Gələn il ziyarət xərclərində artım gözlənilir

Ekspertlər aviaşirkətlərin sayının az olmasının da bahalaşmaya təsir etdiyini vurğulayır





Həcc ziyarətinə getmək arzusunda olanlara bəd xəbər var. 2018-ci ildə ziyarət xərclərində artım gözlənilir. Artıq bununla bağlı ehtimallar səslənməkdədir.
Verilən məlumata görə, Azərbaycanda Həcc missiyasının rəhbəri Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ziyarət qiymətlərinin müəyyənləşdirilməsi, otellərin seçilməsi və digər hazırlıqlarla bağlı Səudiyyə Ərəbistanına yola düşüblər. Həcc ziyarətinin qiyməti və sənəd qəbuluna nə zaman başlanacağı da nümayəndə heyəti qayıtdıqdan sonra bilinəcək. Amma bir məsələ aydındır ki, 2018-ci ildə Həcc ziyarəti qiymətlərində artım olacaq. Buna səbəb kimi isə Məkkə və Mədinə şəhərlərində otel qiymətlərində artım olması göstərilir.

Ötən illərə baxanda, Həcc ziyarəti qiymətlərində hər il artım olduğu görünür. 2016-cı ildə qiymət 3500-4500 ABŞ dolları, 2017-ci ildə isə 3850 dollar oldu (7300 manat). Böyük ehtimalla 2018-ci ildə qiymətlərdə ən azı 150-200 manat artım olacaq. Bu o anlama gəlir ki, Həcc ziyarəti qiyməti 8000 manat və ya 4000 ABŞ dolları ola bilər. Aşağısı 1000 manat da xərclik hesaba alınsa, ziyarətə getmək istəyənlər 9000-10.000 manata - adekvat 5000 ABŞ dollarına sahib olmalıdılar.

Orta imkanlara malik insanın bu məbləği əldə etməsi çox çətin, kasıblar üçünsə, xəyal görünür.
Həcc ziyarəti qiymətlərində niyə hər il artım olur? Şükür ki, son illərdə güclü devalvasiya da olmayıb. Manat dollara nisbətdə ucuzlaşmayıb. Yəni, qiymətlərdə artım edilməsinə təkan verəcək iqtisadi hadisə baş verməyib. Bəs qiymət niyə durmadan yüksəlir?

Turizm üzrə ekspert, iqtisadçı Elxan Vəliyev "Şərq”ə açıqlamasında Həcc ziyarəti qiymətlərinin yüksəlməsinin ən başlıca səbəbi kimi ziyarət təşkilatçılığında alternativsizliyi göstərdi:

- Məlumdur ki, Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi Həcc missiyasının yeganə rəhbəridir. Bu idarədən savayı heç bir turizm şirkətinin Həcc ziyarətinin təşkilinə icazəsi yoxdur. Amma ötən illərdə belə deyildi. Müxtəlif şirkətlər fəaliyyət göstərirdilər, Məşhəd, Kərbəla, Nəcəf səfərlərini təşkil etdikləri kimi Həcc ziyarətinə də zəvvar apara bilirdilər. Bu da qiymətlərdə müxtəlifliyin önünü açırdı. Şirkətlər Səudiyyə Ərəbistanında Həcc ziyarəti ilə məşğul olan şəxslər, Mədinə, Məkkə şəhərlərində yerləşən otel yetkililəri ilə münasibət yaradıb danışıqlar aparır, qiymətlərdə endirim edə bilirdilər. Amma sonra buna son qoyuldu. Yalnız QMİ təşkilatçı kimi tanındı. Bu da təbii ki, qiymət siyasətinin bir əldə cəmləşməsinə səbəb oldu. Bir təşkilat olduğu üçün də istədikləri qiyməti qoyurlar.

E.Vəliyev aviaşirkətlərin sayının az olmasının da qiymət bahalığına təsir etdiyini bildirdi:

- Azərbaycanda hazırda AZAL-la yanaşı, "Buta” Hava Yolları şirkəti də uçuşlar həyata keçirir və bildiyim qədər qiymətlər də ucuzdur, əhalinin maddi imkanları daxilindədir. Bu faktın özü təyyarə reyslərində qiymətlərin əlçatanlığını təmin edən amildir. Amma aviaşirkətlərin sayının çoxalması da tələbatdan asılıdır. Tələbat çoxaldıqca, aviaşirkətlərin sayı da artır. Qiymətlərdə ucuzluq olmasını istəyiriksə, alternativ turizm şirkətləri, alternativ aviaşirkətlər olmalıdır. Ümumilikdə isə hazırda dünya ölkələrində dollar "oynayır”. Amma onun da üzərində tənzimləmə aparırlar.

Bu arada o da qeyd olunur ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarəti zamanı Məkkədə 30 milyon nəfəri qarşılaya bilmək üçün yeni layihələr hazırlayır. APA-nın yerli "SPA” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı Ciddə şəhərində konfrans təşkil edilib. Layihədə 2030-cu ilədək Məkkədə abadlaşdırma işlərinin görülməsi nəzərdə tutulur. Bu məqsədlə Kəbənin ətrafının genişləndirilməsi, elektrik, su, xətlərində və tibb məntəqələrində yenidənqurma işlərinin həyata keçirilməsi, otellərin sayının artırılması, Ciddə şəhərindəki hava limanının böyüdülməsi planlaşdırılır.
Səudiyyə Ərəbistanı Ümrə ziyarəti zamanı təxminən 5 milyon, Həcc ziyarəti zamanı 2 milyon zəvvarı eyni anda qəbul edə bilir.

"Həcc ziyarəti qiymətlərinin qalxması normaldır”

"Müqəddəs yerlərin ziyarət edilməsində hər hansı komfort xidmətə ehtiyac duyulmur”.
Bunu da "Sherg.az”a bu il həcc ziyarətinin qiymətində müşahidə olunan artımla bağlı danışarkən ilahiyyatçı Hacı Atif İsmayılov deyib.

O bildirib ki, buna rəğmən insanların rahat ziyarətini həyata keçirməsinə, otellərin daha yaxın yerlərdə olmasına görə, qiymətlər dəyişə bilər:

"Bəzi hallarda zəvvarlar daha ucuz olması üçün uzaq otel seçirlər. Ona görə, Allahın evinə piyada gedib, gəlməli olurlar, tıxaclara düşürlər, ibadət yerlərinə vaxtında çata bilmirlər. Bu nöqteyi-nəzərdən qiymətlər fərqli ola bilər.

Əvvəllər Məkkə və Mədinə arasında zəvvarların avtobusla hərəkəti nəzərdə tutulurdu. İndi isə bu çox zaman təyyarə ilə təşkil edilir. İnsanlar 24 saat avtobusla yol getməkdənsə, 3-4 saat təyyarə ilə səyahət etməyi üstün tutur. Bu zaman da qiymətlər dəyişə bilər. Ümumiyyətlə, zəvvarların təhlükəsizliyinə, rahatlığına hesablanıbsa, həcc ziyarəti qiymətlərinin qalxması normaldır”.

Məlahət Rzayeva