Dövlət İmtahan Mərkəzi obyektiv imtahan götürür
“Problem imtahanların ikinci mərhələsində, şifahi sorğu mərhələsində yaranır. Çünki bu mərhələdə hər qurum öz korporativ maraqlarından çıxış edir”
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanına müraciətlərin azlığından təəccübləndiyini bildirib. "ASAN Radio”nun "Qəbulda ASAN” verilişinin qonağı olan M.Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarında iştirak edənlərin sayının (1537 nəfər) gözləntiləri doğrultmadığını deyib: "Bu rəqəm gözləntilərdən dəfələrlə aşağıdır. Halbuki 2000-dən çox vakansiya elan olunub. Müraciətlərin azlığı bizdə təəccüb doğurur”.
Yaranmış vəziyyəti şərh edən millət vəkili, Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü Fazil Mustafa "Şərq”ə açıqlamasında müraciətlərin azlığının Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə heç bir bağlılığı olmadığını bildirdi:
- Dövlət İmtahan Mərkəzi ən şəffaf işləyən qurumlardan biridir. Bu qurumun fəaliyyəti standartlara əməl etməsi ilə seçilir. DİM Milli Məclisə daim məlumatlarını göndərir, hesabat təqdim edir. DİM obyektiv imtahan götürür. İmtahanların birinci mərhələsi ilə bağlı heç bir şübhə ola bilməz. Problem imtahanların ikinci mərhələsində, şifahi sorğu mərhələsində yaranır. Çünki bu mərhələdə hər qurum öz korporativ maraqlarından çıxış edir. Dövlət qulluğuna imtahanların birinci mərhələsindən keçən, yüksək bal toplayan şəxslər ikinci mərhələdən keçə bilmir. Vakant yerlər təqdim etmiş qurumlar kimi əvvəlcədən planlaşdırıbsa, onu da işə götürür. İkinci mərhələdə nəzarət mexanizmi olmadığından qurumlar istədikləri kimi hərəkət edir. Ona görə də həqiqi savadlı, bilikli şəxslər kənarda qalır. İşə götürənlərin korporativ maraqlara xidmət etməsi səbəbindən imtahanlara güvənsizlik yaranır. Burada DİM ilə bağlı heç bir məsələ yoxdur.
Millət vəkili hesab edir ki, vəziyyəti düzəltməyin yolu DİM-nə imtahanlarda lazımi nəticəni əldə etmiş şəxsləri birbaşa vakant vəzifələrə yerləşdirməkdən keçir:
- İşçilərin qəbulu qurumların istəyi ilə icra olunmamalıdır. İmtahanlarda müvafiq balı toplayanlar DİM tərəfindən aidiyyəti qurumlara işə göndərilməlidir. Artıq burada işçiyə 2-3 aylıq sınaq müddəti təyin etmək və onun işin öhdəsindən necə gəldiyini müşahidə etmək olar. Belə hesab edirəm ki, dövlət qulluğuna qəbul imtahanlarında ikinci mərhələyə ehtiyac yoxdur. Çünki bu mərhələdə qurumlar şəxsi, korporativ maraqlardan çıxış edirlər. Bu da bir çox həqiqi savadlı insanın kənarda qalmasına və inamsızlığa uğramasına səbəb olur.
Məlahət Rzayeva