Heç kim indidən proqnoz verə bilməz

2019-cu il üçün neftin bir barelinin qiymətinin 40 dollar olacağını söyləmək doğru deyil




"2018-ci ilin dövlət büdcəsində bir barel neftin qiyməti 45 dollardan götürülüb”. Bunu Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Komitə sədri bildirib ki, bu rəqəm daha çox və ya daha az ola bilərdi. Birinci halda hökumət risklərə məruz qala, ikinci halda isə bir sıra mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşə bilərdik. Ziyad Səmədzadə bəyan edib ki, 2018-ci il üçün neftin bir barelinin 45 dollardan götürülməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək.


Neftin bir barelinin 45 dollardan götürülməsinə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Şərq”ə açıqlamasında neft proqnozları ilə bağlı həmişə problem olduğunu deyib. 

Ekspertin sözlərinə görə, sadəcə bir dövlət qurumunun rəyinə əsasən qəti qərar çıxartmaq, dəqiq təhlillər aparmaq yanlışdır: 

"Rusiyada, Qazaxıstanda və başqa ölkələrdə sistem bizdən fərqlidir. Konkret hansısa rəqəmin büdcəyə qoyulması müəyyən problemlər yaradır. Ona görə də hər rüb proqnozlar yenilənir. Əgər hansısa dövr üçün qiymət 50 dollar götürülürsə, ancaq birinci rübün yekunlarına görə neftin qiyməti 48 və ya 52 dollar arasında dəyişirsə, qiymət avtomatik olaraq mövcud şəraitə uyğunlaşır. Dəyişən qiymətə əsasən, büdcənin gəlirlərinin nə qədər artıb-azalması müəyyən edilir. 

Amma bizdə belə praktika yoxdur. Praktikanın olmaması proqnozlarla bağlı xətaların meydana çıxmasına səbəb olur”. İqtisadçı bildirib ki, proqnozların kifayət qədər dolğun olması üçün dövlət qurumları arasında daimi dialoq qurulmalıdır: 

"Sadəcə Komitə sədrinin ağzından çıxan sözlə məsələni bitmiş hesab etmək olmaz. Müvafiq qurumlar 365 gün bununla əlaqədar işləməli və informasiya mübadiləsi aparmalıdır. Lakin görürük ki, bir qurumun verdiyi məlumatla digər strukturun açıqlaması arasında ciddi fərq meydana çıxır. Bu da qurumlar arasında əlaqələrin zəif olmasından irəli gəlir”. 

İ.Şaban 2019-cu il üçün neftin bir barelinin qiymətinin 40 dollar nəzərdə tutulmasına da münasibət bildirib: 

"Cari il üçün proqnozlar heç vaxt özünü doğrultmayıb. Məsələn, bir il bundan öncə Azərbaycan 41 milyon ton neft hasil etmişdi. Bu ilin 10 ayı ərzində isə keçən dəfədən 2.7 milyon ton az neft hasil edilib. 2016-cı ilin proqnozunda bildirilirdi ki, hasilat 1 milyon ton azalacaq. Görürsüz, aradakı fərq nə qədər böyükdür. Əslində 45 dollarla bağlı deputatın söylədikləri səbəblər real izaha əsaslanır. Ancaq 2019-cu il üçün qiymətin 40 dollar olacağını söyləmək doğru deyil. Bunu düz bir ildən sonra müəyyən etmək mümkündür. İndidən heç kim neftin dünya bazarındakı gələcək qiyməti ilə bağlı konkret rəqəm deyə bilməz. Hazırda qiymətlər artır, lakin güman edilir ki, yenidən düşə bilər. Rusiya Mərkəzi Bankının rəhbəri israrla iddia edir ki, neftin qiymətləri 40-a düşəcək. Dünyanın heç bir maliyyə institutu bu cür proqnoz vermir”.

İsmayıl