Hakimin oğlunu öldürən gəncə 7 İL HƏBS CƏZASI




Ləğv edilən MTN-in generalı Akif Çovdarovun işinə baxan hakim Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevin öldüyü qəza ilə bağlı təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-a bu barədə vəkil, zərərçəkmiş şəxsin nümayəndəsi Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Rəhim Kərimov 7 il müddətə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə mayın 11-də saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Belə ki, Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi "Mercedes” markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, mayın 12-də orada dünyasını dəyişib. 19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub. O, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğludur. Elbəy Allahverdiyev Gəncə Ağır Cinayətlərin hakimi olub. Ondan sonra Tərtər Hərbi Məhkəməsinə təyinat alıb. Məhz 2016-cı ildə Elbəy Allahverdiyev Bakı Hərbi Məhkəməsinə göndərilib.