"30-40 il əvvəl 2 ayın gəlininin evdən qaçması böyük rəzillik sayılardı və buna görə, namus davası düşərdi, cinayət törədilərdi. İndi isə bu, adiləşib”.
Bu barədə "Sherg.az”a Göygöl rayonunda 2 ayın gəlinin evdən qaçmasına münasibət bildirərkən professor, sosioloq Əhməd Qəşəmoğlu deyib.
O diqqətə çatdırıb ki, indiki zamanda bütün dünyada mənəvi dəyərlər sıxışdırılıb:
"İnsanlar bir-biri ilə var-dövləti ilə yarışır. İnsan həmişə özünü şəxsiyyət kimi təsdiq etməyə çalışır. Bu zaman, "yarış” maddiyyat üzərində qurulursa, ailə münasibətlərində, cəmiyyətdə xoşagəlməz hallar ortaya çıxır.

İndiki dövrdə cəmiyyətə təsir edən məsələlərdən biri də informasiyadır. Qadınlar öz söhbətlərində, sosial şəbəkələrdə xüsusi texnologiyalarla hazırlanmış məlumatlara rast gəlirlər. Onların arasında ailə sərgüzəştləri, pornoqrafik filmlər, dağıdıcı xarakterli məlumatlar da var. Bütün bunlar insanların psixologiyasını dəyişir.
Bir qadın evdən qaçıbsa, günahı tək onda axtarmaq lazım deyil. Deməli, hər iki tərəfdə problem var. Kişilər də o sayaq informasiyalara rast gəlirlər. Biz tez-tez qadınların hüquqlarından danışırıq. Amma bütövlükdə ailə problemlərindən danışmalıyıq. 2 ayın gəlini evdən qaçıb.
Cəmiyyətdə, ailə institutunda bu hallara hansı amillərin yol açdığını araşdırsaq,məlum olacaq ki, əksəriyyəti təsadüfən qurulan ailələrdir. Çünki ailə quran şəxslərdə ailə haqqında təsəvvürlər zəifdir. 50-100 il bundan əvvəl gənclər ailənin nə demək olduğunu anlayırdı, ailənin qarşısındakı vəzifələri dərk edirdi. Ona görə, Azərbaycan ailə institutunun problemləri ciddi araşdırılmalıdır”.
Qeyd edək ki, Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Belə ki, rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva 8 gündür itkin düşüb. Qayınatası bildirib ki, gəlinini saç feni almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksi ilə uzaqlaşdığını görüb. Gəlinin qayınanasının sözlərinə görə, Asiya oğlu Royal Bayramovla öz istəyi ilə ailə qurub. Evi tərk edənə qədərsə, münasibətlərində heç bir problem olmayıb.
Aysel Aslan