Fəzail İbrahimlidən Fəzail Ağamalıya sərt cavab:" Kefli halda... "

"...Türkiyə restoranlarının birində, əlindəki dolları hara dürtdüyünü unutmusan? Otur, tərcümeyi-halındakı qara səhifələri düşün, başqaları haqqında şər-böhtan danışma ! "
"Qananı sözlə, qanmayanı bizlə başa salmaq lazımdır. Gözləyirəm ki, o sağalsın, işə çıxsın, sandığı açıb, pambığı töküm. Ölkədə hər kəs bir-birinin az qala ayaqqabısının ölçüsünü bilir"


"Allaha dua edirəm ki, o, Milli Məclisə gəlsin. O zaman parlamentdə mətbuatı toplayıb, onunla bağlı ürəyimdəki bütün fikirləri açıqlayacağam"


"Fəzail Ağamalı Fəzail adını elə şoulaşdırıb, onun ətrafına elə minalar basdırıb ki, mən bu adın altında 17 ildir ki, mina təmizləməklə məşğulam. Bunu da axıra çatdıra bilməmişəm"






Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı "Yeni Müsavat”a müsahibəsində həmkarı Fəzail İbrahimli ilə bağlı sərt ittihamlar səsləndirib.

Belə ki, bu ilin oktyabrında Fəzail Ağamalının oğlunun qəza törətməsi xəbəri yayılsa da, sonradan bunun Fəzail İbrahimlinin oğluna aid olduğu təsdiqini tapıb.

Fəzail Ağamalı isə xəbərin yanlış yayılmasında həmkarını günahlandırıb:

"Həmkarım Fəzail İbrahimlinin cinayət törədən oğlunun adını övladımın adı ilə dəyişərək, düşünülmüş şəkildə oğlumu gündəmə gətirməsi çox böyük namərdlikdir. Sadəcə olaraq ona nə deyim? Görünür, bu onun həyat tərzidir. Fəzail İbrahimli üçün kiminsə kölgəsinə sığınmaq halları adi bir şeydir. Hər halda o iki gün ərzində təkzib edə bilərdi ki, gedən fikirlər yanlışdır. Amma bu cəsarəti özündə tapa bilmədi”.

Bu ittihamların nə dərəcədə həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün deputat Fəzail İbrahimli ilə əlaqə saxladıq. F.İbrahimli "Sherg.az” açıqlamasında məsələyə aydınlıq gətirib:

"Oktyabrın əvvəllərində yağışda yolda ayağı sürüşüb, yıxılan gəncə oğlum kömək edib. Hətta həmin şəxsi xəstəxanaya aparmışdı. Qısa zamanda bu məsələ qaydasına düşdü, həmin şəxs də sağaldı. Həmin gün hüquq mühafizə orqanları da, gəncin valideynləri və özü bu məsələnin mahiyyətini açıqladılar, bitdi. Mətbuatda isə tamam başqa yazılar dərc olundu. Hadisə baş verən günün səhəri, oktyabr ayının 3-də xəbər dərc olundu ki, Fəzail Ağamalının oğlu maşınla adam vurub. Düşündüm ki, belə hadisə eyni vaxta, paralel ola bilməz. Üstəlik, mənim oğlum adam da vurmayıb ki, adın səhv olduğunu düşünüm. Həmin gün məsələ dəyişdi, xəbəri yayan sayt təkzib verdi. Sayt Fəzail Ağamalıdan səmimi şəkildə üzr istədi. Bununla məsələ 1 gün ərzində gündəmdən çıxdı.

Bundan sonra bütün məsələlər mənimlə həll edildi. Zəng etdilər, cavab verdim, hadisəni izah etdim. Sonradan məsələ araşdırıldı, mətbuat həmin gənclə də əlaqə saxladı, görüşdülər, məsələ aydınlaşdı.

Dünən isə Fəzail Ağamalı müsahibəsində yaşına-başına yaraşmayan formada məni ittiham edib. İttihamın məğzi budur ki, guya məlumatları mən təşkil etmişəm, onun kölgəsində dayanıb, oğlumun adını onun oğlunun adı ilə əvəz etməyə çalışmışam. Birincisi, Fəzail Ağamalı anlamır ki, mənim adım Fəzail olduğu üçün ciddi problemlərlə üz-üzə qalıram. Fəzail Ağamalı adı Fəzail adını elə şoulaşdırıb, elə minalar basdırıb ki, mən bu adın altında 17 ildir, mina təmizləməklə məşğulam. Bunu da axıra çatdıra bilməmişəm. Necə ola bilər ki, birdən-birə mən onun adından istifadə etmək fikrinə düşdüm?

