Rasim Balayev: “Bildiyimdən, bacardığımdan öyüd-nəsihət verdi”
“Bizim vaxtımızda istedadı olan insanı görəndə ona dəstək verirdilər, imkan yaradırdılar ki, özünü o sahədə göstərə bilsin. İndi zaman dəyişib”
"Dinlə” - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maraqlı layihəsinin ilk qonağı xalq artisti Rasim Balayev olub.
Layihənin rəhbəri Nigar Həsənzadənin təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi Azərbaycanın tanınmış incəsənət və mədəniyyət xadimləri, ziyalıları ilə gənclərin görüşlərini təşkil etmək, onlarla maraqlı, maarifləndirici söhbətlər aparmaq, gənclərin kitaba, elmə, mədəniyyət və ədəbiyyat sahəsinə marağını artırmaqdır.
Gənclərlə olan görüşün təəssüratları barədə xalq artisti Rasim Balayev "Şərq”ə danışdı.
- Gənclərlə maraqlı görüşünüz olub. Təəssüratınızı bölüşərdiz...
- Maraqlı bir layihənin qonağı oldum. Nigar xanımın dəvəti ilə gənclərlə görüşdüm. Təxminən 1 saata yaxın davam edən görüşdə gənclərlə söhbət edə bildim. Maraqlı fikir mübadiləsi apardıq. Məndən şeir istədilər, bir neçə şeir səsləndirdim. Bilmirəm onlarda necə təəssürat yarandı, yaddaşlarında hansı iz qoy bildim, hər halda gəncliklə görüşmək maraqlı gəldi. Bildiyimdən, bacardığımdan öyüd-nəsihət verdi. Təhsilin vacibliyini vurğuladım. Gözəl bir görüş kimi yaddaşımda qaldı.
- Bu görüşdən sonra Azərbaycan gəncliyi barədə hansı fikir formalaşdı?
- Mən gəncliyi sevən biriyəm. Onlar gələcəyimizdi. Amma bizim dövrün gəncliyi ilə indiki gənclik arasında böyük fərq var. Bizim vaxtımızda istedadı olan insanı görəndə ona dəstək verirdilər, imkan yaradırdılar ki, özünü o sahədə göstərə bilsin. İndi zaman dəyişib. İstedad olsa belə mütləq sənə dəstək olan insan olmalıdır ki, səni tanısınlar, qəbul etsinlər. Bu günün gəncləri arasında da istedadı olanlar çoxdu. Sadəcə onları ortaya çıxarıb, dəstək vermək lazımdı. Düşünürəm ki, gənclərlə belə görüşlərin keçirilməsi təqdirəlayiqdi. Tanınmışların, ictimai simaların, incəsənət xadimlərinin gənclərlə bu kimi söhbətlərin, görüşlərin keçirilməsinin əhəmiyyəti də böyükdü.
Tahirə