilə bağlı sənət adamlarından, ictimai simalardan münasibət öyrənməyə çalışdıq.
"Şərq”ə açıqlama verən xalq artisti Mübariz Tağıyev Fərhad Bədəlbəylinin sponsorlarla bağlı fikrinə belə münasibət bildirdi:

"Fərhad Bədəlbəyli kifayət qədər tanınmış, böyük hörmətə sahib sənətçidir. Dünyagörmüş bir musiqiçidir. Təbii ki, hər bir fikrini açıqlayarkən onu düşünərək bildirir. Onun sözlərində əslində həqiqət var. Amma bir reallıq da var ki, biz bu gerçəyi dəyişdirə bilmirik. Təəssüf ki, bizdə həqiqətən sponsor anlayışına fərqli yanaşma var. Hələ də sponsor mədəniyyəti formalaşmayıb. Düzdür, bəzi sənətçilərimiz olub ki, onların layihələrinə sponsorluq edən böyük şirkətlər olub. Amma bu çox nadir hallarda baş tutur. Kifayət qədər istedadlı insanlarımız var ki, onlara dəstək olmaq olar. Söhbət təkcə müğənnidən, musiqi layihələrindən getmir. Digər sənət növləri də var ki, o sahəyə dəstək olsa, daha böyük uğurlara imza atmış olarıq. Amma nə yazıq ki, bizdə əksər hallarda yalnız müğənnilərə, əsasən də xanım müğənnilərə dəstək verilir. Mən bu barədə nə danışsam da, dəyişiləsi bir mənzərə görə bilmərəm deyə sussam, daha yaxşı olar”.

Xalq artisti Samir Cəfərov də Fərhad Bədəlbəylinin müzakirəyə səbəb olan fikrinə münasibət bildirdi: 

"Dünyanın bir çox ölkələrində məşhurların layihələrinin həyata keçirilməsində sponsorlardan istifadə olunur. Bizdə isə sponsor adı gələndə münasibət dərhal dəyişir. Çünki biz sponsor deyəndə ancaq başqa anlam düşünməli oluruq. Bizdə sponsor müğənnilərin sevgilərinə deyilir. Amma sonra onlarla professional işbirliyi qurmaq mümkündür. Mən öz yaradıcılığımda sponsorla işbirliyi qurmamışam. Əgər konsertim də olsa, öz maddi vəsaitim hesabına konsert təşkil edərəm. Mənim sənətimi sevənlər o konsertə bilet alıb gələcəklər. Fərhad müəllimin dediklərində həqiqət var. İstedadı olan müxtəlif incəsənət sahəsində olan insanlara dəstək olmaq, onlara yardım göstərmək, layihələrini maliyyələşdirmək mümkündü. Amma təəssüf ki, bizdə sponsor mədəniyyəti anlayışı və strukturu düzgün qurulmayıb. Nə yalan deyim, bu günə qədər eşitməmişəm ki, hansısa rəssamın, yazıçının kitabının sponsorluğunu etsinlər. Maraqlı bir tamaşaya sponsorlar tərəfindən maliyyə xərclənsin. Amma bu ənənəni yaratmaq olar. Bunun üçün təşəbbüs göstərmək, bu məsələ ilə bağlı sosial mesajlar təqdim etmək mümkündür”.

Xalq artisti Ağaəli İbrahimov da Fərhad Bədəlbəylinin fikirlərini təsdiqlədi: 

"Bilirsiz, yaradıcılıq, sənət o qədər fərqli bir anlayışdır ki, bunu sevmədən ona dəyər vermək olmur. Əslində sənətin qiyməti də olmur. Sənətkarlığı ilə dünya şöhrəti qazanan Van Qoqun işləməyə kətanı olmayıb. Van Qoqun dahiyanə bir fikri var - Ən gözəl əsərlər rəssamla ölür. Bizim həyatımız məhz belədir. Van Qoq heç bir əsərini sağlığında sata bilməyib. Ümumiyyətlə, bir əsəri dərk etmək üçün zaman lazımdır. Səttar Bəhlulzadənin əsərlərini qavramaq üçün hələ 50 il vaxt lazımdır. Bunun səbəbi sənətkarların daha irəlini görmələridir. Sənət əsəri elə bir şeydir ki, rəssam ömrü boyu o əsəri işləmək istiqamətində hərəkət edir. Amma bu mümkün deyil, həqiqətən də Van Qoqun dediyi fikir doğrudur. Ölüm qapısı insanları yeni dərkə aparır... Qaldı Fərhad Bədəlbəylinin fikirlərinə, o qədər yerində deyilib ki, artıq söz deməyə ehtiyac qalmır. Bizdə sənətə sponsorluq edən olmur. Mənim yadıma gəlmir ki, hansısa iş adamı bir azərbaycanlı rəssamın sərgisini maliyyələşdirmək üçün Rəssamlar İttifaqına müraciət etsin. Bir rəssamımızın sərgisinin xaricdə keçirilməsi üçün sponsorluq etsin. Dünyada bu kimi hadisələrin əslində tez-tez şahidi olmaq olur. Rəssamların sərgiləri üçün imkanlı şəxslər maliyyə vəsaiti xərcləyir. Bizdə isə həqiqətən sponsorlar ancaq müğənnilərə, gənc xanımlara dəstək olurlar. Təəssüf ki, bizdə sponsor mədəniyyəti hələ də formalaşmayıb. Bilirsiz, bu da təhsillə, mütaliə ilə bağlı məsələdir. Maddi baxımdan zənginlik hələ ruhən zəngin olmaq anlayışı demək deyil. Hər imkanlı şəxsin yaradıcılıq ruhu olmur”.