Fəzail Ağamalı deyir ki, Fəzail İbrahimli mənim kölgəmə sığınır. O, başa düşsün ki, Fəzail Ağamalının kölgəsi yoxdur, ancaq tikanları var, ayrı-ayrı insanlara batırır. Bizim heç vaxt münasibətlərimiz pis olmayıb. Ona görə, düşünürəm ki, görəsən niyə belə etdi. Həmişə məsafəli münasibətimiz olub, ayrı-ayrı insanlar olmuşuq. Xeyirdə, şərdə görüşmüşük, düşmənçiliyimiz olmayıb. Birdən-birə məni bu cür ittiham etməyi, oğlumu cinayətdə suçlamağı, özümü namərd adlandırmağı, həyat tərzindən söhbət açmağı mənə dəhşət gəlir. Görünür, Fəzail Ağamalının həyat tərzi belədir. Mənim həyat tərzim isə aydındır. Onun həyat tərzini ifadə edəcək bir faktı deməyi isə özümə borc bilirəm. Fəzail Ağamalının indi müsahibə verdiyi "Müsavat” qəzetində bir neçə il əvvəl şəkli dərc olunmuşdu. Şəkildə əks olunduğu kimi, özün kefli formada, Türkiyə restoranlarının birində, əlindəki dolları hara dürtdüyünü unutmusan? İndi necə həyat tərzindən danışırsan? Bu günə qədər heç bir mətbuat orqanında mənim həyat tərzim müzakirə olunmayıb. Bunları ona görə, deyirəm ki, qananı sözlə, qanmayanı bizlə başa salmaq lazımdır. Mən hələ gözləyirəm ki, o sağalsın, işə çıxsın, sandığı açıb, pambığı töküm. Mən ona deyəcəyəm ki, yerini və həddini bil! Mən namərdlik edib, bunları gündəmə gətirmək istəmirəm. Özün otur tərcümeyi-halındakı qara səhifələri düşün, başqaları haqqında şər-böhtan danışma.

Fəzail Ağamalı ola bilər, yaşı 70-i keçib, söz məsuliyyətini itirib. Amma onun heç vaxt söz məsuliyyəti olmayıb. Ömrü boyu "qırmızı xətt”i keçib, ona-buna sataşa-sataşa, kiminsə haqqında şər böhtan danışaraq özünə həyat tərzi seçib. Onun növbəti hədəfi də mən olmuşam. Ən azından, onun da 40 minə yaxın seçicisi olub, mənim də. Belə formada üz-üzə gəlmək ayıbdır. Bu ittihamlara cavab verməyimin də səbəbi odur ki, susmaq razılıq əlamətidir. "Namərdliklə”, "kölgəyə sığınmaqla” razılaşmaqdır. O bu ifadələri işlətməsəydi, bəlkə də belə reaksiya verməzdim”.

Fəzail İbrahimli həmkarının yenidən işə qayıtmasını gözlədiyini, bundan sonra addım atacağını deyib:

"Mən allaha dua edirəm ki, o sağalsın, səhhəti qaydasına düşəndən sonra Milli Məclisə gəlsin. O zaman elə Milli Məclisdə mətbuatı toplayıb, onunla bağlı ürəyimdəki bütün fikirləri açıqlayacağam. Nə qədər ki, görüşmürük, bundan artıq heç nə demək istəmirəm.

Son olaraq, bircə misal çəkim. Çinli və azərbaycanlı söhbət edir. Çinli soruşur ki, nə qədər əhaliniz var? Azərbaycanlı cavab verir, Şimalı Azərbaycanda 10 milyon əhali yaşayır. Çinli gülümsəyir. Azərbaycanlı səbəbini soruşduqda isə çinli cavab verir ki, onda siz hamınız bir-birinizi yaxşı tanıyırsınız.

Bu misalı ona görə çəkdim ki, ölkədə hər kəs bir-birinin az qala ayaqqabısının ölçüsünü bilir. Ona görə, oturub, jurnalistlə üzbəüz müsahibə verəndə bilməlisən ki, səndən sonra danışan nə deyəcək?”

Aysel Aslan