Fransada meydana gələn etiraz askiyaları bütün Avropaya yayıla bilər

"Artıq bir çox ölkədə iqtidarları dəyişdirmək üçün yeni bir metod sayılan “küçə etirazları”ndan istifadə edirlər"



Fransanın Strasburq şəhərindəki Milad yarmarkasında insanlara atəş açan şəxs hüquq-mühafizə orqanları tərəfindən məhv edilib. Cinayətkar Şerif Şekatt şəhərin Nodorf rayonu ərazisində aparılan xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib. O, hücum etdiyi yerin yaxınlığında aşkar edilib və atışma zamanı öldürülüb. Onun tapılması üçün 75 polis əməkdaşı cəlb olunub. Məlumatlara görə, 29 yaşlı Şekatt İŞİD üzvü olub. Xatırladaq ki, ötən ayın 17-sindən etibarən Fransada "Sarı jiletlilər"in etiraz aksiyası başlayıb. Etirazların baş verməsinə zəmin yaradan əsas səbəb yanacağın qiymətinin artırılması olub. Artıq bir aya yaxındır ki, Fransada kütləvi aksiya və iğtişaş davam edir. Dekabrın 11-də ölkədə gərginlik ən pik həddə çatıb. Belə ki, həmin gün Fransanın Strasburq şəhərində terror hadisəsi baş verib. Əlində avtomat olan kişi "Allahu Əkbər” qışqırıb və insanlara atəş açmağa başlayıb. Nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Fransada başlayan və tədricən Avropanın digər ölkələrinə də sıçrayan aksiyalarla bağlı "Şərq”ə danışan türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyib ki, Fransada meydana gələn etiraz askiyaları bütün Avropaya yayıla bilər: "İqtisadi böhran səbəbindən qaynaqlanan bu olayların arxasında Fransanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ruben Valeribin durduğu artıq yavaş-yavaş bəlli olmaqdadır. Etiraz edən kütlə prezident Makronu devirib yerinə həmin şəxsi gətirmək istəyir. Ölkədəki qarışıqlıqdan istifadə edən bəzi terror hücrələri də yenidən dirçəlməkdədir. Lakin ötən gün Strasburqda baş verən hadisə müəyyən qrupların etiraz aksiyalarına son vermək, yaxud insanları küçələrə çıxmaqdan vaz keçirmək istəyənlərin də işi ola bilər. 

Əgər Fransadakı etirazlar Makronun devrilməsi ilə nəticələnərsə, onun yerinə gələcək şəxs indidən bəllidir. Yox əgər daha ciddi planlar varsa, o zaman narazı kütlələrin etiraz aksiyaları bütün Avropa ölkələrinə yayılacaq. Artıq qitənin bir neçə ölkəsində etirazlar başlayıb və getdikcə genişlənməkdədir. Hətta günlərdir, erməni mediasında Fransadakı etirazların tədricən Ermənistana sıçraya biləcəyi ehtimalı müzakirə edilməkdədir. Reallıq odur ki, artıq bir çox ölkədə iqtidarları dəyişdirmək üçün yeni bir metod sayılan "küçə etirazları”ndan istifadə edirlər”.

İsmayıl