Gürcüstan parlamentində 5 azərbaycanlı ola bilər

Əlibala Əsgərov: “Borçalı türklərinin seçkilərdə aktivliyi lazımi səviyyədə deyil”



Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov bu ölkə parlamentindəki azərbaycanlı deputatların sayından danışıb. O qeyd edib ki, hazırda Gürcüstan parlamentində 3 azərbaycanlı deputat təmsil olunur. Əslində, 15 deputat olmalıyıq.

Təəssüflər olsun ki, ancaq 3 nəfər azərbaycanlı deputata icazə verilir. Azərbaycanlı deputat oktyabr ayında keçiriləcək parlament seçkiləri ilə bağlı yeniliklərdən də danışıb: "Budəfəki parlament seçkiləri zamanı Marneuli uğrunda iki deputat mübarizə aparacaq. Bu dəfə də namizədliyimi verəcəm. Əvvəl Marneuli bölgəsində tək deputat idim. Bundan sonra iki nəfər olacağıq. Onu da qeyd edim ki, azərbaycanlılar budəfəki seçkilərdə çox aktivdirlər. Hər partiyada təmsil olunurlar. Maneələr olmasa, azərbaycanlılar Gürcüstan parlamentində heç olmasa 5-6 nəfərlə təmsil oluna bilər. Maneələri keçə bilsək, bir neçə partiya ilə parlament seçkilərinə qatılmaq olar”.

Qeyd edək ki, bu ilin oktyabr ayında Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Məsələyə münasibət bildirən Qeyrət Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov bildirib ki, parlament seçkilərinə qatılmaları üçün soydaşlarımıza heç bir qadağa yoxdur: "Yetərli sayda azərbaycanlı bu və ya digər partiyalardan həm majoritar, həm də proporsional sistem üzrə namizədliklərini irəli sürüblər. Hakim "Gürcü Arzusu” partiyasından 2 majoritar, milli hərəkatdan isə A.Süleymanovun majoritar qaydada namizədliyi irəli sürülüb. Builki seçkilərdə namizədlərdən 5-nin deputat olacağı gözlənilir”.

Bundan başqa, hərəkat sədri diqqətə çatdırıb ki, Borçalı türklərinin seçkilərdə aktivliyi lazımi səviyyədə deyil: "Çünki təşkilatlanma zəifdir. Sabahını düşünənlər buranı tərk edirlər. Təhsil yox, iş yox. Ona görə də, bu bölgəyə baxış və ya yanaşma kökündən dəyişməlidir”.

Ayyət