Generalların paytaxtımızda zirvə görüşü siyasi-diplomatik uğurdur

Bu həm də ABŞ və Rusiyanın Bakıya etibarlı müttəfiq olaraq verdikləri dəyərdir


ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda reallaşan görüşü Azərbaycanın regional siyasətdə vazkeçilməz yerinin və nüfuzunun bariz təsdiqidir. Bunu təkcə biz deyil, dünyanın tanınmış media qurumları və siyasi-ictimai xadimləri də etiraf edirlər. Məlumdur ki, son üç ildə ABŞ və Rusiya arasında bu qəbildən heç bir təmas olmayıb və aylardır tərəflər belə bir görüşün reallaşması üçün müzakirələr aparırdı.

Lakin görüşün konkret harada keçirilməsi ilə bağlı ortaq anlaşma yox idi. Nəhayət, ABŞ və Rusiya generaliteti belə mühüm və tarixi görüş üçün ortaq ünvan olaraq, Azərbaycanın - paytaxt Bakımızın üzərində dayandılar. Əlbəttə, Cənubi Qafqazın digər ölkələri - Gürcüstan və Ermənistanda da belə bir zirvənin baş tutması mümkün ola bilərdi. Çünki İrəvan Rusiyanın forpostudur və erməni lobbisi Amerikada təsir gücünə malikdir. Ancaq buna rəğmən məhz Azərbaycanın seçilməsi onu göstərir ki, ölkəmizin mövcud göstəriciləri və hakimiyyətin balanslı xarici siyasəti bütün "konkurs şərtləri”ndən daha yüksəkdə durur. Azərbaycan hazırda dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Rəsmi Bakı həm ABŞ, həm də Rusiya ilə yaxın və yaxşı münasibətlər qurub və qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir. 

Prezident İlham Əliyevin istər ABŞ rəhbəri Donald Tramp, istərsə də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri mövcuddur. Hər iki liderin Azərbaycanın dövlət başçısı ilə əlaqələrə mühüm önəm verməsi də faktdır. Görünən budur ki, rəsmi Bakının yürütdüyü siyasət öz nəticəsini verib və artıq beynəlxalq güclər sivilizasiyalararası dialoqun mərkəzinə çevrilən Bakıda ziddiyyətli hərbi-siyasi müzakirələrin aparılması üçün də ən münasib məkan olaraq seçirlər. Bu, həm də ABŞ və Rusiyanın beynəlxalq dialoq üçün meydana çevrilən Bakıya etibarlı müttəfiq olaraq verdikləri önəmin və göstərdikləri etibarın göstəricisi sayıla bilər. Generalların zirvə görüşünə Bakının ev sahibliyi etməsi Ermənistanla müharibə vəziyyətində olan ölkəmizin növbəti siyasi-diplomatik uğuru hesab olunur.

Generalların Bakı görüşü işğalçı Ermənistanda gözlənildiyi kimi, siyasi qısqanclıq və narahatlıqla qarşılanıb. Bu da anlaşılandır. Bakı zirvəsi ilk növbədə ölkəmizin bölgədə həlledici yeri və nüfuzunun etirafı və qəbul olunmasıdır. 

Odur ki, erməni tərəfi dərhal daxili auditoriya üçün görüşün önəmini azaltmağa başlayıb. Hətta bu xüsusda Azərbaycanı şərləməyə cəhd ediblər. Ancaq reallıq ortadadır. Ermənistandan fərqli olaraq, Azərbaycanın dünyadakı yeri dayanıqlı və etibarlıdır. Bunun başqa bir təsdiqi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi və bu qurumdakı iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirməsini göstərmək olar. Azərbaycan həmçinin, dünyanın digər güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurmağı bacarıb. Hazırda Avropa Birliyi ilə əlaqələrin daha yüksək səviyyəyə qaldırılması yönündə müzakirələr gedir. Bundan əlavə, dünyadakı sülhyaratma prosesində ölkəmiz fəal iştirak edir, qlobal sülhün və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfələrini verir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, ABŞ və Rusiya generallarının görüşü Azərbaycana dividendlər gətirəcək. Onun fikrincə, Bakıda keçirilən görüş Prezident İlham Əliyevin apardığı balanslaşdırılmış uğurlu siyasətin nəticəsidir: 

