Fidel Kastronun böyük oğlu intihar edib

ABŞ Dövlət Departamenti intiharla bağlı şərh verməkdən imtina edib və bunu Kastro ailəsinin şəxsi işi adlandırıb





Fidel Kastronun 68 yaşlı böyük oğlu Fidel Anhel Kastro Dias-Balart fevralın 1-də intihar edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, o, bir neçə ay depressiyadan müalicə alıb və həkimlər qrupunun müşahidəsi altında olub.

ABŞ Dövlət Departamenti Kuba liderinin oğlunun intiharı ilə bağlı şərh verməkdən imtina edib və bunu Kastro ailəsinin şəxsi işi adlandırıb.

Kubada Fidelito kimi tanınan Kastro Dias-Balart 1949-cu il sentyabrın 1-də Havanada anadan olub. 1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, nüvə fizikası üzrə namizədlik dissertasiyası müdafiə etmişdi. Kubanın nüvə proqramının işlənilib hazırlanmasında və reallaşdırılmasında yaxından iştirak edən Fidelito ölkəsini MAQATE-də təmsil edirdi. Son illər Kuba Dövlət Şurasının elmi məsələlər üzrə müşaviri və Elmlər Akademiyasının vitse-prezidenti işləyirdi.

Xatırladaq ki, Kubanın sabiq prezidenti Fidel Kastro 2016-cı ilin noyabrında 90 yaşında vəfat etmişdi.