"2019-cu ildə dövlət büdcəsində neftin qiymətinin 60 dollar götürülməsi gələn il ölkəyə böyük həcmdə vəsaitin daxil olmasından xəbər verir”
Bunu "Sherg.az”a 2019-cu il üçün dövlət büdcəsində neftin qiymətinin 60 dollar götürülməsi haqqında danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, neftin büdcə qiymətinin yüksək həddə götürülməsi iqtisadiyyatımız üçün müsbət haldır:
"Bu ilin başlanığıcında neftin büdcə qiyməti nisbətən aşağı həddə götürüldü. Çünki 2018-ci ildə bütün beynəlxalq qurumlar neftin real qiymətinin 60 dollar intervalında dəyişəcəyini proqnozlaşdırırdı. Dünyada baş verən siyasi proseslər, yəni ABŞ-ın İrana qarşı sanksiyaları və digər bu kimi olaylar neftin qiymətini 80 dollardan artıq həcmə gətirib çıxarıb. Hətta gələcəkdə baş verəcək hadisələr "qara qızıl”ın qiymətinin daha da qalxmasına şərait yarada bilər. 2019-cu ildə dövlət büdcəsində neftin qiymətinin 60 dollar götürülməsi birbaşa neftin dünya bazarlarında yüksək qiymətə satılması ilə bağlıdır. Yəni dövlət gələn il üçün böyük həcmdə neft satışını həyata keçirəcəyini düşünür.
Bununla əlaqədar olaraq dövlət büdcəsinə daxilolmaların artacağını proqnozlaşdırır. Həmçinin hökumət neftin gələn il büdcə qiymətini 60 dollar götürməklə öz risklərini sığortalamağa çalışır. Çünki 60 dollar indiki qiymətlərdən aşağı, əvvəki qiymətlərdən isə yüksəkdir. Bir daha qeyd edirəm ki, neftin büdcə qiymətinin yüksək götürülməsi gələn il iqtisadiyyatımıza bu sahədə daha çox gəlir gələcəyindən xəbər verir. Bu da 2019-cu ildə xərcləmələrin çoxalması üçün bir maliyyə bazası formalaşdırır. Xüsusən də burada söhbət neft satışından əldə edilən gəlirlərdən gedir”.
Qeyd edək ki, gələn il dövlət büdcəsində neftin qiyməti bəlli olub. Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsi layihəsində neftin qiyməti bəlli olub. 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulur. 2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti əvvəlcə 45 dollar səviyyəsində müəyyənləşdirilmişdi. Sonradan büdcəyə yenidən baxılanda neftin 1 barelinin qiyməti 55 dollara qaldırıldı.
Kənan Eynuroğlu