Gərək o karifey sənətkarlar susaydı...
Onların biri-birini təhqir etməsi gənclərin mənəvi tərbiyəsinə pis təsir edir
Azərbaycanda ənənəvi olaraq artıq bir neçə ildir ki, Beynəlxalq Muğam Müsabiqəsi keçirilir. Və bir neçə il idi ki, müsabiqənin münsiflər heyətinin tərkibi demək olar ki, dəyişmirdi. Xalq artisti Ağaxan Abdullayev rəhmətə getdiyindən müsabiqədə bir münsif kürsüsünün yeri boş qalıb. Elə münsif kürsüsünün boşluğu bir çox xanəndələr arasında gedən çəkişmə və intriqanı üzə çıxartmağa səbəb oldu.
Ağaxan Abdullayev dünyasını dəyişdikdən sonra muğam müsabiqəsində həmin yerə Xalq artisti Canəli Əkbərovun iddia olduğu bildirildi. Məhz bu iddia digər münsiflərin mətbuatda sərt açıqlaması ilə müşahidə olundu. İllərlə biri-biri ilə rəqabət aparan, çəkişmə edənlər niyyətlərini büruzə vermiş oldular. Maraqlı məqamlardan biri o oldu ki, Beynəlxalq Muğam Müsabiqəsinin bütün münsifləri Canəli Əkbərovun onların sırasında yer almasına birmənalı şəkildə etiraz ediblər. Xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babeyv və Əlibaba Məmmədovun Canəli Əkbərov barədə fikirləri xanəndəni daha çox özündən çıxarıb. Canəli Əkbərov da iki gün ərzində adlarını çəkdiyimiz Xalq artistləri barədə kifayət qədər sərt, hətta təhqiramiz ifadələr belə işlətməkdən çəkinməyib. Canəli Əkbərovun fikrincə, ona qarşı qruplaşma yaradılıb və qara piar aparılır. Bu piarın başında isə Muğam Müsabiqəsinin rəhbəri Nadir Axundovun dayandığını iddia edir: "Nadir illər əvvəl Space TV-də çalışırdı. Əvvəl AzTV-də çalışırdı, yeni gələn rəhbərlik onu qovdu. Daha sonra Space TV-də işləməyə başladı. Onunla görüşdük, dedi ki, Muğam Müsabiqəsi yaratmaq istəyirik, münsif olmağını istəyirəm. Evə gəldim, böyük qızım dedi ki, muğam müsabiqəsində nə əcəb yox idin? Süjet veriblər, yarışmada münsif olacaq şəxslərin adı açıqlanmışdı. O vaxtdan bu günə kimi aramızda intriqa yaranıb. Hələ soyumayıb, soyumayacaq. Mən kimə nə etmişəm?”
Xalq artisti Mənsum İbrahimov barədə də kifayət qədər kəskin fikirlər səsləndirib:
"Düşünməzdim ki, onlar mənə qarşı belə bir kampaniyaya start verəcəklər. Mənsum kimdir ki, mənim haqqımda danışa? Bir məsəl var, "şaha deyirlər ki, şah sağ olsun, sənin balaca nökərin var. Şah, o nökər səni saymır. Şah da cavab verir ki, görün mən heç onu sayıram?” Mənim oğlanlarım yaşda Mənsumdan böyükdür. Onu mən hazırlaşdırmışam. O vaxtlar mən Opera və Balet Teatrında milli operaların bədii rəhbəri idim. Səsvermə yolu ilə seçilmişdim, vəzifəyə elə-belə gəlməmişdim. Rəhmətlik Səfa Qəhrəmanov yanımda idi. Mənsum gəlib qoluma girdi, dedi ki, mənə atalıq et, nə olar. Cavab verdim ki, necə atalıq edim? Söylədi ki, məni Məcnun obrazına hazırlaşdır. Bu, tək mənim işim deyildi, rəhbərliklə danışmalı idim. O vaxt direktor olan Arif Məlikovla görüşdüm. Direktora dedim ki, Mənsumu "Məcnun” obrazına hazırlamaq istəyirəm. Məlikov söylədi ki, səs imkanları yaxşı deyil. "Xahiş edirəm, bu işə mən əl qatacam”, - deyə direktora müraciət etdim. Axır ki, razılaşdıq, hazırladım. Çox çətin oldu, maneələr çox idi. Arif Babayev isə zarafata salıb məni söyürdü. Mənsum üçün deyirdi ki, "çənəsi əyri oğlan”dır. Əhəmiyyət vermədim, hazırladım. O yerə çatdı ki, afişa verilməli idi, ancaq maneə törətməyə başladılar, qarşısını aldım. AzTV-nin sədri Elşad Quliyevdən çəkiliş üçün icazə kağızı aldım. Tamaşaya gələn, ərkim çatan cavanlara müraciət etdim, dedim ki, filan səhnələrdə alqışlamağa başlayın, qoyun, tamaşa şux və yüksək əhval-ruhiyyə ilə keçsin. Daha sonra tamaşa istədiyim kimi baş tutdu, Polad Bülbüloğlu o vaxtlar nazir idi. Məni qucaqladı, təşəkkürünü bildirdi. İndi isə hər şey dəyişdi. Mənsum bir balaca parlayan kimi dəyişdi. Məni söyən Arif Babayev isə dedi ki, mən teatrdan getdim, yerimi Mənsuma verdim. Dedim ki, Arif, yerin varsa, mənə də ver! Teatrda belə şeylər olub. Mənsumun çayını belə içməmişəm. Ancaq o, evimin içini görüb, öz yerimə toylara göndərmişəm”. Hətta vaxtilə eyni səhnəni paylaşan və uzun müddət Opera və Balet Teatrında Canəli Əkbərovun Leylisi olan Səkinə İsmayılova da, xanəndə ilə eyni kürsüdə oturmaqdan imtina edib. İctimai müzakirələrdə isə bəzilərinin fikrincə, Səkinə xanım ustadına kəm baxan şagirdlərdən sayıla bilər.
