Fikrət Qoca: "İntihar fərarilikdir, qaçmaqdır"




Ilk növbədə həyat allah və onun yaratdığı şəxs arasındakı gizli ünsiyyətdir. İkinci növbədə mən lap cavan yaşlarımda demişəm və bu ifadəm məşhurdur : İntihar fərarilikdir, qaçmaqdır, məsuliyyətdən qaçmaqdır". 

Bu barədə Sherg.az -a tanınmış psixoloq Dəyanət Rzayevin intiharından danışarkən xalq şairi Fikrət Qoca deyib. Onun sözlərinə görə, söhbət yalnız onun ətrafındakılardan getmir: 

"Dünyaya gəlmisənsə, sənin bir işin, bir missiyan var. Bunu tamamlamalısan, görməlisən. Torpağın, xalqın , qonşuların, qohumların, hətta doğulacaq nəvələrin üçün yaşamalısan. İntihar edən adam özü ilə doğulmayan nəvəsini də, ondan törəyəcək insanları da götürüb gedir. Ölkənin gələcəkdə həmin adama ehtiyacı olanda, o yerdə ki, bunun kömək əli olmalı idi, bu yer boş qalacaq, çatışmayacaq. Bu mənada hesab edirəm ki, intihar fərarilikdir. Buna başqa bir şey deməzlər. Üçüncüsü, insanların hamısı tam sağlam olmur. Stres və kədər vəziyyətində olan insanlar konflik vaxtlarında açılılar. Açılanda onun çatışmayan cəhətləri üzə çıxır. Əsəb zəifliyi olanlar bunu intiharla büruzə verir. Bu anı adam ona bir dostu zəng etsə idi, uşaq çağırsaydı, adi qışqırıq səsi eşitsə idi, düşüncələri özündən ayrılsa idi, şübhəsiz ki, nəinki özünü öldürməzdi, heç vaxt intihar etməyi xəyalına belə gətirməzdi. Onun bu hissləri keçirdiyi zaman kimsə, müdaxilə etysə idi, 1 dəqiqə keçəndən sonra anlayacaqdı ki, bunu etməklə gör nələri itirir. Əlindən nələrin getdiyini dərk edəcəkdi. Təzədən dünyaya gəlmək imkanın olub - olmaması heç kəsə məlum deyil".

"Son zamanlar intihar halları niyə artıb?" sualına gəlincə, F. Qoca söyləyib ki, intiharlarının artıb, azalmasını bilmək olmaz: 

"Heç vaxt bunun hesabını aparmayıblar. Bir dəfə aparıblar, deyirlər ki, bu qədər adam var. Nə bilmək olur. Rusiyada XIX əsrin əvvəllərində dəb düşmüşdü. Bir neçə nəfər intihar etmişdi. Ardınca neçə- neçə adamlar gedib özlərini öldürdülər. O zaman belə bir cərayan vardı. Bu insanlıqdır, insanlar bir- birindən asılıdırlar, amma zəncirlə yox ünsiyyətlə asılıdırlar. Bəziləri bu zənciri qırıb, özünü öldürür. İntiharın qanunu yoxdur, qanundan kənar şeydir."

Qeyd edək ki, hər zaman mətbuatda intihara qarşı tənqidi ruhlu açıqlamaları ilə çıxış edən psixoloq Dəyanət Rzayevin dünən gecə intihar edərək öldüyü bildirilir. İnsanları intihardan çəkindirən və onlarla insanı intiharın pəncəsindən xilas edən bir şəxsin intiharın qurbanına çevrilməsi Azərbaycan ictimaiyyətinin müzakirə mövzusuna çevrilib.

Ayyət Əhməd