"Çalışmaq lazımdır ki, büdcə gəlirlərində neftdən gələn gəlirin səviyyəsi əlli faizdən az olsun. Ancaq bu, büdcə gəlirlərinin ümumi həcminin dəyişdirilməsi yolu ilə edilməməlidir"
"Forsmajor halları hər zaman nəzərə almaq lazımdır" - Müsahibə
Vüqar Bayramov: "Reallıq odur ki, neftin qiyməti daha çox siyasi faktorlardan asılıdır. Əgər mövcud şərtlər dəyişərsə, qiymətdə dəyişikliklər ola bilər"
"Çalışmaq lazımdır ki, büdcə gəlirlərində neftdən gələn gəlirin səviyyəsi əlli faizdən az olsun. Ancaq bu, büdcə gəlirlərinin ümumi həcminin dəyişdirilməsi yolu ilə edilməməlidir"
"Çalışmaq lazımdır ki, büdcə gəlirlərində neftdən gələn gəlirin səviyyəsi əlli faizdən az olsun. Ancaq bu, büdcə gəlirlərinin ümumi həcminin dəyişdirilməsi yolu ilə edilməməlidir"
Ötən günlərdə Milli Məclisdə komitələrin birgə iclası ilə 2019-cu ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılıb. İclasda çıxış edən Maliyyə naziri Samir Şərifov büdcənin gəlirləri, xərcləri və ayrı-ayrı istiqamətlər üzrə ayrılması nəzərdə tutulan vəsaitlər barədə məlumat verib. Nazir bildirib ki, 2019-cu il dövlət büdcəsi ölkənin strateji inkişaf prioritetləri, ortamüddətli büdcə və maliyyə siyasəti, sosial-iqtisadi inkişaf göstəriciləri və makroiqtisadi proqnozların təhlili nəzərə alınmaqla hazırlanıb. Diqqətə çatdırıb ki, təqdim edilən büdcə layihəsi təkcə ölkəmizdə baş verən prosesləri deyil, eyni zamanda, dünyada və ələlxüsus yerləşdiyimiz regionda baş verən geosiyasi hadisələri və iqtisadi dəyişikliklər fonunda tərtib olunub.
O da vurğulanıb ki, növbəti ilin dövlət büdcəsi də ənənəvi olaraq sosialyönümlü büdcə olaraq qalacaq. Nazirin sözlərinə görə, gələn ilin büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da cari illə müqayisədə 790 milyon manat, yəni 14 faiz çoxdur. 2019-cu ilin dövlət büdcəsinin parlamentdə müzakirə edilməsi ilə bağlı "Şərq”in suallarını cavablandıran İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov mühüm məqamlara toxunub. İqtisadçı dövlət büdcəsindəki müsbət amillərlə yanaşı, hələlik qaneedici olmayan nüansları da diqqətə çatdırıb.
- Vüqar bəy, 2019-cu ilin dövlət büdcəsində neftin bir barelinin satış qiyməti 60 dollar səviyyəsində qəbul edilib. Mövcud şərtlər daxilində müəyyən olunan bu rəqəmi necə dəyərləndirirsiniz?
- Xatırladım ki, 2018-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar götürülmüşdü. Daha doğrusu, əvvəl 50 dollar müəyyən edilmişdi, amma sonra iqtisadi proseslərə uyğun olaraq 5 dollar da artırılmışdı. İqtisadi sahədə cərəyan edən hadisələr nəzərə alınaraq ehtimal edilir ki, 2019-cu ildə neftin bir barelinin qiyməti təxminən 70 dollar civarında olacaq. Təbii ki, hansısa siyasi faktor baş verərsə, o zaman qiymət daha da yüksələ bilər. Bunun əksinə, hazırda Çində müşahidə edilən krizis qlobal böhrana səbəb olarsa, o zaman neftin qiymətində kəskin azalmalar baş verər. O baxımdan forsmajor halları hər zaman nəzərə almaq lazımdır. Reallıq odur ki, neftin qiyməti daha çox siyasi faktorlardan asılıdır. Əgər mövcud şərtlər dəyişərsə, qiymətdə dəyişikliklər ola bilər.
- Gələn il üçün neftin qiymətini təxmini də olsa proqnozlaşdırmaq mümkündürmü?
- 2019-cu il üçün neftin bir barelinin qiymətinin dünya bazarında 60 dollardan yuxarı olacağı daha inandırıcıdır. Məncə, Azərbaycanda 2019-cu il büdcəsində neftin qiymətinin 60 dollar götürülməsi ciddi risk formalaşdırmır. Amma nəzərə almaq lazımdır ki, neft bazarında siyasi amillərin təsiri böyükdür. Siyasi faktorlar qiymətin kəskin artıb-azalması ilə müşahidə olunur. Gələn il neftin qiymətində yüksək artımlar proqnozlaşdırılmır. Çünki ABŞ heç vaxt qiymətin praktik olaraq artmasına imkan verməz. Əksinə, neftin qiymətində azalma riski hələ də qalmaqdadır. İstənilən halda hər şey gələcək proseslərdən asılıdır.
- Gələn ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. İndiki qlobal iqtisadi böhran fonunda bu artım faizini necə şərh edərdiniz?
