Gəncəli mer fəxrimizdir

Rusiyada azərbaycanlının vəzifədə olması çox əhəmiyyətlidir



Rusiyanın Ulyanovsk vilayətinin Dmitrovqrad şəhərinin yeni meri məlum olub. Belə ki, Aleksey Koşayev şəhər meri seçilib. Məlumata görə, sambo və güləş üzrə idman ustası olan Kaşayevin 41 yaşı var. O, 1975-ci ildə Gəncədə anadan olub.

Məsələyə münasibətini bildirən İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay bu hadisənin Azərbaycanla Rusiya münasibətlərində əhəmiyyətli olduğunu deyib. Onun sözlərinə görə, bu hal Rusiyada yaşayan soydaşlarımız üçün də olduqca əlverişlidir: "Rusiya Federasiyası elə bir quruluşdur ki, burada çoxsaylı millətlər yaşayır. Tarixən də Rusiya hər zaman SSRİ-nin varisi kimi çıxış edib. Açıq formada desək, Rusiya millətləri başına yığaraq çoxmillətli bir federasiya olaraq öz rolunu saxlayır. Beləliklə, başqa millətlərdən olan insanlar müxtəlif vəzifələrlə irəli çəkilir. Bu nisbətdə əsasən yəhudilər daha çox irəlidədir. Ukraynalılar münasibətin gərgin olmasına baxmayaraq xeyli irəliyə doğru addımlayıb. Bu sırada ermənilər, gürcülər də kifayət qədərdi. Amma ümumi olaraq baxsaq, azərbaycanlılardan vəzifədə olanların sayı elə də çox deyil. Lakin irəli çıxanlarımız da var. Sovet dönəmində də belə həmyerlilərimiz olub. Düşünürəm ki, bizim vətəndaşımızın belə vəzifə ilə mükafatlandırılmasını alqışlamaq lazımdı”. Ekspertin sözlərinə görə, Rusiyanın ictimai həyatında yer tuta biləcək vətəndaşlarımızın olması orada olan azərbaycanlıların yaşayışı və inkişafı üçün də əhəmiyyətlidi: "Düşünürəm ki, soydaşımız bu vəzifəni istedadı, qabiliyyəti və yüksək davranışı sayəsində əldə edib. Bu hadisə ölkəmizlə Rusiya münasibətlərinin inkişafında və dayanıqlı olmasında da çox böyük rol oynayır. Azərbaycanlıların Rusiya kimi böyük federasiyada müəyyən vəzifələr tutması bizim üçün bir fəxrdir. Bu, dövlətimiz və cəmiyyətimiz üçün yararlı bir məsələdir”.

Yeganə Bayramova