Krım məsələsi Ankara-Moskva münasibətlərinə xələl gətirməyəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Avropa ölkələrinin Krımı yaddan çıxarması və bu ərazinin Rusiya tərəfindən işğal olunması barədə səsləndirdiyi fikirlər Moskva tərəfindən qəzəblə qarşılanıb.
Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev Çavuşoğlunun bu bəyanatını Moskva ilə Ankara arasındakı əlaqələrin yaxşılaşmasına mane olan addım kimi dəyərləndirib. Onun sözlərinə görə, əgər ortada belə bir yanaşma varsa, bu, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasına xidmət etməyəcək: "Türkiyə hazırda Qərbin təzyiqinə məruz qalır. Bu baxımdan nazirin bəyanatını bir növ Qərbin diqqətini Rusiya üzərinə çəkməklə yayındırıcı manevr cəhdi kimi qiymətləndirmək olar. Hesab edirəm ki, xarici təsirlər iki ölkənin milli maraqlarına ziyan vurmamalıdır və buna uyğun siyasət qurulmamalıdır”.
Tərəflər arasındakı gərginliyi "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, geosiyasi maraqlar hər şeyin üstündədir. Ona görə də Krım məsələsi Ankara-Moskva münasibətlərinə xələl gətirməyəcək:
"Beynəlxalq hüquq Krımı Ukraynanın tərkib hissəsi sayır. Rusiyanın Krımı özünə birləşdirməsi beynəlxalq hüquqa görə işğal faktı kimi dəyərləndirilir. Məsələ prinsipial olduğu üçün Türkiyə xarici işləri naziri Mövlüd Çavuşoğlu başqa cür danışa bilməzdi. Sadəcə, Krımla bağlı söylənilən sözlər Rusiya-Türkiyə münasibətlərinə zərbə vura bilməz.
Bu, absurd yanaşmadır. Rusiya tərəfi Çavuşoğlunun açıqlamasını qabardarsa, regionda ən ciddi münasibət qurduğu Türkiyə ilə əlaqələri korlaya bilər. Moskva bunu istəməz. Nəzərə almaq lazımdır ki, türk rəsmiləri ilk dəfə belə fikir səsləndirmirlər. Türkiyəli nazirlər dəfələrlə Krımla bağlı Ukraynanın mövqeyini müdafiə edən bəyanatlar veriblər. Əslində, rəsmi Ankaranın fərqli mövqe sərgiləməsi qəbuledilməzdir. Rusiya var deyə, yalan danışmaq Türkiyəyə yaraşmaz”.
Analitik bəyan edib ki, PKK və YPG-nin Moskvada ofisləri var və onlar Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçiblər: "Rusiyanın zaman-zaman PKK-ya dəstək verdiyi bəllidir. Əgər Rusiyanın PKK-ya münasibəti Ankara-Moskva münasibətlərinə zərbə vurmursa, o halda Krım məsələsindəki fikir ayrılığı da tərəflər arasında qarşıdurma yaratmamalıdır. Halbuki, PKK bütün dünya tərəfindən terrorçu təşkilat kimi tanınır. Krım isə beynəlxalq aləm tərəfindən Rusiyanın ilhaq etdiyi ərazi kimi qəbul olunur”.
İsmayıl