- Əgər 3.5 faizlik artımın qaynağına diqqət yetirsək, gəlirlərin əsasən neft sahəsindən əldə olunacağını görərik. Bu da təbiidir, çünki gələn il neftin qiyməti 60 dollardan götürülüb. Halbuki cari ildə bu rəqəm 55 idi. Eyni zamanda qeyri-neft sektorunda təxminən 4.5 faiz artım olacağı gözlənilir. Həmçinin, gömrük yığımlarında artımların olacağı proqnozlaşdırılır. Bu da gömrük sistemindəki leqallaşdırma ilə əlaqələndirilir. Əslində iqtisadçı olaraq büdcə gəlirlərində kəskin artımların tərəfdarı deyilik. Düşünürük ki, büdcə xərcləri strukturu növbəti illərdə dəyişdirilməlidir. Bu, daha məqsədəuyğun olardı. Düzdür, 2019-cu ilin dövlət büdcəsində sosial xərclərə ayrılan vəsaitin həcmində artımlar var. Ancaq struktur dəyişdirilərsə, sosial xərclər daha ön plana çıxar. Hesab edirik ki, dövlət investor rolunu mərhələli şəkildə özəl şirkətlərə ötürməlidir. Hər halda indiki tənzimlənən artımı yüksək dəyərləndiririk. Təqdirəlayiq olan isə odur ki, Maliyyə Nazirliyi kəskin artımlara getmədi. Kəskin gəlir artımlarının tətbiq edilməsi dayanıqlılıq baxımından heç də arzuolunan deyil. Əgər gələn il neftin qiyməti proqnozlaşdırılan səviyyədən yüksək olarsa, o zaman gəlirlərin formalaşmasında heç bir problem olmayacaq.
- Büdcə gəlirlərinin 40 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 60 faizi isə neft gəlirlərinin payına düşəcək. 60-ın 40-a nisbətini necə dəyərləndirirsiniz?
- Mərhələli şəkildə büdcə gəlirlərində qeyri-neft sektorunun payının artırılması vacibdir. Bu baxımdan yaxın illərdə qeyri-neft sektorunun payının 50 faizə çatdırılmasını daha məqbul hesab edirik. Hökumət üçün də əsas hədəf büdcə gəlirinin formalaşmasında qeyri-neft sektorunun faiz dərəcəsini artırmaqdır. Bu yöndə islahatlar birbaşa neftdən asılılığı aradan qaldırmağa xidmət edir. Etiraf etmək lazımdır ki, 60-40 faizlik fərq məqbul nisbət deyil. Daha məqsədəuyğun olanı 50-nin 50-yə, hətta zamanla qeyri-neft sektorunun payının 50 faizdən daha çox olmasıdır. Çalışmaq lazımdır ki, büdcə gəlirlərində neftdən gələn gəlirin səviyyəsi əlli faizdən az olsun. Ancaq bu, büdcə gəlirlərinin ümumi həcminin dəyişdirilməsi yolu ilə edilməməlidir.
- 2019-cu ildən etibarən vergi sahəsində də bir sıra vacib dəyişikliklər nəzərdə tutulub. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinə muzdlu işdən aylıq gəlir vergisi üzrə 7 il müddətində güzəşt tətbiq olunacaq. Bunu necə dəyərləndirirsiniz?
- Gəlir vergisində tətbiq olunan güzəştin məqsədi ondan ibarətdir ki, işçilərin əmək müqaviləsinin leqallaşdırılmasına nail olunsun. Bir müddət əvvəl Prezident İlham Əliyev nazirlərin müşavirəsində gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıqlar vermişdi. Bununla bağlı olaraq sosial ödənişlərin payı azaldılmışdı. Sahibkar 22 faiz sosial ödəniş edir, əlavə olaraq 3 və 14 faiz gəlir vergisi ödəyir. Nəticədə sahibkar işçilərlə əmək müqaviləsi bağlamaqda maraqlı olmur. Yeni qaydalarda sosial verginin 10 və 15 faiz olmaqla işə götürənlə işçi arasında bölüşdürülməsi nəzərdə tutulur. Təbii ki, işçi daha az, yəni 10 faiz sosial vergi ödəyəcək. Ümumilikdə isə 14+3, yəni 17 faiz vergi verəcək. Bu da işçiyə vəsaitin bir hissəsinə qənaət etmə imkanı yaradacaq, eyni zamanda işə götürənin ödənişini azaldacaq. Sahibkarların daha az vergi ödəməsi onların işçilərlə əmək müqaviləsi bağlamasına marağını artıracaq.
- Kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan vergi güzəşti də beş il müddətinə uzadılır. Bu güzəşt sahibkarlar üçün nə qədər mühümdür?
- Kənd təsərrüfatı sahəsinə güzəşt çox zəruridir. Çünki kənd təsərrüfatı Azərbaycanda həssas və önəmli sahə sayılır. Nəzərə almaq lazımdır ki, əmək məşğuliyyəti olan şəxslərin 38 faizə yaxını məhz kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir. Bu baxımdan kənd təsərrüfatına vergi güzəştlərinin tətbiq edilməsi təqdirəlayiqdir. Bu iş davam etdirilməlidir. Xüsusən, aqrar məhsulların qiymətinin kəskin artmaması üçün növbəti illərdə də bu cür güzəştlərə ehtiyac var.
İsmayıl