"Azərbaycanın Rusiya və ABŞ-la yaxşı münasibətləri var. Bu münasibətlər kontekstindən çıxış edəndə Bakının görüş yeri kimi seçilməsi təbiidir. Eyni zamanda Azərbaycan bir sıra regional və dünya əhəmiyyətli layihələrin müəllifidir. Bura "Bakı-Tbilisi-Qars” dəmir yolunun, neft-qaz kəmərlərinin çəkilməsini aid etmək olar. Bu layihələrdə ABŞ Azərbaycana hər zaman dəstək olub. Bundan başqa, Azərbaycan Cənubi Qafqazın ən güclü, stabil və sabit dövlətidir. Bu meyarlardan çıxış edən ABŞ və Rusiya belə bir görüşün Bakıda keçirilməsinə qərar veriblər. Bu, Azərbaycanın nüfuzu ilə bağlı olan məsələdir. Bunu etiraf etmək lazımdır. ABŞ və Rusiya dünyanın böyük dövlətləridir. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Bu dövlətlərin baş qərargah rəislərinin paytaxtımızda görüşü rəsmi Bakının artan nüfuzundan xəbər verir və bizə əlavə nüfuz gətirəcək”.

Politoloq İlqar Vəlizadə də deyib ki, generalların Bakı görüşündən sonra Azərbaycanın dünyadakı rolu daha da möhkəmlənəcək. Ekspert ABŞ və Rusiya baş qərargah rəislərinin Bakı görüşünün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: 

"Görüş bir neçə aspektdən əhəmiyyətlidir. Birincisi, Azərbaycan çoxbalanslı xarici siyasət yeridir və hər iki ölkə ilə normal münasibətləri var. Bu isə birbaşa Azərbaycanın həm regional, həm də beynəlxalq nüfuzunun artmasından xəbər verir. Bu görüşdən sonra Azərbaycanın dünyadakı rolu daha da möhkəmlənəcək. Həmçinin, görüş iki dövlət arasında Suriya hərbi əməliyyatlarında toqquşma ehtimallarının aradan qaldırılması baxımından da vacibdir. Rusiya və ABŞ arasında Suriyadakı hərbi əməliyyatlarda toqquşma ehtimalları çoxalırdı. Generallar məhz bu gərginliyi azaltmaq üçün çox vacib bir addım atdılar. Uğurlu haldır ki, Rusiya və ABŞ bundan sonra daim koordinasiya ilə işləyəcəklər”. İ.Vəlizadənin sözlərinə görə, Rusiya-ABŞ dialoqunun inkişafı bütün hallarda dünyada gərginliyin azalmasına xidmət edəcək: "Bu vacib görüş Rusiya və ABŞ münasibətlərinə də təsir göstərəcək. Yalnız prezidentlər deyil, digər strukturlar arasında da görüşlər gözlənilir. Əlbəttə ki, dialoqlar mürəkkəb keçəcək. Ancaq hər halda danışıqlar münaqişədən üstündür”.

Siyasi ekspert Elxan Şahinoğlu bəyan edib ki, ABŞ və Rusiya baş qərargah rəislərinin Bakıdakı görüşü Ermənistanı pat vəziyyətinə salıb:

"Ermənilər anlamırlar ki, bu cür mötəbər təmas üçün iki böyük dövlət niyə Azərbaycanın paytaxtını seçib? Bir tərəfdən paxıllıq hissi, digər tərəfdən Azərbaycanın bölgədə artan rolunu həzm edə bilmirlər. Rəsmi İrəvan ümid edirdi ki, ABŞ və Rusiya Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq üçün hərbi təzyiqinə qarşı sərt mövqe ortaya qoyacaqlar, onlar isə tam əksinə, Bakıya danışıqlar məkanı kimi etibar edirlər. Bu görüş bizə işğalçıya təzyiqi artırmaq üçün münbit şərait yaradır”.

İsmayıl