Gərginlik zamanın yaratdığı məsələdir

Lalə Mehralı: “Ünsiyyətsizlik, anlayışsızlıq bu cür faciələrlə nəticələnir”



Azərbaycanda daha bir xanım ailə-məişət cinayətinin qurbanı olub.

32 yaşlı Nigar Məsimova qardaşı, 1986-cı il təvəllüdlü Anar Məsimov tərəfindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Hadisənin qısqanclıq zəminində baş verdiyi müəyyən edilib. Anar Məsimov tutularaq istintaqa cəlb edilib. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, Nigar Məsimova kosmetika şirkətlərindən birində işləyirmiş. İşdən evə gec gəldiyinə görə Anar bacısına bunu irad tutub. Nigar Məsimova isə bu iradlara məhəl qoymayıb.

Ötən gün növbəti dəfə irad bildirilərkən Nigar Məsimova qardaşına kobud cavab qaytarıb. Bundan hiddətlənən Anar Məsimov mətbəx bıçağı ilə bacısına bir neçə zərbə vuraraq onu qətlə yetirib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar əsaslarla baş verən "namus” cinayətləri cəmiyyətdə ailə institutunun və tərbiyənin, xüsusilə, qardaş-bacı münasibətlərinin daha geniş müzakirəsinə zəmin yaradıb. İctimaiyyət üzvlərinin fikrincə, cəmiyyət oğlan uşaqlarını qadını, bacısını qorumaq ruhunda böyütmək istədikcə, vəziyyət ifrat dərəcəyə çatır.
Bəs ekspertlər necə düşünür, günah kimdədir? Qardaşlar haqlı olaraq bacılarına "göz verib, işıq vermir”lər, yoxsa qızlar stereotiplərin güdazına gedir?


Sosioloq-jurnalist Lalə Mehralı "Şərq”ə açıqlamasında deyib ki, bu son hadisədə qızın işdən gecə gəlməsi məsələsi bəhanədir, əslində isə bacısını öldürən qardaşın psixoloji narahatlığı var imiş: 

"Psixoloji problemi olan insan beynində öz-özünə ssenari yaza, istədiyini düşünə, bacısının nə desən edə biləcəyinə əmin ola bilir. Bu kimi hadisələr təəssüf ki, zaman-zaman müşahidə edilir. Hərəsinin özünə görə uydurduğu səbəbi var, kimisi bacısının gözəlliyini bəhanə edir, kimisi ətrafdakıların diqqətini cəlb edəcək geyimini, kimisi də işdən gec gəlməyini. Amma bir insanı öldürmək üçün heç bir səbəb bəhanə göstərilə bilməz.

Məncə, bunlar bir az qardaşların sahiblənmək hissini şişirtməsindən, qoruyucu olmağın əndazəsini artırmaqdan irəli gəlirsə, bir qədər də qızlarımızın sərbəstlik sevməsindən irəli gəlir. Bir gənc qız evdəkilərin xəbəri olmadan dostları ilə gəzintiyə gedə bilər, bu onun tamamilə təbii haqqıdır, amma evdəkilər üçün narahatlığın həddini düşünməli, gecikəcəyini əvvəlcədən deməlidir. Bir qız işdə ləngiyə bilər, evdəkilərə deməyi lazımsız hesab edə bilər, bu da təbii ki, ailəni narahat edəcək. Başqa bir qız elə-belə, sadəcə laqeyd və məsuliyyətsiz olduğu üçün ailəsinə gecikəcəyini deməyə bilər. Hamısının da nəticəsi ölümlə nəticələnə bilər - əgər bütün qardaşlar eyni dərəcədə qısqanc, xoflu olarsa”.

L.Mehralının sözlərinə görə, qarşılıqlı anlaşması normal olan, ünsiyyət problemi olmadan yaşayan ailələrdə bu cür hadisələr olmur: 

"Sizin, mənim, bizim kimi minlərlə qadını evə gec getdiyi üçün qardaşı öldürmür, çünki ailədə qadın evə gec gəlirsə, bunun tutarlı açıqlaması, haqlı səbəbi var. Üstəlik, əksər subay qızlarımız iş yerindən gec saatda çıxmağa məcbur olursa, ya atası, ya qardaşı onu dayanacaqda, iş yerinin önündə qarşılayır, tək gəlməsinə izin vermir. Haqlıdırlar, gənc qız üçün gecə saatları küçə o qədər də təhlükəsiz deyil. Əminəm ki, qardaşının bıçaqladığı o gənc qızın da haqlı səbəb olub, amma səbəbini deməyə fürsəti olmayıb. Ünsiyyətsizlik, anlayışsızlıq bu cür faciələrlə nəticələnir”.

Şəymən