Bu çəkişmədə kimin nə dərəcədə özünə görə haqlı səbəbləri var, bunu söyləyə bilmərik. Amma bir həqiqət də var ki, adətən sənət aləmində zaman-zaman bu kimi çəkişmələrin olduğunun şahidi olmuşuq. Bu təkcə bizdə deyil, dünya şou-biznesində, sənət aləmində normaldı. Ancaq Azərbaycanda muğam sənətkarları, xanəndələri arasında qalmaqalların demək olar bu dərəcədə çılpaq və sərt olduğunun şahidi olmamışdıq. Hər halda xanəndələr arasında belə çəkişmələrin olması heç də xoş deyil. Hətta ictimaiyyət arasında da birmənalı qarşılanmır.
Professor, sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə bu barədə fikirlərini bildirdi: "İlk növbədə xanəndələr, muğam ustadları olan, ictimai nüfuza malik insanların belə bir qalmaqalda adlarının hallanması xoş səslənmir.
Biz 10 milyonluq millətik. Belə çəkişmələr gənclərin mənəvi tərbiyəsinə mənfi təsir göstərə bilər. Bu kimi hadisələr gənclərin tərbiyəsinə, ictimai baxışlarına təsirini göstərir. Adlarını çəkdiyiniz bütün xanəndələr ilk növbədə nəzərə almalıydılar ki, belə bir qalmaqalın icimailəşməsi təkcə onların məsələsi olmadığı üçün müzakirələrə səbəb ola bilər. Bu, onların şəxsi məsələsi deyil. Canəli Əkbərovu o müsabiqəyə münsif kimi təklif edən insan əslində çox güman ki, bilirdi ki, onların arasında narazılıqlar yaşanır. Ona görə də günahkarlardan biri məhz bu təklifi meydana qoyandı. Görünür, kimsə məsləhət görüb ki, Ağaxan Abdullayev rəhmətə gedibsə, onun yerinə kimsə gəlməlidi. O adam yaxşı bilirdi ki, bu söz-söhbət, gərginlik yarana bilər. Qaldı Canəli Əkbərova, digərlərindən çox o insan günahkardı. Xanəndələrin biri-birinin ünvanına bu qədər sərt ittihamlar irəli sürməsi heç də xoş deyil. Bu, ictimaiyyət arasında da ciddi müzakirələrə, tənqidlərə səbəb oldu. Heç bir xanəndəyə yaraşmazdı ki, biri-birləri haqqında xoşagəlməz açıqlama versinlər. Canəli Əkbərov da ustad kimi, illərin xanəndəsi kimi gərək məsələlərə bir az təmkinlə yanaşaydı. Vaxtilə kiməsə kömək edibsə, kiminsə əlindən tutubsa, bunu illər sonra başa vurmaq düzgün deyil. Mənim də vaxtilə əl tutduğum tələbələr, insanlar olub, onların da arasında mənə qarşı naxələf olanlar var, amma bu mənə əsas vermir ki, nə vaxtsa etdiyim köməyi dilə gətirim. Bir də qeyd edirəm ki, bu, milli sərvətimiz olan muğam sənətinin nüfuzuna xələl gətirə bilər. Gənclərin milli musiqimizə, muğam sənətinə olan dəyərinə təsirini göstərə bilər. Gənclərin muğam sənətkarlarına olan münasibətinə kölgə sala bilər. Mən adları çəkilən heç bir xanəndəyə yaraşdırmazdım ki, bu kimi qalmaqalların müzakirə predmetinə çevrilsinlər. Onların hər biri elə yaşdadırlar ki, cahillik, səbirsizlik onlara yaraşmaz. Elə aqil, müdrik insan o olar ki, bu kimi məqamlarda pisliyə belə xoş münasibət göstərərək cavab versin. Canəli Əkbərov bu qədər çılpaq və kəskin açıqlamalar verməyə bilərdi. Elə qarşı tərəf də maksimum dərəcədə bu söz-söhbətin mətbuata çıxmamasına çalışa bilərdilər. Xanəndələr bu məsələni aralarında çözə bilərdilər, ictimai müzakirəyə çıxmaması üçün susa bilərdilər. Hətta açıqlamaya ehtiyac zəruridirsə, bu qədər kəskin olmaya bilərdilər, daha yumşaq şəkildə digərinin nüfuzuna və sənətinə və şəxsiyyətinə toxunmadan da fikirlərini dilə gətirə bilərdilər. İstənilən halda belə tanınmış insanlar, xüsusilə muğam ustadları arasında yaranan qalmaqallar insanlarda onlara qarşı mənfi rəy yarada bilər. Bu onların hər birinin nüfuzuna xələl gətirə bilən amil ola bilər. Muğam sənətində olanlar muğam kimi müqəddəs bir sənətə hörmət etməyi bacarmalıdırlar. Muğamın qüdrətindən gələn şəkildə davranaraq muğam sənətində fəaliyyət göstərmək lazımdır”.
Tahirə Məmmədqızı