“İrad və təkliflərin hər biri ayrı-ayrılıqda araşdırılıb, əsaslı olanlar, işimizin xeyrinə olanlar qəbul edilib”
Dövlət İmtahan Mərkəzi (DİM) ilə Təhsil Nazirliyi arasında bağlanmış müqavilə əsasında DİM yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış X sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsini həyata keçirib. DİM-ə istinadən aldığımız xəbərə görə, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylər (945 vərəq) 25 yanvar 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib.
Təhsil Nazirliyi tərəfindən müsabiqə şərtini ödəmiş X sinif dərslik komplekti layihələri "ictimai müzakirə” üçün http://www.trims.edu.az saytına yerləşdirildikdən sonra nazirliyin rəsmi müraciətinə əsasən, yenidən həmin layihələrin elmi-metodiki monitorinqi aparılıb. Monitorinq zamanı müəyyən edilib ki, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylərdə göstərilmiş qeyd, irad və təkliflərin xeyli hissəsi nəzərə alınıb, lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilib.
Sözügedən, yeni hazırlanmış 10-cu sinif "Azərbaycan tarixi” və "Ümumi tarix” dərsliklərinin müəlliflərindən biri olan Kamran Əsədov DİM-in iradları ilə bağlı "Şərq”ə açıqlama verib.
Hazırda Azərbaycanın özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirdiyini, məzmun və struktur dəyişiklikləri apardığını vurğulayan ekspertin sözlərinə görə, insanın həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması istiqamətində səmərəli fəaliyyət göstərir:
"Azərbaycanın tarixində artıq tələbyönümlü bir təhsil sistemi formalaşır. Cəmiyyətimizin ehtiyac və tələbatlarına uyğun belə bir təhsil sisteminin qurulmasında demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma mühüm pedaqoji prinsiplər kimi nəzərə alınır. Şəxsiyyətin maraq və ehtiyaclarını, arzu və istəklərini əsas götürməklə təhsil alanların mənafeyinə xidmət göstərmək ön plana çəkilir. Beləliklə, təhsilin bütün sahələrində dönməz xarakterə malik, ardıcıl və sistemli işlərə rəvac verilir. O cümlədən kurikulum islahatları elmi əsasda məqsədyönlü, planlı şəkildə aparılır”.
K.Əsədovun dediyinə görə, artıq 9 ildir ki, Azərbaycan məktəbində həyata keçirilən fənn kurikulumları mahiyyət etibarilə cəmiyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasına imkan yaradan, cəmiyyətin tələblərinə cavab verən mühüm təhsil sənədi kimi nəticəyönümlü, şəxsiyyətyönümlü və inteqrativ xarakter daşıyır: "Onların məzmunu şagird fəaliyyətinin ardıcıl olaraq izlənməsinə, nailiyyətlərin müntəzəm şəkildə qiymətləndirilməsinə imkan yaradır, təlim prosesi ilə gözlənilən nəticə arasında əks-əlaqə mexanizminin qurulmasını təmin edir. Bizim müəlliflər komandası tərəfindən ortaya qoyulan kurikulum standartları əsasında yazılmış 10-cu sinif Azərbaycan Tarixi Ümumi Tarix dərsliyinin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırılıb”.
Hələ də dərsliklərin müzakirəsinin həm Təhsil Nazirliyinin internet səhifəsində davam etdiyini, həm də müəlliflər heyətinin nəşriyyatla birlikdə dərslikdə ictimaiyyət və ekspertlər tərəfindən qeyd edilmiş irad və təklifləri dəyərləndirdiyini vurğulayan ekspert deyib ki, aidiyyəti qurumlar tərəfindən onlara təqdim olunmuş rəylərdə göstərilmiş qeyd, irad və təkliflərin hər biri ayrı-ayrılıqda araşdırılıb, əsaslı olanlar, işimizin xeyrinə olanlar qəbul edilib: "Amma hansı iradları ki, qəbul etməmişik, ona elmi cavab verilib. Ola bilməz ki, bir irad belə diqqətdən kənarda qalsın. Amma bəzən bəzi qurumların ekspertləri rəylərdə göstərilmiş qeyd, irad və təkliflərində qərəzli olurlar.
Müəllifi olduğumuz dərslikdə bütün məlumatlar, faktlar son akademik, elmi yeniliklərə, dərslik və kitablara söykənib. Hələ dərslik çap olunmayıb, müzakirə davam edir. Bundan sonra da gələcək iradlar nəzərə alınacaq. Hansı rəylərdə göstərilmiş qeyd, irad və təklifləri biz əlavə etməmişiksə, onun səbəbi yazılmaqla onlara cavab veriləcək və verilib”.
Şəymən