Gürcüstan qadağan etdi, plastik torbalar ziyandır

Azərbaycan da təcili gözəl ekoloji təmiz bazar zənbilinə keçməlidir



Gürcüstanda birdəfəlik polietilen paketlərin istifadəsinə qadağa qoyulub. Bu addım"yaşıl iqtisadiyyat" və ekologiyanın qorunmasının yeni siyasəti çərçivəsində ətraf mühitin çirkləndirilməsinin aşağı salınması məqsədilə atılıb.

Məhdudiyyət bir neçə mərhələdən ibarət olacaq. Bu gündən etibarən, 15 mikrondan az qalınlığı olan oksidləşən polietilen torbaların istehsalı, idxalı və satışı qadağan edilir. 2019-cu il aprelin 1-dən isə bütün poletilen paketlərə qadağa qoyulacaq. Bundan sonra Gürcüstan ərazisində ölkənin standartlarına cavab verən yalnız biodegradasiya və kompostlana bilən qablar istehsal etmək, idxal etmək və satmaq mümkün olacaq.

Plastik torbalardan, qablardan istifadə dünya üçün böyük problemdir. Statistik göstəricilərə görə, əksər ölkələrdə sözügedən məhsullardan istifadə əhəmiyyətli dərəcədə artıb. Bu da ətraf mühit üçün ciddi ekoloji problem yaradır. Çünki polietilen paketlər bioloji parçalanmaya məruz qalmır. Onların parçalanma müddəti isə yüz ildən də artıqdır. Belə olan halda plastik qablar müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Onu da deyək ki, bu tip məhsullardan istifadəni bir çox ölkələr qadağan etməyə başlayıblar.

Qonşu ölkədə atılan addımı müsbət qiymətləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov «Şərq»ə deyib ki, Azərbaycandan başqa bütün ölkələrdə, MDB məkanında plastik paketlər çox nazik, şəffaf, rəngsizdir və pulla satılır: 

«Lakin Azərbaycanda ağır materiallardan hazırlanan, üzərində reklam yazılan torbalardan nə qədər istəsəniz istifadə olunur. Bu da əlbəttə ətraf mühitdə və eləcə də insanların mətbəxində çirklənmə yaranmasına səbəb olur. Biz həmişə iş aparmışıq ki, zənbillərə və yaxud bazar torbalarına keçilsin. Dünyanın az ölkələrində olan "talış zənbilləri” adlandırılan torbalardan bizdə də var. Bundan gözəl ekoloji təmiz bazar zənbili ola bilməz. Çox təəssüf ki, biz hələ də sellofandan imtinaya keçməmişik”.

Azərbaycanda bərk tullantıların ultirizasiyası ilə bağlı xüsusi komissiyanın olduğunu vurğulayan E.Hüseynov qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə «Təmiz Şəhər» bu komissiyanın təşkilatçılarıdır: "Bizim birlik də həmin komissiyanın üzvüdür. Mən dəfələrlə komissiyada bu məsələləri qaldırmışam ki, sellofanlar yığışdırılsın, zənbillər bazara daxil olsun. Amma əməli bir iş görülmür. Düşünürəm ki, əhali məlumatlandırılmalıdır ki, plastik torbalar ziyandır, ondan imtina edilsin”. Bununla yanaşı ekspert deyir ki, son 3 ayda plastik qablardan, sellofandan istifadədə azalma var: "Bəzi marketlərdə plastik torbaların nazikləşməsi, şəffaflaşması baş verib. Lakin bundan tamamilə imtina olunmalıdır. Ən azı MDB-nin təcrübəsindən istifadə edilməlidir».

İlahə