Günvuramadan necə qorunaq? - Evdən çıxmayın !

Adil Qeybulla: "Ürəyi xəstə olanlar, bronxial astmadan, şəkərli diabetdən əziyyət çəkənlər, yaşlılar, hamilə qadınlar günün ən isti vaxtlarını ev şəraitində keçirsinlər. Bədənin su tutumu azaldıqca qan qatılaşır"


"Ürəyi xəstə olanlar, bronxial astmadan, şəkərli diabetdən əziyyət çəkən insanlar isti hava şəraitindən özlərini qorumalıdır”.

Bunu "Sherg.az"-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, yaşlılar və hamilə qadınlar da xüsusilə ehtiyatlı olmalıdır:

"Yaxşı olar ki, hazırkı hava şəraitində insanlar günün ən isti vaxtlarını ev şəraitində keçirsinlər. Çünki bədənin su tutumu azaldıqca qan qatılaşır, problemlər yaranır. Ona görə, sadaladığımız şəxslərdə istivurma hadisəsi daha tez baş verir. İstivurma bədənin istilik tənzimi sisteminin pozulmasından qaynaqlanır. Nəticədə bədən temperaturunun artması və maddələr mübadiləsinin pozulması baş verir.

Gündüz vaxtı saat 12 və 5 arasında mümkün qədər bayırda az olmaq lazımdır. İnsanlar diqqət etməlidirlər. Vacib iş yoxdursa, ümumiyyətlə həmin saatları evdə keçirmək daha yaxşı olar”.

Aysel Aslan