Millət vəkili Araz Əlizadə də məsələyə maraqlı münasibət bildirdi: 

"Bizdə varlı insanlar çox vaxt unudurlar ki, cəmiyyətdə kasıb, xəstə insanlar var, yaradıcılıq ruhu olan istedad sahibləri var. Hər bir normal cəmiyyətdə varlı insanlar imkan düşdükcə, yaradıcı insanlara, istedadlı sənətçilərə, kasıblara əl tuturlar. Bunu bir missiya hesab edirlər. Bizdə hər hansı bir bəstəkara, rəssama dəstək olmaq imkanı varkən, imkanlı şəxslər uşaqlarına bir dənə də əlavə bahalı xarici maşın almağa, villalar tikdirməyə üstünlük verirlər. Bu, mədəniyyətin olmamasını göstərmiş olur. Xaricdə imkanlı şəxslər, varlılar fəxr edir ki, hər hansı bir teatrda təqdim edilən tamaşaya, bir rəssamın təşkil etdiyi sərgiyə sponsorluq etsin. Bu onların ictimai prestijinə təsir edən göstərici, şərəf sayılır. Bizdə isə imkanlılar mənasız müğənnilərə pul xərcləyirlər. Sovet dövründə olan varlılar oğru olduqları üçün həmişə olduqlarını gizlədiblər. İndikilərin də daxili zövq dünyaları o qədər zəngin deyil ki, sənət naminə pul xərcləsinlər. Bizdə yaxşı o kişi sayılır ki, maşınlarının, evlərinin, brilliantlarının sayı çox olsun. Təəssüf ki, bu həqiqətdi. Amma təbliğat, sosial mesajlar bu meyarlara təsir edə bilər”.

"Avropa ölkələrində biznesmenlər, varlı şəxslər incəsənətə, ədəbiyyata, mədəniyyətin müxtəlif sahələrinə yardım məqsədilə öz adlarına fondlar açır, qrantlar ayırır, layihələr maliyyələşdirir”.

 Bunu isə "Sherg.az”a kulturoloq Aydın Xan Əbilov deyib. O vurğulayıb ki, bir çox dövlətlərdə bu sahələrə buraxılan qrant və pullara görə, həmin biznesmenlər, fond sahibləri vergi və s. güzəştlər əldə edirlər: 

"Bizdə isə biznesmenlər, iş adamları ancaq özlərinin keyfi, əyləncəsi üçün bu işlərlə məşğul olur”Bizdə isə biznesmenlər, iş adamları ancaq özlərinin keyfi, əyləncəsi üçün bu işlərlə məşğul olur. Digər tərəfdən, bir çox məmurlarımız isə ailə üzvləri, övladları və s. üçün iş yerləri açıb və onlar yaxşı pul qazanırlar. Mənəvi baxımdan, məmur ya biznesmen sənət adamlarına yardım edirsə, kiminsə ailə məişət, sosial problemlərin həllinə dəstək verirsə, bu, müsbət addımdır. Amma qeyd etdiyimiz kimi, bu, qeyri-qanuni yolla əldə edilmiş gəlirlər, "qara pullar”ın yuyulması variantı olmamalıdır. Sırf şəffaf şəkildə, öz gəlirlərindən əldə etdiyi qazanclardan bunları həyata keçirirlərsə, təqdir olunmalıdır”.

 Sənət adamlarının, müğənnilərin məmur sevgililəri, onların bahalı hədiyyələri ilə gündəmə gəlməsi məsələsinə də toxunan A.Əbilov bunlar kiminsə əyləncəsi üçün atılan addım kimi dəyələndirilir: 

"Sənət adamları, mədəniyyətlə məşğul olan insan özü dolana bilməsə belə, kiminsə ailəsini dağıdacaq qrantlara, pullara meyl etməməlidir. Bütün dünyada buna "qara pulların yuyulması” kimi baxılır, yaxud kiminsə əyləncəsi üçün atılan addım təəssüratı bağışlayır. İstənilən halda, imkanlı şəxslərin mədəniyyətin inkişafı üçün pul ayırmasını dəstəkləyirik. Belə deyim var, "oğrudan oğruya halaldır”. Kimsə haradansa, pul əldə edib, incəsənətin inkişafı, sənət nümayəndəsinin yaradıcılığı xərcləyə bilər. Sənət adamları həssas və sosial müdafiəyə ehtiyacı olan insanlar sayılır. İncəsənətlə məşğul olan insan həmin pul buraxan şəxsin, yaşadığı cəmiyyətin estetik dəyərlərini, mədəniyyətini zənginləşdirməklə məşğuldur. Bunu müsbət qəbul etməliyik. Cəmiyyətin yazılmayan qanunlarına görə, bu, qəbul olunan variantdır”.

Tahirə Məmmədqızı