Füzuli meydanı ləğv edilir

Orada yol genişləndiriləcək, yaşıllıq salınacaq
“Abadlıq işləri adı altında həmin ərazidə söküntü aparıb sonradan hündürmərtəbəli binalar tikəcəklərsə, görülən işin heç bir effekti olmayacaq”


Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulub.

"Azəravtoyol” ASC-dən verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı tədbirlər Azərbaycan Prezidentinin sərəncamına əsasən aparılır.

Aparılan yenidənqurma işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkətinin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub. Belə ki, Füzuli meydanının qarşısındakı dairə ləğv edilərək mövcud parkın və Füzuli küçəsinin Nərimanov prospektinə qədər uzadılaraq yeni prospektin yaradılması nəzərdə tutulub. Avtonəqliyyat vasitələri Nərimanov prospekti və Səməd Vurğun küçələrinə çatmamış yaradılacaq geri dönmə hissələrindən istifadə edərək hərəkətlərinə davam edə biləcəklər. Bundan başqa, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinədək yalnız sərnişin avtobusların hərəkəti üçün bir hərəkət zolağı ayrılacaq.

Dəyişikliklər Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairədə də baş tutacaq. Belə ki, İnşaatçılar prospekti ilə Bakıxanov küçəsinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün Dövlət Statistika Komitəsinin qarşısındakı dairəyə giriş məhdudlaşdırılacaq. Onların hərəkəti Nərimanov prospektinə yönəldiləcək. Avtonəqliyyat vasitələri prospektdə yeni yaradılacaq yol hissəsindən geri dönərək Abdulla Şaiq küçəsi ilə yenidən İnşaatçılar prospektinə çıxaraq həm geriyə, həm də düzünə hərəkətlərinə davam edə biləcəklər. Hərəkətin normal təşkili üçün Nəriman Nərimanov prospektində hərəkət birtərəfli olacaq. Əks istiqamət üzrə hərəkət Abdulla Şaiq küçəsi vasitəsi ilə təmin olunacaq. Sözügedən ərazidə dəyişikliklər həm Dövlət Statistika Komitəsinin qarşısındakı, həm də Nəriman Nərimanovun heykəlinin yerləşdiyi dairələrə çatmamış geri dönməni təmin etmək üçün yeni yol hissələri salınacaq. Sadalanan ərazilərdə aparılan yenidənqurma işləri nəticəsində hərəkətin bu cür təşkil olunması hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi və tıxacların aradan qaldırılması üçün hesablanıb.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqovanın sözlərinə görə, bu işlər aparılarkən şəhərsalmanın qanunlarına diqqət edilməlidir: 

"Orada olan binaların əksəriyyəti qədimdən qalan binalardır. Onları saxlamaq şərti ilə həmin ərazidə abadlıq və yenidənqurma işləri aparmaq olar. Füzuli küçəsindən Nərimanov prospektinə gedən istiqamətdə "Azdrama”nın binası yerləşir, ətrafında isə qədim binalar var. Onları sökmək mümkünsüzdür”.

Şəhərin içərisində yaşıllıqdan əsər-əlamət qalmadığını vurğulayan memar hesab edir ki, sözügedən ərazidə geniş yaşıllığın salınması da məqsədəuyğundur: 

"Abadlıq işləri adı altında həmin ərazidə söküntü aparıb sonradan hündürmərtəbəli binalar tikəcəklərsə, görülən işin heç bir effekti olmayacaq. Onsuz da Abşeron yarımadası həddindən artıq hündür binalarla yüklənib. Əgər qabaqlayıcı tədbirlər görülməsə, mütləq fəsadlar ortaya çıxacaq. Həmin ərazilər dənizə çox yaxındır. Yeraltı sular qalxacaq, gil qatı yumşalacaq və sürüşmə yaranacaq. Ona görə də biz şəhəri mümkün qədər boşaltmalı və binalardan çox yaşıllığın salınmasına önəm verməliyik”.

Şəymən