1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

Masallının Hişkədərə kəndində 1400 metrlik yola asfalt örtüyünün döşənməsi, şübhəsiz ki, kənd sakinləri üçün müsbət haldır. Uzun illər istifadə etdikləri yolun yenilənməsi insanların gediş-gəlişini asanlaşdıracaq. Ancaq məsələ yolun asfaltlanmasından daha çox onun necə təqdim edilməsidir.

Masallı Rayon İcra Hakimiyyətinin yaydığı məlumatda xüsusi olaraq qeyd olunur ki, yol İƏD nümayəndəsinin təşəbbüsü, Hişkədərə Bələdiyyəsinin və xeyriyyəçilərin maliyyə dəstəyi ilə asfaltlanıb.

Bəs onda ortaya sadə bir sual çıxır: Layihəni kim maliyyələşdirib, kim həyata keçirib, kim isə sadəcə gedib baxış keçirib?

Məlumata görə, rayon rəhbəri Araz Əhmədov hazır asfaltlanmış yola baxış keçirib, görülən işləri yüksək qiymətləndirib və əməyi olanlara təşəkkür edib. Sanki yolun çəkilişində əsas rol rayon rəhbərliyinə məxsus olub. Halbuki elə həmin rəsmi məlumatda yolun maliyyələşdirilməsinin bələdiyyə və xeyriyyəçilər hesabına həyata keçirildiyi açıq şəkildə göstərilir.

Bu halda icra hakimiyyətinin rəhbərinin özünü həmin işin təqdimatının mərkəzinə çıxarması nə dərəcədə doğrudur?

Kəndə yol çəkilib, amma bunun üzərindən məmur imici formalaşdırmaq cəhdi də diqqətdən yayınmır.

Daha maraqlısı isə odur ki, bu tip məlumatlarda vətəndaşların real problemlərindən daha çox rəhbərin fəaliyyətinin təbliğinə üstünlük verilir. “Baxış keçirdi”, “yüksək qiymətləndirdi”, “təşəkkür etdi”, “diqqət və qayğı göstərdi” kimi ifadələr ard-arda sıralanır. Halbuki ictimaiyyət üçün daha vacib olan tamam başqa suallardır: Yolun çəkilişinə nə qədər vəsait xərclənib? İş hansı standartlarla görülüb? Yolun keyfiyyətinə kim zəmanət verir? Ərazidə başqa hansı kənd yollarının təmirə ehtiyacı var?

Əgər maliyyəni bələdiyyə və xeyriyyəçilər təmin edibsə, onda onların rolu niyə mətndə ikinci plana keçir? Nə üçün əsas diqqət işin təşkilatçılarına deyil, hazır yola baxış keçirən rayon rəhbərinə yönəldilir?

Üstəlik, kənd sakinlərinin rəhbərliyə minnətdarlığının xüsusi vurğulanması da klassik inzibati PR görüntüsü yaradır. Vətəndaşın yol probleminin həllindən razı qalması təbiidir. Lakin bundan avtomatik olaraq məmura siyasi və ya inzibati dividend qazandıran təbliğat materialı hazırlamaq başqa məsələdir.

Əslində dövlət qurumlarının fəaliyyəti özünüreklam üzərindən deyil, nəticə üzərindən qiymətləndirilməlidir. Məmurun asfaltlanmış yola gedib baxması xidmət deyil. Xidmət həmin yolun vaxtında, keyfiyyətli və şəffaf şəkildə çəkilməsini təmin etməkdir.

Bu baxımdan Hişkədərədə 1400 metrlik yolun asfaltlanması yaxşı xəbərdir. Amma yaxşı xəbəri şəxsi PR kampaniyasına çevirmək cəhdi artıq başqa məsələdir.

Kənd sakininin ehtiyacı foto qarşısında dayanan məmur yox, asfaltlanmış və uzun müddət istifadəyə yararlı yoldur.

Əgər görülən iş doğrudan da uğurludursa, onun reklamına ehtiyac yoxdur — nəticə özü danışmalıdır.

P.S. Rayonun problemlərini işıqlandıracağıq.