"Həcc ziyarəti qiymətlərinin qalxması normaldır” - İlahiyyatçı





"Müqəddəs yerlərin ziyarət edilməsində hər hansı komfort xidmətə ehtiyac duyulmur”.

Bunu "Sherg.az”a bu il həcc ziyarətinin qiymətində müşahidə olunan artımla bağlı danışarkən ilahiyyatçı Hacı Atif İsmayılov deyib. 

O bildirib ki, buna rəğmən insanların rahat ziyarətini həyata keçirməsinə, otellərin daha yaxın yerlərdə olmasına görə, qiymətlər dəyişə bilər:

"Bəzi hallarda zəvvarlar daha ucuz olması üçün uzaq otel seçirlər. Ona görə, Allahın evinə piyada gedib, gəlməli olurlar, tıxaclara düşürlər, ibadət yerlərinə vaxtında çata bilmirlər. Bu nöqteyi-nəzərdən qiymətlər fərqli ola bilər.

Əvvəllər Məkkə və Mədinə arasında zəvvarların avtobusla hərəkəti nəzərdə tutulurdu. İndi isə bu çox zaman təyyarə ilə təşkil edilir. İnsanlar 24 saat avtobusla yol getməkdənsə, 3-4 saat təyyarə ilə səyahət etməyi üstün tutur. Bu zaman da qiymətlər dəyişə bilər. Ümumiyyətlə, zəvvarların təhlükəsizliyinə, rahatlığına hesablanıbsa, həcc ziyarəti qiymətlərinin qalxması normaldır”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc missiyasının nümayəndələri ziyarətin qiymətlərinin müəyyənləşdirilməsi, hotellərin təyinatı və digər hazırlıqlarla bağlı Səudiyyə Ərəbistanına yola düşüb. Bildirilir ki, ötən ilkindən fərqli olaraq bu il qiymətlərdə artım gözlənilir. Buna səbəb 5 və 6 ulduzlu hotellərin qiymətlərinin artmasıdır.

Aysel Aslan