Hanı sosial baza?

Radikal dindarları meydanlara itələyənlərin sözü bitib, sabitliyi pozmağa cəhd edirlər



Dünya radikal dindarlıqdan əziyyət çəkdiyi bir zamanda Azərbaycan müxalifəti siyasətə din elementlərinin gətirilməsinə çalışır. "Milli Şura”nın keçirdiyi son mitinqlərdə bunun şahidi olduq. Mitinqlərdə siyasi platforma və siyasi fikirlər səsləndirilmək əvəzinə, dini şüarlar ortaya çıxdı. Siyasilərin fikrincə, bu amil radikal müxalifət və radikal dindarların eyni mərkəzdən idarə olunduğunu göstərir.

Müxalifət qıt sosial bazasını dindarlarla doldurmağa cəhd edir. Ancaq bu faktor ölkəmizin təhlükəsizlik sisteminə ciddi təhdid yaradır. Məsələyə münasibət bildirən millət vəkili Fəzail Ağamalı deyib ki, müxalifətin dindarları siyasətə soxması ilk növbədə Konstitusiyanın tələblərinə ziddir: "Azərbaycanda din siyasətdən ayrıdır. Bu, Konstitusiyada xüsusi maddə ilə təsbit edilib. Sözügedən maddənin pozulması Konstitusiyanın pozulması deməkdir. Deməli, həm də cinayət əməlidir. Digər tərəfdən, radikal dini kəsimin nümayəndələrindən istifadə etmək, əslində, radikal müxalifətin yox olan bazasını bərpa etməyə xidmət göstərir. Müxalifət üçün bu, onların imkanlarından istifadə edib özlərinin çirkin siyasi məqsədlərinə nail olmağa çalışmaqdır. Sentyabr ayının 26-da referendumda ümidvaram ki, xalqımız tərəfindən qəbul ediləcək qərarla bunun qarşısını ala biləcəyik. Beləliklə, Azərbaycanda radikal yönümlü, ədavət toxumu səpən dini, milli ayrı-seçkilik törədən birliklərin yaradılması və fəaliyyəti də Konstitusiyada ediləcək dəyişikliklə qəti şəkildə qadağan ediləcək. Bütün bu dəyişikliklər də ayrı-ayrı qanunlarda öz əksini tapacaq ki, oxşar hərəkətlərin qarşısı alınsın. Yəni, AXCP və "Milli Şura” radikal dini təmayüllü cərəyanlardan, sektalardan istifadə etməklə siyasi məqsədlərinə nail olmağa çalışırlarsa, milli-mənəvi dəyərlərimizə və Konstitusiyanın müddəalarına zidd hərəkət etmiş olurlar. Həmçinin bu, ciddi qanun pozuntusu deməkdir”. Müxalifətin dindar kəsimi siyasi alətinə çevirərək xəyanətkar siyasi ambisiyalarını reallaşdırmağa cəhd etməsi Azərbaycanda fəaliyyət göstərən ilahiyyatçıları və din xadimlərini də narahat etməkdədir. İçərişəhər Cümə məscidinin axundu, tanınmış ilahiyyatçı Hacı Surxay bildirib ki, Azərbaycan bir sabitlik adası kimi digər ölkələrə nümunədir, örnəkdir. Lakin təəssüflər olsun ki, bəzi Azərbaycanı istəməyən daxili və xarici qüvvələr ölkəmizdəki sabitliyi pozmağa cəhdlər edir: "Bu kimi çirkin niyyətli addımları ilə şəhidlərimizin qanları və canları bahasına əldə etdiyi müstəqilliyinə zərbə vurmağa çalışırlar. Əsasən ateistlik üzərində köklənmiş radikal təfəkkürlü müxalifətin indi də dindarları özlərinin siyasi alətinə çevirmək, onlardan öz çirkin siyasi məqsədləri üçün istifadə etmək cəhdləri qətiyyən yolverilməzdir. Əlləri minlərlə soydaşımızın qanına bulaşmış erməni ekstremistlərinin, işğal olunmuş ərazilərimizdə qondarma separatçı rejimin nümayəndəsi Bako Saakyanın oğlu ilə birlikdə Vətəninə qarşı qərəzli dinləmələrdə iştirak edənlərdən, düşmənlərlə əlbir olub, onlarla eyni mövqeni bölüşənlərdən Azərbaycan xalqına nə fayda ola bilər. Belələri, şəhid qanlarını batıranlardır. Bu, haqq mücadiləmiz üçün qanlarını axıtmış şəhid soydaşlarımızın ruhlarının təhqiridir. Qəhrəman şəhidlərimizin ailələrinin heysiyyətinə toxunmaqdır”. İlahiyyatçı deyib ki, imanlı dindarlara müraciət etməyə mənəvi haqqı belə çatmayanların dindar "təəssübkeşliyi” növbəti xain əməldir: "Dindən siyasi alət kimi istifadədən başqa bir şey deyildir. Dini şüarları siyasətlə istifadə edənlərin mənfur niyyətləri puçdur. Dinimiz haqqı-nahaqdan, batildən, doğrunu-əyridən seçməyi vacib buyurur. Gah ateist, lazım olanda dindar, din təəssübü çəkən, əqidə, məslək məsələlərini belə siyasi oyunbazlıq elementinə çevirməkdən utanmayan radikal, müxalif qüvvələrə Azərbaycan xalqı layiqli qiymət verəcək”.

İsmayıl