Gülənlə bağlı iki vəkil qrupu fəaliyyət göstərir

Onların biri Türkiyədə, digəri isə ABŞ-da işləyir
Əgər ABŞ-da hansısa nəşr Güləni qatil adlandırırsa, deməli, müəyyən sızmalar var

"Türkiyə qatil Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a təzyiqləri artırır”. Bu iddia ABŞ-ın "Politiko” nəşrində yayılıb. Mətbu orqan vurğulayıb ki, türk rəsmiləri Gülən mövzusunu gündəmdən düşməyə qoymur və israrla onun ekstradisiyasını tələb edirlər: 

"Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ Gülənin təhvil verilməsi ilə bağlı ölkəsinin hazırlıqlar gördüyünü deyib. Bozdağın açıqlaması türklərin səbrsiz olduğuna işarədir. Əgər proses uzadılarsa, yaxud hər hansı problem meydana gələrsə, iki ölkə arasındakı əlaqələrə ciddi şəkildə zərbə dəyəcək”.

 Qeyd edək ki, ABŞ mətbuatında ilk dəfə olaraq Gülən qatil adlandırılıb. Bir sıra ekspertlər Gülənin qatil adlandırılmasını onun yaxın aylarda Türkiyəyə veriləcəyi ilə əlaqələndiriblər. Lakin sözügedən nəşrin Amerikanın rəsmi mövqeyini əks etdirmədiyini deyənlər var. 

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Tofiq Abbasov deyib ki, Fətullah Gülənlə bağlı iki vəkil qrupu fəaliyyət göstərir. Onların biri Türkiyədə, digəri isə ABŞ-da işləyir: 

"Türkiyə tərəfi Gülənə qarşı irəli sürülən iddiaların həcmini artırır və Vaşinqtondan onun təhvil verilməsini tələb edir. Təbii ki, Fətullah Gülənin 15 iyul dövlət çevrilişində əli olduğu rəsmən sübut olunarsa, o, faktiki cinayətkar sayılacaq. Amma bütün bu prosesin terminologiyası təsadüfi formalaşmır. Əgər ABŞ-da hansısa nəşr Güləni qatil adlandırırsa, deməli, müəyyən sızmalar var. Ola bilsin, bu məsələ məhz Güləni müdafiə edən qruplar tərəfindən sızdırılıb. FETÖ liderini dəstəkləyənləri mübarizəyə daha fəal cəlb etmək, onlara təkan vermək üçün belə bir addım ata bilərlər. Ya da əksinə, nəşr məsələnin nə qədər ciddi olduğunu anlatmaq və Gülənin ekstradisiyasına töhfə vermək məqsədi ilə onu qatil adlandırıb. Versiyalar müxtəlifdir. Amma şübhə doğurmayan bir məqam var, "bu xəmir çox su aparacaq”. Çünki ABŞ-da məhkəmə sistemi çoxpilləlidir. Hətta qərar bir neçə instansiyadan keçsə belə, sonda Prezident məsələyə müdaxilə edərək öz qərarını verə bilər. Son olaraq vurğulayım ki, Amerika Güləni hansısa üçüncü ölkəyə də təhvil vermək haqqına sahibdir. Əgər FETÖ başçısını qəbul etmək istəyən ölkə çıxarsa, ABŞ onun ölkədən maneəsiz çıxmasına şərait yaradar”.

İsmayıl