Girovun oğlu əminlik ifadə etdi: “...Atam azad olunacaq !”





"Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində atam Dilqəm Əsgərov erməni girovluğundan azad olunacaq”.

Bunu "Sherg.az”a Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
O qeyd edib ki, ötənlərdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada baş tutan görüşdə atam Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsi müzakirə olunub:

" Eyni zamanda Avropa Məhkəsi Ermənistana məlum məsələ ilə bağlı mart ayına qədər müddət vermişdir. Amma həmin müddət başa çatıb. İnanıram ki, Avropa Məhkəməsi bu işə baxacaq və ədalətli qərar qəbul edəcək. Ən əsası əminəm ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində gec-tez atam Dilqəm Əsgərov erməni girovluğundan azad ediləcək”.

K.Əsgərov onu da söyləyib ki, Beynəlxalq Qızıl Xaç Kommitəsi (BQXK) mart ayında atası gilin olduğu yerə baş çəkib:

"Təəssüf ki, atamdan məktub, video -görüntü və ya şəkil gətirmədilər. Sadəcə atamın yaxşı olduğun bildirdilər. Və məktub yazmaq istəmədiyini söylədilər. Yəni bir il altı aydır ki, atamla birbaşa əlaqə qura bilmirik. Cənab prezident İlham Əliyevlə N.Paşinyanın görüşündə Ermənistanın baş naziri bildirib ki, " girov ailələri istədikləri vaxt gəlib yaxınlarını görə bilərlər”. 

Amma buradan N.Paşinyana belə bir sual verirəm ki, bir il altı aydır ki, atamdan hər hansısa bir məlumat göndərilməsinə imkan vermədiniz. Bütün bunlara rəğmən necə inanım ki, bu fikirlərin həqiqətə uyğundur? Yoxsa bu növbəti erməni hiyləsidir? Hazırda Azərbaycan dövləti ilə birlikdə Əsir və İtgin Düşmüş, Girov Götürülmüş Vətandaşlarla əlaqədar Dövlət Komitəsi, Xarici İşlər nazirliyi və gənc hüquq müdafiəçiləri atam və Şahbaz Əsgərovun azad edilməsi üçün çalışırlar. Dövlətimə inamım sonsuzdur. Cənab Prezidentin uğurlu və prinsipial siyasəti nəticəsində atam erməni girovluğundan azad ediləcək”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Kənan Eynuroğlu